Məhkəmə qərarları › İş №2(008)-8217/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8217/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8217/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən əsassız hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borcun silinməsinə və artıq tutulmuş olan məbləğin hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evi şəxsi istifadəsindədir. O, həmin evdə ailə üzvlərimlə birlikdə yaşayır və mövsümə uyğun olaraq qazdan istifadəyə görə vaxtı vaxtında ödənişlər etmiş və tərəflərindən heç bir zaman qaz sayğacına müdaxilə olunmamışdır. 01.10.2018-ci il tarixində, Qaz İstismar idarəsinin əməkdaşları qaz sayğacını dəyişdirmişlər. Eyni zamanda, sayğacın dəyişdirilməsi ilə bağlı ******* nömrəli akt anası Nağıyeva Sonaxanıma imzalatdırılmışdır. Həmin ilin noyabr ayından başlayaraq qaz kartına olunan ödənişlər zamanı artıq ödənişlərin olduğunu hiss etmiş, lakin ilin sonuna yaxın olduğu üçün bunu limitin aşılması ilə əsaslandırmışdır. Nəhayət, 06 oktyabr 2021 ci ildə Qaz İstismar idarəsinə müraciət edərək ona aid saldo və aktların sürətini almışdır. Məlum oldu ki yuxarıda qeyd olunan sayğac dəyişməsi zamanı köhnə sayğacında dəlik aşkar olunmuşdur. 1202AQ**********1 nömrəli sayğacın çıxarılaraq yerinə 180AZ**********65 nömrəli yeni sayğac quraşdırılıb. Quraşdırma aktından məlum olur ki, sayğac dəyişdirilən zaman köhnə plomb saz vəziyyətdə sayğacın üzərində olmuşdur. 31.10.2018 tarixli ******* nömrəli Azəriqazın aktına əsasən müəyyən olunub ki, onun sayğacındakı dəliyə görə 972 manat dəymiş ziyan hesablanmışdır. Tərtib olunmuş akt ilə razı deyil. Belə ki, sayğacın hansı şəraitdə çıxardıldığı, aşkar olunan dəliklərin hansı vasitə ilə aşkar olunduğu və hesablanmış borcun hansı əsaslarla hesablandığı barədə ona heç bir məlumat verilməyib. Eyni zamanda, qaz sayğacın plombu yoxlamaya qədər tam vəziyyətdə üzərində olmuşdur. Belə olan halda sayğaca müdaxilə şübhəsinin məsuliyyətinin onun üzərinə qoyulması qəbul edilməzdir. O, əsassız hesablanmış borcun silinməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə müraciət etmişdir. Lakin müsbət nəticə əldə etməmişdir. Bütün yuxarıda göstərilənləri əsas götürərək ondan qanunsuz olaraq tələb olunan 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borcun silinməsini, və artıq tutulmuş məbləğin hesabına qaytarılmasını məqsədəmüvafiq hesab edir. 06.12.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən əsassız hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01.10.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, sayğac çıxarılmışdır. Çıxarılma səbəbi kimi “dəliklə bağlı yenisi ilə əvəzetmə” göstərilmişdir İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.10.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Labaratoriyanın 29/1***-*******-6 nömrəli 16.10.2018-ci il tarixli rəyinə əsasən sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. 31.10.2018-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 31.10.2018-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 9720 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - **********00000 saylı abonentin saldosundan görünür ki İddiaçı 2018-ci ilin oktyabr ayı üçün qalık və aktlar üzrə 972 manat məbləğində borc hesablanmışdır. - **********00000 saylı abonentin GASREP məlumatlarında görünür ki İddiaçı 2021-ci ilin sentyabr ayı üçün balansa yüklənmiş məbləğlərdən borca görə tutmalar çıxdıqdan sonra qalıq və aktlar üzrə 948.9 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayxaca keçirilmiş baxış zamanı 1**********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış plastmas borusunun deşildiyi olduğu aşkar edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 9720 kub metr hesablanaraq dəymiş zərər 972 manat olduğu müəyyən edilmişdir. İddiaçı müxtəlif vaxtlarda hesabına yükləmiş olduğu məbləğlərdən borca görə tutmalar çıxmışdır. Məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşildiyi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 31.10.2018-ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 972 (doqquz yüz yetmiş iki)manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 31.10.2018-ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar