Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-83/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı1, onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, İddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri Sabunçu qəsəbəsi S.Hüseyn küçəsi 16 saylı evin 13A saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onun əsaslandırılmışdır ki, İddiaçı1 Bakı şəhəri Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində yerləşən 16 saylı evin 13A saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh iddiaçının qızıdır. Cavabdeh 2010-cu ildə Livan Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan qeydiyyatda olduğu ünvanı tərk etmişdir. Cavabdeh tez-tez ölkə hüdudlarından kənara gedir, onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır və o, sərbəst şəkildə mənzilinə dair sərəncam verə bilmir. Məhkəmənin 26.08.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və işə yenidən baxılmağa başlanılmışdır. Məhkəmə X5 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, cavabdeh onun mənzilinə qeydiyyata formal olaraq düşmüş, o, heç bir zaman həmin mənzildə yaşamamışdır. 2010-cu ildə Livana getmək üçün vizanın alınmasına çətinliklər yaranmış, bu səbəbdən o, anasından onu formal olaraq onun mənzilinə qeydiyyat saldırmağı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək qeyd etdi ki, cavabdeh 2010-cu ildə Livan Respublikasının vətəndaşı ilə evlənib. Azərbaycanı tərk etmiş olsa da, sonradan iki uşağı ilə Bakıya qayıtmışdır. Bu yaxınlarda ona yaşayış yeri barədə aryış lazım olmuşdur, bu səbəbdən ASAN xidmətinə getdikdə onun artıq qeydiyyatının olmadığını öyrənmişdir. Cavabdehin yaşayış yeri yoxdur, o, kirayədə yaşayır. Hesab edir ki, onun istifadə hüququna kompensasiya verilmədən xitam verilə bilməz. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında qeyd etdi ki, İddiaçı1 ilə qonşuluqda yaşayr. Anası ilə iddiaçı 30 ildir rəfiqədirlər. Cavabdeh isə həmin mənzildə heç bir zaman yaşamamışdır. İddiaçı evi satmaq istədiyini bildirmiş və o, həmin mənzili iddiaçıdan almışdır. Münasibətləri yaxşı olduğundan və hazırda həmin mənzilə ehtiyacı olmadığından iddiaçıya həmin mənzildə yaşamasına icazə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 22,9 kv.m olan 13A saylı mənzil İddiaçı1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 07.08.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh 03 avqust 2010-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır, lakin yaşamır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İbrahim Wehbi arasında 10 sentyabr 2010-cu il tarixdə nikah bağlanmışdır. Qiyabi qətnamə qüvvəyə minəndən sonra iddiaçı mübahisəli evi üçüncü şəxs X1, ev hazırdan üçüncü şəxsin mülkiyyətindədir (28.02.2020-ci il tarixli ********** daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır). Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı1 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Muxtar S.Hüseyn küçəsi 16 saylı evin 13A saylı mənzilinin tam hüquqlu mülkiyyətçisidir, Cavabdeh isə həmin mənzildə heç bir zaman yaşamamış, orada formal olaraq qeydiyyatda qalmışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh hətta Livandan qayıtdıqdan sonra da, həmin evdə yaşamamış, qeydiyyatdan çıxması barədə də təsadüfən öyrənmişdir. Cavabdehin həmin evə 2010-cu ildə viza üçün qeydiyyatda düşməsi inandırıcıdır, çünki, cavabdeh məhz 2010-cu ildə Livana getmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində yerləşən 16 saylı evin 13A saylı mənzili ilə bağlı hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq olunmalı və qətnamə qeyd olunan mübahisəli mənzillə bağlı iddia tələbinə dair hissədə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qanunun mənasından göründüyü kimi, ailə üzvünün yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi mümkündür. Beləliklə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində yerləşən 16 saylı evin 13A saylı mənzilinə könüllü olaraq formal qeydiyaata düşmüşdür, mübahisəli mənzildə daimi əsaslarla yaşamaması bu mənzilə olan ehtiyacını aradan qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində yerləşən 16 saylı evin 13A saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.Hüseyn küçəsində yerləşən 16 saylı evin 13A saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-83/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-83/2022
03.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver