Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-874/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və tətbiq edilən qeyriqanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan pulun tutulmasına son qoyulması və 864 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 onun nənəsidir. O, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, XX Qurultay küçəsi, ev 3A nənəsinə məxsus olmuş, nənəsi də həmin evi ona bağışlamış və hal-hazırda həmin həyətdə o yaşayır. Bir neçə ay əvvəl qaz pulu ödəyən zaman müəyyən etmişdir ki, onun hesabında 864 manat borc məbləği yazılıb. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş 22 oktyabr 2021-ci il tarixli ziyanın bərpasına dair tələbnamədən və həmin tarixli, ******* saylı aktın surətindən ona aydın oldu ki, qeyd edilən tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş və dəymiş ziyan məbləği 864 manat müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 22 oktyabr 2021-ci il tarixli, ******* saylı aktla razı deyil. Çünki o heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yanlışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Hesab edir ki, həmin akt ləğv edilməli və borc məbləğləri qanunsuz yazıldığına görə silinməlidir. Sayğacdan kənar qazdan istifadə etmədiyi halda dəymiş ziyan məbləğinin onun hesabına yazılmasını qanunsuz hesab edir. Göründüyü kimi əgər Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Bundan başqa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, istehlakçı bu qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin həmin müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları" - na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Bundan başqa, hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilində olan qaz sayğacı üzrə Cavabdeh 22 oktyabr 2021 -ci il tarixli, ******* saylı saylı aktı əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki-prosessual qanunla, habelə icra haqqında qanunvericiliklə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksiyasının tətbiq edilməsi yolverilməz sayılmalı, Cavabdeh qanuna zidd hərəkətlərinə son qoymalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, qazpaylayıcı olan cavabdeh ilə müqavilə X6 arasında bağlanmış olsada, Vəliyeva Ədilə aktın tərtib edildiyi vaxtdan əvvəl xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda həmin ünvanda o və onun ailəsi yaşayır. Lakin onlar heş zaman kənar xətdən istifadə etmədiyindən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini xahiş edərək bildirdi ki, iddia tələbi əsassızdır, belə ki iddiaçıya iddia tələbində qeyd edilən aktla bağlı borc qazdan qeyri-qanuni xətt ilə istifadə etdiyi üçün yazılmış, bu aktla da sübuta yetirilmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəməfən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. - **********10000 nömrəli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında 2021-ci ilin oktyabr ayında qalıq və aktlar üzrə 864 manat məbləğində borc hesablanmışdır. - Təbi qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonentin təbii qazdan qeyri-qanuni istifadəsi t aşkarlanmışdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacdan kənar qeyriqanuni qaz xətt ləğv edilmiş və 4x24x90=8640 m3 qaz itirilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsinin Azİİ 188187 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın ləğvi və akt əsasında 864 manat məbləğində əsassız borcun hesab kodundan silinməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, qeyd edilən akt təbii qazdan qeyri-qanuni xətt əsasında yazılmış olduğundan, iddiaçı ilk növbədə sübut etməlidir ki, o qaz xəttinə qeyri qanunu qoşulmamışdır. Lakin iddiaçı bu halı sübut edə bilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğv edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-874/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-874/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver