Məhkəmə qərarları › İş №2(008)-8541/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8541/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8541/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 30.10.2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab edilərək, həmin aktdan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək, dəymiş zərər kimi müəyyən olunan 486 manat pulun iddaçıdan tutulmasına son qoyulması və həmin borcun silinməsi, qeyd olunan borca görə qaz kartına yüklənən tutulmaların hesablanmaqla, cavabdehdən alınaraq, iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 adlanan ərazidə yerləşən fərdi yaşayış evində daimi olaraq yaşayır. 2019-cu ilin ortalarında müəyyən etmişdir ki, evdə olmadığı vaxt həmin evin qaz sayğacı dəyişdirilmişdir. Qaz kartına pul yükləyərək, təbii qazdan istifadə etməyə davam etmiş, lakin sonradan müəyyən etmişdir ki, qaz kartına pul yükləyən zaman həmin məbləğdən tutmalar aparılır. Bunun səbəbini aydınlaşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət etdikdə, orada ona sənədlər təqdim edilmiş, həmin sənədlər əsasında müəyyən etmişdir ki, Cavabdeh əməkdaşları köhnə qaz sayğacını yenisi ilə əvəz etdikdən sonra sayğacı laboratoriyaya göndərmiş, “qaz sayğacının yoxlanılması barədə” 20.09.2019-cu il tarixli, MSK-29/1710-02033 saylı aktda isə 1002AQ**********0 saylı qaz sayğacının klapanının işlək olmaması, yivli birləşmələrin karroziyaya uğraması və çıxış plastmas borusunun deşilməsi səbəbindən yararsız olması qeyd olunmuşdur. Bundan sonra Cavabdeh 30.10.2019-cu il tarixli, ******* saylı aktı ilə 1002AQ**********0 saylı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi səbəbindən 486 manat dəymiş ziyan hesablanmışdır. Lakin 1002AQ**********0 saylı sayğacda baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi nəticəsində baş verməmiş və həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Sayğacın çıxış plastmas borusunu deşə bilməz və deşməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.6-cı maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” Cavabdeh ilə “istehlakçı” İddiaçı arasında 25.06.2019-cu il tarixdə bağlanmış AKX-0104221/06-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Həmin ünvana **********00190 saylı abonent kodu verilməklə, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, **********5 saylı qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019cu il tarixli, ******* saylı aktının surətindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “qaz sayğacının yoxlanılması barədə” 20.09.2019-cu il tarixli, MSK-29/1710-02033 saylı aktının surətindən görünür ki, 1002AQ**********0 saylı qaz sayğacının klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması və çıxış plastmas borusunun deşilməsi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan abonent kodu **********1000 olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 ünvanında 2020-ci ilin dekabr ayında 486 manat borcun yarandığı, smart qaz sayğacının kartına yüklənmiş məbləğdən 4 manatın borca tutulduğu müəyyən olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə (bundan sonra – Qaydalar) müvafiq olaraq, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməli, əsassız olaraq, heç bir xəbərdarlıq edilmədən iddiaçının smart kartından tutulmuş pul vəsaiti bərpa olunmalıdır. Bundan başqa, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 adlanan ərazidə yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından, iddia təmin edilərək, iddiaçıya 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 486 manat məbləğində borc silinməli, tutulmuş pul vəsaiti abonentin smart qaz kartına bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 121, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.10.2019-cu il tarixli, ******* saylı akt etibarsız hesab edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 ərazisində yerləşən fərdi yaşayış evi (abonent kodu: 1**********00190) üzrə 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə məbləği silinsin. Borc hesablandığı gündən etibarən 12/2021-ci il tarixədək aparılan ödənişlərdən borca görə tutulmuş pul vəsaiti İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 ərazisində yerləşən fərdi yaşayış evində quraşdırılmış smart qaz sayğacının kartına geri qaytarılsın. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar