Məhkəmə qərarları › İş №2(008)-8565/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8565/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8565/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5055,20 manat maddi zərər, ödənilmiş 70,56 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, cəmi 5425,76 manat məbləğində pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 06.03.2020-ci il tarixində 04/87 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X5 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində “Zenger G 4 T” markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində araşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş:

1. 04.11.2016-cı il tarixli ******* saylı akt əsasında 177,60 manat;

2. 26.12.2016-cı il tarixli ******* saylı akt əsasında 224,60 manat;

3. 24.01.2017-ci il tarixli ******* saylı akt əsasında 167 manat;

4. 06.02.2017-ci il tarixli ******* saylı akt əsasında 75 manat;

5. 31.03.2017-ci il tarixli ******* saylı akt əsasında 305,40 manat;

6. 22.06.2017-ci il tarixli ******* saylı akt əsasında 247,60 manat;

7. 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 974,40 manat;

8. 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 164,20 manat;

9. 24.04.2018-ci il tarixli ******* saylı akt əsasında 155,60 manat;

10. 30.03.2018-ci il tarixli 58/1651 saylı akt əsasında 66,60 manat;

11. 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 32,40 manat;

12. 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 763,20 manat;

13. 06.03.2020-ci il tarixli ******* saylı akt əsasında 37,40 manat olmaqla, cəmi 3390,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq İddiaçınə 1664,80 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli borc məbləği hazırda ümumi olaraq 5055,20 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 06.03.2020-ci il tarixli, 04-87 saylı müqaviləyə əsasən, sonuncunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış ünvan 2 ünvanına dair AGİS üzrə abonentin saldosundan (29.06.2021-ci il tarixli) müəyyən olunur ki, abonentə ümumilikdə 5055.20 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 3390,40 manatı aktlar üzrə, 1664,80 manatı isə təbii qazdan faktiki istifadə edilməsi, lakin dəyərinin ödənilməməsi ilə əlaqədar yaranmışdır. Həmçinin müəyyən olunur ki, təbii qazdan faktiki istifadə edilməsi, lakin dəyərinin ödənilməməsi ilə əlaqədar yaranmış borcun 757.70 manat hissəsi 2013-cü ildən əvvəlki dövrə aiddir. İş materiallarında olan Cavabdeh adına açılmış ünvan 2 ünvanına dair Smart sayğaclı abonentin GASREP saldosundan (29.06.2021-ci il tarixli) abonentin 2018-ci il üzrə 3562.30 manat borcu yarandığı müəyyən olunur. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00000 olan Cavabdeh ünvan 2 ünvanına 04.11.2016-cı il, 26.12.2016-cı il, 24.01.2017-ci il, 06.02.2017-ci il, 31.03.2017-ci il, 22.06.2017-ci il, 19.01.2018-ci il, 27.02.2018-ci il, 24.04.2018-ci il, 30.03.2018-ci il, 31.05.2018-ci il, 28.02.2018-ci il, 06.03.2020-ci il tarixlərdə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* saylı (177.60 manat), ******* saylı (224.60 manat), ******* saylı (167 manat), ******* saylı (75 manat), ******* saylı (305.40 manat), ******* saylı (247.60 manat), ******* saylı (974.40 manat), ******* saylı (164.20 manat), ******* saylı (155.60 manat), 58/1651 saylı (66.60 manat), ******* saylı (32.40 manat), ******* saylı (763.20 manat), ******* saylı (37.40 manat) aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər kimi ümumilikdə 3390,40 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, ilk dəfə 04.11.2016-cı il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda, həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən, müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilibedilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qazdan qanunsuz istifadə ilə əlaqədar müvafiq hüquqmühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə-hansı səbəblərə görə edilməməsi, edilmişdirsə-həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman İddiaçı müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Bu səbəbdən də, məhkəmə 04.11.2016-cı il tarixli ******* saylı aktı mötəbər sübut kimi nəzərə alaraq, hesab edir ki, həmin akt üzrə hesablanmış 177.60 manat dəymiş ziyanın, eləcə də, 2016-cı ildən hazırkı vaxtadək sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 907.10 (1664.80-757.70=907.10) manat borcun tutulması hissələrində iddia sübuta yetmiş hesab edilməlidir. Əvvəlki illərdə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borcun tutulması hissəsinə münasibətdə məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2, 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş ziyan qismində 177.60 manat, həmçinin sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 907.10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddianın qismən təmin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmət göstərilməsi üçün ödədiyi xidmət haqqından 150 manat və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumundan 35.5 manat cavabdehə aid edilməli, ödənilmiş xidmət haqqının və dövlət rüsumunun qalan hissəsi isə, iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 04.11.2016-cı il tarixli ******* saylı akt əsasında müəyyən edilmiş 177.60 (yüz yetmiş yeddi manat altmış qəpik) manat dəymiş ziyan, 907.10 (doqquz yüz yeddi manat on qəpik) manat borc, hüquqi xidmət göstərilməsi üçün 150 (yüz əlli) manat və dövlət rüsumu üçün 35.50 (otuz beş manat əlli qəpik) manat olmaqla, cəmi 1270.20 (min iki yüz yetmiş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar