Məhkəmə qərarları › İş №2(008)-84/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-84/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-84/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1-ci mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin naturada ayrılmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1-ci mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin təcrid olunmuş şəkildə mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 36 saylı evin 1-ci mənzili xx.xx.2001-ci ildə vəfat etmiş məhrum anası X2 mülkiyyətində olmuşdur. Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən xx.xx.2008-ci ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin ünvanda yerləşən evin 1-ci mənzilinin ½ hissə payı Cavabdeh, ½ hissə payı isə ona verilmişdir, həmçinin o həmin mənzildə pasport qeydiyyatındadır. O, mülkiyyətində olan ½ hissədə mənzilə faktiki sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək üçün cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh onu həmin evə buraxmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 36 saylı evin 1-ci mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin naturada ayrılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan 09 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş X1 vərəsələri bunlardır: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1 saylı mənzilində yaşayan qızı – Cavabdeh - 1/2 hissə və İddiaçı 1/2 hissə. Miras əmlaka verilən şəhadətnamə - Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ənzildə yerləşən iki otaqlı, ümumi sahəsi – 29 kv.m olan özəlləşdirilən mənzildən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 nömrəli, 1 mərtəbəi binanın, 1-ci mərtəbəsində, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzilə ayrı-ayrılıqda ½ hissədə payları xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ənzil ünvanda xx.xx.2015-ci il tarixdən qeydiyyatdadır. Həmçinin Cavabdeh da həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/1830 saylı, 29 oktyabr 2020-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1 saylı mənzilinin mülkiyyətçilərinin ½ paylarına uyğun naturada təcrid mənzillər şəklində İnşaat Norma və Qaydalarına və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi, ayrılması texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 048 №-li, 06 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 0.02954 ha torpaq sahəsi və üzərində tikilmiş 36 saylı fərdi yaşayış evinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 77000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/6329 saylı, 02 iyun 2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55500 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/1830 saylı, 29 oktyabr 2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1 saylı mənzilinin mülkiyyətçilərinin ½ paylarına uyğun naturada təcrid mənzillər şəklində İnşaat Norma və Qaydalarına və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi, ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, iddiaçının iddia tələbi əsassızdır. Həmçinin məhkəmə proses iştirakçıları ilə birlikdə mübahisəli mənzilə baxış keçirərkən müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən ünvanda dəmir darvazadan həyətə daxil olduqdan sonra köhnədən tikilmiş ev vardır. Evin əsas girişinə dörd pilləkən ilə qalxılır. Evə girişdən sonra zal yerləşir, zalın solunda 1 yataq otağı və mətbəx, mətbəxin solunda isə sanitar qovşağı yerləşir. Daha sonra yerli baxış zamanı evə bitişik, evin aşağı hissəsində ayrıca qapısı və pəncərələri olan, hündürlüyü təxminən 2 metr və ya 2 metr 20 santimetr olan zirzəmi yerləşir. Zirzəmi şəraitsiz, təmirsizdir, əlavə əşyalar yığılmışdır. Zirzəmidən sonra isə evə bitişik, evin aşağısında 1 ədəd sanitar qovşağı yerləşir. Yerli baxış nəticəsində də məhkəmə müəyyən etmişdir ki, mübahisəli evin naturada bölgüsü qeyri-mümkündür. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin 150 (100+50) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1-ci mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin təcrid olunmuş şəkildə mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ekspertiza xərci 150 (yüz əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar