Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-822/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 7646,15 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 7643,75 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi üzrə İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, iddia tələbini onunla əsaslandırdı ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvana quraşdırılmış sayğac elektron olduğundan karta pul yükləməklə, təbii qazdan istifadə edir. Lakin kartından tutulmalar aparıldığını görüb bununla bağlı cavabdeh quruma müraciət ünvanlamışdır. Müraciətinə baxılan zaman cavabdeh qurumun əməkdaşları tərəfindən mərhum atası barəsində tərtib edilmiş çoxsaylı aktlar ona təqdim edilmişdir. 2021-2022-ci illərdə tərtib olunmuş həmin çoxsaylı aktlar təbii qaz xəttindən guya özbaşına istifadə və müdaxilə ilə əlaqədardır. Hesab edir ki, həmin aktlar tamamilə əsassızdır. Belə ki, o, heç vaxt nə özbaşına qaz xəttinə qoşulmuş, nə də qaz sayğacına müdaxilə etmişdir. Bununla bağlı heç bir sübut yoxdur. Həmin aktlar tərtib olunarkən onlara məlumat verilməmiş, iştirakları təmin edilməmişdir. Atasının adına formal olaraq tərtib edilmiş aktlara görə, ondan tələbdə göstərilən məbləğdə cərimə tutulması tamamilə qanunsuzdur. 01.2021-ci ildən 09.2022-ci ilədək aktlar üzrə cəmi 7741,44 manat məbləğində cərimə hesablanmış, həmin məbləğdən kartından tutmalar aparıldıqdan sonra tələb olunan məbləğ 7646,15 manat təşkil edir. Cavabdeh nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli müraciətlə bağlı qeyd edir ki, yaşadığı ünvanda Smart sayğacın kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün, yəni məcburiyyətdən 9650,14 manat borcu olduğunu qəbul etməsi barədə müraciəti imzalamışdır. O, qeyd olunanlara əsasən, ilkin iddianın təmin edilərək, hesablanmış borcun silinməsini, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinə etiraz edərək, tələbini onunla əsaslandırdı ki, İddiaçı, eləcə də mərhum atası faktiki yaşadıqları ünvan 1 ünvanında özlərinə məxsus fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarını pozaraq qazdan qanunsuz istifadə etdikləri üçün təmsil etdiyi quruma ümumilikdə 9650,14 manat məbləğində maddi ziyan vurmuşlar. Sonradan atasının vəfat etməsi ilə əlaqədar onun adına qeydiyyata alınmış abonent kodu İddiaçı adına dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə o, 9650,14 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Hazırda onun 7643,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən nümayəndə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarından görünür ki, X3 və İddiaçı ilə Cavabdeh arasında abonentə məxsus ünvan 1 ünvanının təbii qazla təchiz edilməsinə dair müqavilələr bağlanmışdır. İş materiallarında olan X1 adına açılmış abonentin saldosundan (abonent kodu: **********00000) müəyyən olunur ki, ünvan 1 ünvanında 01.2021-ci ildən 09.2022-ci ilədək aktlar üzrə cəmi 7741,44 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına olan xx.xx.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarından aydın olur ki, ilkin iddia üzrə İddiaçı X1 oğludur. İş materiallarına əlavə edilmiş Bakı Regional Qazın Satışı Departamentinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı 9650,14 manat borc məbləği ilə tanış olduğunu, borcu qəbul etdiyini bildirmiş, həmin ünvanda onun yaşadığını nəzərə alaraq, ona məxsus ünvana quraşdırılmış Smart sayğacın kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, abonentə məxsus sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmiş və buna görə 885,6 manat məbləğində dəymiş ziyan məbləği hesablanmışdır. Digər aktlar da eyni qayda ilə tərtib edilmiş və eyni üsulla zərər hesablanmışdır. Digər aktlarla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Məhkəməyə təqdim edilmiş İddiaçı Bakı Regional Qazın Satışı Departamentinin rəisinə ünvanladığını, vətəndaşın yalnız imza etdiyi xx.xx.2022-ci il tarixli ərizəyə münasibətdə məhkəmə hesab edir ki, həmin müraciət vətəndaşın həqiqi iradə ifadəsini əks etdirmir. Belə ki, onun məhkəmə iclasında verdiyi izahatından və ərizənin məzmunundan belə qənaətə gəlmək olar ki, vətəndaş Smart sayğacın kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün forma və məzmunu əvvəlcədən hazır formada tərtib olunmuş həmin ərizəni imzalamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Bu səbəbdən də, məhkəmə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta mötəbər sübut kimi yanaşaraq, hesab edir ki, qarşlıqlı iddia tələbi qismən təmin edilərək, həmin akt əsasında hesablanmış 885,6 manat məbləğində dəymiş ziyan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulmalı, ilkin iddia tələbi də qismən təmin edilərək, 6856,44 manat (7741,44 manat – 885 manat=6856,44 manat) məbləğində borcun silinməsi vəzifəsi ilkin iddia üzrə Cavabdehnə həvalə edilməli, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, ilkin və qarşılqlı iddia tələbləri qismən təmin edildiyindən, qarşılıqlı iddia üzrə Cavabdeh İstehsalt Birliyi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna aktlar üzrə əsassız olaraq hesablanmış 6856,44 (altı min səkkiz yüz əlli altı manat, qırx dörd qəpik) manat məbləğində borcun silinməsi vəzifəsi ilkin iddia üzrə Cavabdehnə həvalə edilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 885,6 (səkkiz yüz səksən beş manat, altmış qəpik) manat məbləğində dəymiş ziyan məbləği tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bank hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-822/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-822/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver