Məhkəmə qərarları › İş №2(008)-8931/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8931/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8931/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Tibbi-sosial Ekspert Komissiyasının çoxsaylı qərarlarından verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Tibbi-sosial Ekspert Komissiyasının 02.11.2021-ci il tarixli qərarının ləğv edilməsi və yeni tərkibdə Tibbi-sosial Ekspert Komissiyası tərəfindən onun öz işində qalmaqla İİ qrup birdəfəlik Əlillik statusunun bərpa edilməsinin təmin edilməsi, 2021-ci il iyun ayından başlayaraq hazırkı vaxtadək Əlillərin Tibbi-sosial Ekspert Komissiyası tərəfindən ödənilməyən əlillik təqaüdünün və ya dəymiş maddi zərərin ona ödənilməsi, metropolitendə baş vermiş kütləvi faciəvi qəza zamanı insanları xilas edərkən ağır bədən xəsarətləri alaraq əlil olmasına dair onun tərəfindən imzalanmış mövcud hüquqi aktın ona verilməsi üçün Səbail Rayon Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırılması, yeni tərkibdə Tibbi-sosial Ekspert Komissiyası tərəfindən onu ümumi əlillik statusu ilə deyil, qəza nəticəsində əlil olması statusu ilə qeyd etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2, 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının və cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Müəyyən olunur ki, məhkəməyə gönədərilmiş müraciətin forması “iddia ərizəsi” formasında deyil, “şikayət ərizəsi” formasında tərtib olunmuşdur. Həmin ərizədə iddiaçı və cavabdeh tərəf göstərilməmiş, İddiaçı olması qəbul edilsə belə, cavabdeh barədə heç bir məlumat qeyd olunmamışdır. Bundan başqa, mübahisənin predmetinin inzibati xarakterli olduğu nəzərə alınarsa, hazırkı mübahisəyə ümumi məhkəmələr tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı ərizə İddiaçı geri qaytarılmalı, ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ona ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Tibbi-sosial Ekspert Komissiyasının qərarlarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra o, ümumi qaydada aidiyyəti məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar