Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-892/2024 06.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “dəymiş ziyan məbləğinin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “dəymiş ziyan məbləğinin silinməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarxli ******* nömrəli aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan ümumilikdə 2255,04 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ŞeyxTuti küçəsi, ev 7A ona məxsusdur. O 2023-cü ilin iyun ayında həyət qapısına yaxın məsafədən keçən qaz borusunun dirəyinin üst hissəsindən yüksək təzyiqli qaz sızıntısı olduğunu müəyyən etmiş, dərhal bu barədə Cavabdehnə məlumat vermişdir. Cavabdeh əməkdaşları həmin yerə gələrək, qaz borusuna baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, qaz borusunu saxlayan dirəyin içi ilə çəkilmiş sayğacdan kənar qaz xətti mövcuddur və baş verən sızıntı da həmin xəttin birləşməsindəndir. Həmçinin Cavabdeh əməkdaşları onu da müəyyən etmişlər ki, sayğacdan kənar qaz xətti onun tərəfindən çəkilməmiş və həmin xəttin onun evində istifdə olunan qaza heç bir aidiyyatı yoxdur. Bu hadisədən 5 ay keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları heç bir sübut, əsas olmadan sayğacdan kənar qazdan istifadə etməkdə onu təqsirli bilərək, barəsində aktlar tərtib etmişlər. Belə ki, 30 iyun 2023-cü il tarixli ziyanın bərpasına dair tələbnamədən və ******* nömrəli aktın surətindən, eləcə də xx.xx.2023-cü il tarxli ziyanın bərpasına dair tələbnamədən və ******* nömrəli aktın surətindən müəyyən olmuşdur ki, qeyd edilən tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildiyinə görə aktlar tərtib edilərək, 17280 kubmetr və 1512 kubmetr qaz itkisi müəyyən edilmişdir. İddiaçı qeyd edilən aktlarla razı deyil, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, aktlar tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00001 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 2255,04 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. Dəymiş ziyan 17280 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x120=17280 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edir. Dəymiş ziyan 1512 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün,QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçünhesabat aparılmış və 1.2x12x30=432 m3 3x12x30=1080 m3 hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı 93 manat ödəniş etmiş, abonent saldosundan da aydın görünür ki, 2023-cü ilin iyun ayından əvvəlki aylarda da iddiaçı hər ay istifadə etdiyi qaza görə ödəniş etmişdir. Həmçinin qaz xətdindən axıntı olması barədə Cavabdeh İB-nə məlumatı verən İddiaçı özü olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən **********00001 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 2255,04 (iki min iki yüz əlli beş manat, dörd qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********00001 olan İddiaçı xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış 2255,04 (iki min iki yüz əlli beş manat, dörd qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-892/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-892/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver