Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8234/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X10, İlk iddia üzrə iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2, İlk iddia üzrə İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehlər Cavabdeh1 və Nəzərəliyeva Təranə Allahverdi qızına qarşı mənzilə köçürülmə barədə ilk iddia tələbinə, İddiaçılar Cavabdeh1 və X1 Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzildən istifadə hüququn itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, ev 9A, mənzil 36 ünvandakı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası X13 1989-cu ildə Qafan rayonundakı evlərini ünvan 1 ünvandakı mənzillə dəyişmiş, ailəliklə köçüb həmin mənzildə yaşamış, oraya qanuni qaydada pasport qeydiyyatına alınmışdılar. İddiaçı1 ailə qurduqdan sonra həyat yoldaşı, iş üzrə digər İddiaçı2 həmin ünvana gəlin köçmüş və onlarla birlikdə yaşayıb ümumi təsərrüfat aparmış, pasport qeydiyyatına alınaraq mərhum atasının ailə üzvlərindən biri olmuşdur. X2 26.12.2020-ci il, atası X13 isə 01.03.2001-ci il tarixdə vəfat etmişdir. İddiaçı özü 2-ci qrup gözdən əlil olmaqla insult keçirmişdir və yataq xəstəsidir. 2021 -ci ilin iyun ayında arvadı səhhətiylə əlaqədar olaraq, onu Xaçmaz rayonuna qohumlarının yanına aparmışdır. 01.09.2021 -ci il tarixdə Bakıya daimi yaşadıqları yuxarıda qeyd olunan ünvandakı evlərinə qayıtdıqda iş üzrə cavabdehlər qardaşı və həyat yoldaşı Cavabdeh2 onu, həyat yoldaşını və oğlu İddiaçı3 yaşadıqları evə buraxmadılar. Hal-hazırda müvəqqəti olaraq, başqalarının himayəsinə sığınmışlar. Qeyd olunan mənzil onların daimi yaşadıqları yerdir və orada daimi pasport qeydiyyatındadılar. Məhkəmə prosesində Cavabdeh2 əslində X4 olması müəyyən edilmişdir. Odur ki, məhkəmə bu halı texniki səhv kimi qəbul edərək onu Nəzərəliyeva kimi proses iştirakçısı hesab etmişdir. Cavabdeh1 və X4 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı qarşılıqlı iddia verərək İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 3 ünvandakı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 2014-cü ildən sözügedən mənzildə yaşamırlar və oradan istifadə etmirlər, onlar mənzildən köçüb getmişlər və Xaçmaz raoynu, Qaracəlli kəndində daimi yaşayırlar. İddiaçı2 adına Xaçmaz rayonu, Qaracəlli kəndində 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən evləri vardır. Bu faktı kənd bələdiyyəsi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınan sənədlərlə təsdiq olunur. Onlar yaşayış yerləri ilə təmin olunmuşlar, daimi yaşayış yerləri vardır, bundan başqa onların Bakı şəhərində ayrıca evləri də vardır. Cavabdehlər uzun illər Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 9 A saylı evin 36 saylı mənzilində yaşamadıqlarından mənzildən istifadə hüquqlarını itirmişlər. Cavabdehlər onları gəlib narahat edirlər, əsassız olaraq dava dalaş edirlər, evdə olan əşyaları sındırırlar, uşaqları söyüb təhqir edirlər, onlarla bir yerdə yaşamaq qeyrir mümkündür. Qonşuların iştirakı ilə aktlar tərtib edilmişdir, aktlarda qeyd edilir ki, Cavabdeh1 anasının yas mərasimini özü təşkil etmiş və yas mərasiminə 6 min pul xərcləmişdir, digər aktda isə cavabdehlərin həmin mənzildə yaşamadıqları, mübahisəli mənzilə gəldikdə isə qonşuların istirahətlərini pozduqlarını, nalayiq hərəkətlərlə təhqir etdikləri qeyd edilmişdir. Mənzilin kommunal xərcləri Cavabdeh1 adınadır və onlar özləri həmin kommunal xərcləri ödəyirlər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmişdir. Anası İddiaçı2 məhkəməyə verdiyi məlumata əsasən, Qurbanov X9 Respublikasında işləyir, hazırda Bakıda olmadığından məhkəməyə gələ bilmir, onların tələbi də, məqsədi də eynidir, işin aparılmasını oğlu anasına tapşırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.2-ci maddəsinə əsasən birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Adıçəkilən müddəada işin aparılmasının tapşırılması etibarnamənin verilməsi ilə şərtləndirimədiyindən, məhkəmə İddiaçı3 prosesdə təmsil edilmiş hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iş üzrə izahat verərək qeyd etdi ki, onun təmsil etdiyi şəxs 1989-cü ildə ailəsi ilə birlikdə Ermənistandan Bakıya gəlmiş, mübahisəli evi dəyişmə orderi əsasında ailəsi ilə birlikdə əldə etmiş, ora qeydiyyata düşmüş, sonradan arvadını oraya gətirmiş, oğlu və arvadı da həmin evdə qeydiyyatdadılar. Onlar yayda Xaçmaz rayonuna istirahətə getmiş, gələndən sonra ilk iddia üzrə cavabdehlər onları həmin evə buraxmamışlar. Hesab edir ki, İddiaçı1 və onun ailəsinin həmin evdə yaşamağa tam hüquqları var və onların iddiaları təmin, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı2 eyni izahat verərək qeyd etdi ki, Cavabdeh1 və X4 daimi münaqişə yaratmış, onların Xaçmaz rayonunda qohumlarının evlərində olmaqlarından istifadə edərək, mənzilin açarını dəyişdirib onları evə buraxmamışlar. Oğlu o, özü üçün gələcəkdə yaxşa şərait yaratmaq məqsədilə Qazaxstanda işləyir. Onlar mütləq mübahisəli evə girib yaşamalıdılar. Məhkəmənin sualını cavablandıraraq, orderdəki «Cavabdeh1» kimi qeyd edilən hazırki ilk iddia üzrə Cavabdeh1dur. Xahiş edir ilk iddia təmin, qarşılıqlı iddia rədd edilsin. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 iş üzrə izahat verərək qeyd etdi ki, o, ailəsi ilə birlikdə bir neçə il Rusiyada yaşayıb, lakin sonradan daimi mübahisəli evdə yaşayıbdır. Orderdə onun adı qeyd edilib. İlk iddia üzrə iddiaçıların oğlu Qurbanov X7 5000 manat əmək haqqı alır, maddi vəziyyəti yaxşıdır, onların bu evə ehtiyacları yoxdur. İlk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh X4 eyni izahat verərək qeyd etdi ki, iki ailə daimi münaqişəli vəziyyətdədilər, hətta dünən o, onlar tərəfindən döyülüb, buna qonşular da şahidlik ediblər. Onlarla bir evdə yaşamaq qeyri-mümkündür. Hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid İddiaçı1 və Cavabdeh1 bacıları X14 ifadə verərək, qeyd etdi ki, orderdə «Cavabdeh1» kimi qeyd edilən hazırki ilk iddia üzrə Cavabdeh1dur. Lakin, bu hal heçnə ifadə etmir, mənzil onların atalarına məxsusdur və həmin mənzil satılıb iki qardaşın arasında pulu bölünməlidir. Məhkəmə iclasında ifadə verən şahid X15 qeyd etdi ki, o, həmin binada mübahisəli mənzildən iki mərtəbə yuxarıda yaşayır. O, özü də Ermənistandan gəlmiş insandır, ermənistanlılar çox mehriban olur və bir birinin bütün məclislərində iştirak edirlər. Onlar yerli olduğundan daimi həmin mənzilə ailəsi ilə birlikdə gedib gəlmişdir. Həmin mənzildə Cavabdeh1 ailəsi ilə birlikdə daimi yaşayırlar. Digər qardaş İddiaçı1 ailəsi ilə birlikdə uzun illərdir ki, Xaçmaz rayonunda yaşayırlar. O, xəstə olduğundan həkimlərə getmək məqsədilə arada gəlib və sonra yenə qayıtmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). İş üzrə tərəflər iki qardaş və onların ailə üzvləridir. ünvan 4 ünvan – Razin qəsəbəsi, Neftçilər küçəsi), ev 9A, mənzil 36 ünvandakı mənzil (sonradan -mübahisəli mənzil) 25.02.1989-cu il tarixli dəyişmə orderi əsasında X11 verilmişdir. X5 ilə bərabər arvadı Hüseynova S.M, qızları Qurbanova C.V., Qurbanova X.V. və oğlu Cavabdeh1 qeyd olunmuşdular. Orderdəki Cavabdeh1 qeyd edilən hazırki ilk iddia üzrə Cavabdeh1dur. Bu halı ilk iddia üzrə İddiaçı2 və onun tərəfindən iştirak edən şahid məhkəmə prosesində təsdiq etmişdilər. İlk iddia üzrə iddiaçılar İddiaçı1, onun arvadı İddiaçı2, onların oğlu İddiaçı3 həmin mənzildə qeydiyyatdadılar. X16 01.03.2001-ci, onun arvadı X6 26.12.2020-ci il tarixdə ölmüşdülər (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 150637 və 150636 №-li ölüm haqqında şəhadətnamələr). Beləliklə, orderdə adları qalan Cavabdeh1 və onun iki bacısıdır. Cavabdeh1 və X4 ər-arvaddılar. İddiaçı2 adına 16.10.2014-cü il tarixli, ********** qeydiyyat, **********39 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Qaracəli kəndində 0,12 ha yaşayış məntəqələri torpaq sahəsi qeydiyyat alınmışdır (DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 16.11.2021-ci il tarixli məktub). Xaçmaz rayonu Əhmədoba Bələdiyyəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli məktuba əsasən həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evi mövcuddur. Mübahisəli evin müxtəlif mənzillərində yaşayan dörd qonşu şəxsiyyət vəsiqələrinin surətlərini əlavə edərək İddiaçı1, İddiaçı2, İddiaçı3 və iş üzrə tərəf olmayan digər şəxslərin həmin ünvanda yaşamamaları, hər hansı bir vaxt göstərilən ünvana gəldikləri zaman qonşuların istirahətlərini pozmaları, nəlayiq hərəkət etmələri barədə akt tərtib etmişdilər. Hazırda ilk iddia üzrə iddiaçılar mübahisəli mənzilə köçmək, qarşılıqlı iddia üzrə iddiaçılar isə onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd edildiyi kimi, mübahisəli mənzilə dair verilmiş dəyişmə orderində Cavabdeh1 və onun iki bacısının adı qeyd olunub. İki bacının həmin mənzildə yaşamamaları, evlənib başqa evlərdə yaşamaları işin mübahisəsiz halıdır. Beləliklə, Cavabdeh1 mənzilin mülkiyyətçisi ola bilən üç şəxsdən biri və həmin üç şəxsin içində faktiki yaşayan tək şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilin qanuni sahibidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, qanunvericiliyə əsasən qardaş, qardaşın arvadı və oğlu mülkiyyətçinin ailə üzvlərinin siyahısına daxil edilməmişdir. Bundan başqa, İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisəli mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq həmin mənzildə yaşamırlar. Bu əsasdan məhkəmə hesab edir ki, onların istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qanunverici ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçisinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirilmişdir. Yəni, mənzildən istifadə hüququ qeyd olunan normaya əsasən yaransa belə, sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüququn özü də itrilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzil varsa onun mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhz bü səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulmamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Qeyd edildiyi kimi, qarşılıqlı iddia üzrə cavabdehlərin Xaçmaz rayonunda dövlət qeydiyyatına alınmış torpaq sahələri və həmin torpaq sahəsində qeydiyyata alınmamış evləri mövcuddur. Bundan başqa, tərəflərin izahatlarından və şahid ifadələrindən məhkəmə müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçıların əsil niyyəti mübahisəli mənzilə köçüb yaşamaq deyil, həmin mənzilin stalıması və pulun bölünməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia təmin eldilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 3 ünvandakı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-8234/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8234/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver