Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-907/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi (bacısı) X1 iştirakları ilə, İddiaçının cavabdeh X4 qarşı mənzildən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi, döngə 3, ev 9A-a istifadə hüququnun tanınması və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2003-cü ildə nikaha daxil olmuşlar. 2005-ci ildə Aysel adlı uşaqları doğulmuşdur. Nikaha daxil olduqdan sonra cavabdeh iddiaçının ata evinə Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 32-yə gəlin gəlmiş və orada yaşamağa başlamışdılar. Sonradan həmin evi satıb başqa ev almışdılar. Həmin ev idə satıb hazırki evi almışdılar. Sonradan cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət etmiş, alimentlə əvəzləşdirərək tikdiyi evdən payın istəməməsini xahiş etmiş, o, da razılaşmışdır. Qətnamədən sonra savabdeh ondan evdən qeydiyyatdan çıxmasını təlb etdi, lakin özü razılaşmanı pozaraq alimentin tutulması barədə məhkəməyə iddia verdi. Cavabdeh evə köçməyə ona mane olur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəmədə iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (bacısı) X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Sabunçu rayon Məhkəməsinin : 18.08.2020-ci il tarixli qətnaməsi ilə X5 ilə İddiaçı arlarındakı nikah pozulmuşdur; 25.05.2021-ci il tarixli qətnaməsi ilə iki uşağa görə İddiaçı hər uşaq üçün 175 manat məbləğində aliment X3 xeyrinə tutulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi, döngə 3, ev 9A özbaşına tikilidir. İddiaçı həmin evdə qeydiyyatdadır. X3 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, da həmin evdə qeydiyyatdadır, lakin MAPS tərəfindən verilmiş 12.07.2021-ci il tarixli arayışdan onun artıq həmin evdə qeydiyyatda olmadığı müəyyən edilir. İddiaçı Azərişıq ASC-də ünvan 1 ünvanı üzrə abonent kimi qeydiyyata alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi, döngə 3, ev 9A-a istifadə hüququnun tanınması və həmin evə köçürülməyini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edildiyi kimi, mübahisə predmeti olan ev özbaşına tikilidir. İddiaçı sadəcə həmin evdə qeydiyyatdadır. İddiaçı həmin evə dair hər hansı bir hüququnun olmasını sübut edə bilməmişdir. Abonent kimi iddiaçı Azərişıq ASC-də başqa ünvana dair qeydiyyata alınıb. Bundan başqa, qeyd edildiyi kimi, hazırda cavabdehin həmin evdə qeydiyyatda olaması görünür. Belə olan halda, məhkəmə hesab edir ki, X5 hazırki iddiaya cavab verəsi şəxs deyil. İddia ərizəsində qeyd edilənlərə dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-907/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-907/2022
18.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver