Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-866/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu **********30040 olan elektrik enerjisinə görə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx"ASC) tərəfindən əsassız olaraq hesablanmış 848,16 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun adına həmin ünvanda **********30040 nömrəli abonent kodu və sayğac olmasına baxmayaraq, həmin sayğac işləmir. Hazırda yaşadığı ünvanda babasının adına olan sayğacdan istifadə etməklə elektrik enerjisinin dəyərini ödəyir. Sayğac işləmədiyi halda, xx.xx.2008-ci ildə 583,2 manat, xx.xx.2009-cu ildə 100 manat, xx.xx.2009-cu ildə 86,76 manat və 77,76 manat olmaqla, cəmi 848,16 manat məbləğində borc yazılmışdır. Hesab edir ki, həmin borc məbləğləri əsassız hesablandığından silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının yaşadığı evdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilərək müəyyən edilmişdir ki, iddiaçı elektrik enerjisindən sayğacsız istifadə edir. Qeyd olunanlara əsasən, nümayəndə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********30040 olan İddiaçı adına olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2008-ci il tarixli akt əsasında 583,2 manat, xx.xx.2009-cu il tarixli akt əsasında 100,44 manat, xx.xx.2009-cu il tarixli aktlar əsasında 86,76 manat və 77,76 manat olmaqla, cəmi 848,16 manat "xxxx" ASC-yə dəymiş ziyan məbləği hesablanmışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş yuxarıda göstərilən aktlar əsassız olduğundan, o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları nın 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludurlar. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşıma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektrik sayğacının, üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 848,16 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2008-2009-cu illər ərzində yaranmış borc üzrə tələbetmə hüququ öz qüvvəsini itirdiyindən, eyni zamanda, həmin aktlar üzrə cərimə əsassız hesablandığından, abonent göstərilən aktlar üzrə hesablanmış cərimə məbləğlərini ödəməkdən imtina etməklə, hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatdək olduğundan, 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus **********30040 abonent kodu üzrə hesablanmış 848,16 (səkkiz yüz qırx səkkiz manat, on altı qəpik) manat məbləğində cərimənin silinməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-866/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-866/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver