Məhkəmə qərarları › İş №2(008)-8586/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8586/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8586/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı İB) Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 3801.37 manat məbləğində zərər, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və ödənilmiş 58.02 manat dövlət rüsumu olmaqla, cəmi 4189.39 manat məbləğində pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı Azərbaycan X4 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 26.02.2020-ci il tarixli, D4627 saylı “Qaz paylacısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: 15.02.2019-cu il tarixli ******* saylı akt əsasında 810 manat, 21.04.2019-cu il tarixli ******* saylı akt əsasında 292.50 manat, 24.12.2019-cu il tarixli ******* saylı akt əsasında 540 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 504 manat olmaqla, cəmi 2146.50 manat maddi zərər dəydiyi müəyyən olunmuşdur. Bununla yanaşı, cavabdehin 02.2020- 02.2021-ci il tarixlərdə istifadə olunmuş təbii qazın həcminə görə 1288.90 manat borcu, yeni tarifə keçidlə bağlı 05.2020-ci ildə 65.60 manat, 02.2021-ci ildə 46.20 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, 05.2020-ci il tarixdə cavabdehin mexaniki sayğac üzrə 264.77 manat məbləğində qalıq borcu smart sayğaca keçirilərək ümumi borc məbləğinin üzərinə gəlinmişdir. Cavabdehin 04.2020-ci il tarixdə 10.50 manat həyata keçirdiyi ödəniş ümumi borcun məbləğindən çıxılmaqla, İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 3801.37 manat təşkil edir. Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM) 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan 26.02.2020-ci il tarixli, D4627 saylı “Qaz paylacısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, Cavabdeh təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB ilə müqavilə bağlamışdır. İş materiallarında olan **********00000 saylı abonentin (Cavabdeh) AGİS üzrə saldosundan görünür ki, abonentin fərdi yaşayış evinə - ünvan 2 ünvanında sayğac quraşdırılmışdır. Abonent saldosunda təbii qazdan istifadə edilməsi ilə bağlı yaranmış borcun 3801.37 manat olması müəyyən edilir. Həmin borcun 2146.50 manatı aktlar üzrə, 1288.90 manatı təbii qazdan faktiki istifadə edilməsi, lakin dəyərinin ödənilməməsi, 264.77 manatı isə, mexaniki sayğac üzrə qalıq borcu smart sayğaca keçirilərək ümumi borc məbləğinin üzərinə gəlinməsi ilə əlaqədar yaranmışdır. Cavabdehin 04.2020-ci il tarixdə 10.50 manat həyata keçirdiyi ödəniş ümumi borcun məbləğindən çıxılmışdır. İş materiallarında olan Cavabdeh adına açılmış ünvan 2 ünvanına dair Smart sayğaclı abonentin GASREP saldosundan (30.07.2020-ci il tarixli) abonentin 2018-ci il üzrə ödəniş etmədiyi, smart karta 2019-cu ilin noyabr ayında 5 manat, 2020-ci ilin aprel ayında 10.50 manat pul yüklədiyi müəyyən olunur. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00000 olan Cavabdeh ünvan 2 ünvanına 15.02.2019-cu il, 21.04.2019-cu il, 24.12.2019-cu il və 28.02.2020-ci il tarixlərdə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* saylı (810 manat), ******* saylı (292.50 manat), ******* saylı (540 manat), ******* saylı (504 manat) aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər kimi ümumilikdə 2146.50 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, ilk dəfə 15.02.2019-cu il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda, həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən, müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilibedilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qazdan qanunsuz istifadə ilə əlaqədar müvafiq hüquqmühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə-hansı səbəblərə görə edilməməsi, edilmişdirsə-həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman İddiaçı müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Bu səbəbdən də, məhkəmə sonuncu tərtib olunmuş 28.02.2020-ci il tarixli ******* saylı aktı mötəbər sübut kimi nəzərə alaraq, hesab edir ki, həmin akt üzrə hesablanmış 504 manat dəymiş ziyanın, eləcə də, sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 1288.90 manat borcun və mexaniki sayğac üzrə qalıq borcun smart sayğaca keçirilərək ümumi borc məbləğinin üzərinə gəlinməsi ilə əlaqədar yaranmış 264.77 manat borcun tutulması hissələrində iddia sübuta yetmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddianın qismən təmin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmət göstərilməsi üçün ödədiyi xidmət haqqının 150 manat və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumunun 29 manat hissəsi cavabdehə aid edilməli, ödənilmiş xidmət haqqının və dövlət rüsumunun qalan hissəsi isə, iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında müəyyən edilmiş 504 (beş yüz dörd) manat dəymiş ziyan, 1553.67 (min beş yüz əlli üç manat altmış yeddi qəpik) manat borc, hüquqi xidmət göstərilməsi üçün 150 (yüz əlli) manat və dövlət rüsumu üçün 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 2236.67 (iki min iki yüz otuz altı manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar