Məhkəmə qərarları › İş №2(008)-961/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-961/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-961/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərazidən və evdən çıxarılmaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv metr sahəsində olan ərazi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bilgəh Bələdiyyəsinin 01.04.2005-ci il tarixli, 033 №-li qərarı ilə ona fərdi yaşayış evinin tikilməsi üçün həmin ərazidən 1250 kv metr sahəsi olan ərazi ayrılmış, torpağa görə bələdiyyəyə 28875000 AZM pul ödəmişdir. Daha sonra o, Bilgəh Bələdiyyəsinin 22.04.2005-ci il tarixli, 041 №-li qərarı əsasında 16592000 AZM ödəməklə alqı-satqı əsasında fərdiy aşayış evinin tikilməsi üçün 18-ci dalanda yerləşən 1220 kv metr torpaq sahəsini almışdır. Təxminən 2005-2007-ci illərdə aldığı torpaq sahələrində fərdi yaşayış evləri tikmişdir. Təxminən 2017-ci ildə əri X1 ilə birlikdə daimi yaşamaq üçün Kanadaya getdiyinə görə ailəvi yaxın dostu olan Cavabdeh1 və onun arvadı Cavabdeh2 yaşayış yeri olmadığına görə müvəqqəti olaraq 1250 kv metr torpaq sahəsində inşa edilən evdə qalmalarına icazə vermişdir.2021-ci ilin əvvələrində iddiaçı ailəsi ilə birlikdə Azərbaycana qayıtdıqdan sonra cavabdehlərin evdən çıxmalarını istəsələr də sonuncular evdən çıxmağı rədd etmişdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilmiş, onlar məhkəməyə gəlməmişdilər. Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron ərizə təqdim edərək işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə ərizəni rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. 28.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, qeyd etmişdir ki, cavabdehlərin yaşadığı ev cavabdehlər tərəfindən öz vəsaitləri hesabına inşa edilmişdir. Evlərin eyni olması tərəflərin çox yaxın dost ailə olmaları səbəbindən olmuşdur. Cavabdehlərin yaşadığı ev cavabdehlrə məxsus torpaq sahəsində inşa edilməmişdir. Həmin torpaq sahəsi Bilgəh Bələdiyyəsinin 21.11.2007-ci il tarixli 030 №-li qərarı ilə Kəlpəli Əliyevə ayrılmış, sonuncu İddiaçı 23.06.2011–ci il tarixli etibarnamə vermiş, İddiaçı isə həmin torpaq sahəsinə dair Cavabdeh2 etibarnamə vermişdir. Nümayəndə adları çəkilən sənədləri məhkəməyə göstərərək onların əsilləri olduğundan elektron kabinetə yerləşdirəcəyini bildirdi. Lakin həmin sənədlər məhkəməyə rəsmi qaydada təqdim edilmədi və cavabeh tərəf ondan sonra məhkəmədə iştirak etmədi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və cavabdehlər əvvəllər yaxın ailəvi dost olmuşdular. Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin iki qərarı əsasında alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahələri ayrılmışdır: 01.04.2005-ci il tarixli, 033 №-li qərarı ilə 1250 kv metr (sonradan - mübahisəli sahə); 22.04.2005-ci il tarixli, 041 №-li qərarı ilə 1220 kv metr. Hər iki torpaq sahəsinin İddiaçı məxsus olması, Bilgəh Bələdiyyəsinin ərazisində yerləşməsi və hal-hazırda hüquqi qüvvədə olması barədə Bilgəh Bələdiyyəsi tərəfindən 24.09.2021-ci il tarixli məktublar verilmişdir. Hər iki torpaq sahəsində eyni layihəli evlər inşa edilmişdir. Həmin evlər dövlət qeydiyyatına alınmamışdır, faktiki olaraq qanunsuz tikililərdir. Hər iki torpaq sahəsinə və üzərlərində yerləşən əmlaka dair iddiaçı tərəfindən 01.04.2005 – 31.12.2021-ci illər üzrə bələdiyyəyə torpaq və əmlak vergisi ödənilmiş və həmin tarixə qədər heç bir borcu qalmamışdır (Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli, 348 və 349 №-li arayışlar). Mübahisəli ev 1250 kv metr torpaq sahəsində inşa edilmiş evdir. İddiaçının mövqeyinə görə hər iki evi o inşa etdirmiş, cavabdehlərin mövqeyinə görə həmin evi onlar inşa etdirmişdilər. Bilgəh Bələdiyyəsinin 21.11.2007-ci il tarixli 030 №-li qərarı ilə mübahisəli 1250 kv metr torpaq sahəsi Kəlpəli Əliyevə ayrılmışdır. İddiaçı həmin qərarın etibarsızlığı barədə Bilgəh Bələdiyyəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırda qanuni qüvvəsini almış 01.10.2021-ci il tarixli qərarı ilə Bilgəh Bələdiyyəsinin 21.11.2007-ci il tarixli 030 №-li qərarı etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin adıçəkilən qərarından məhkəmə aşağıdakıları müəyyən etmişdir. İddia ərizəsinə əsasən iddaiçıya mübahisəli sahə ayrıldıqdan sonra Kəlpəli Əliyev adlı şəxs Bilgəh Bələdiyyəsinin 21.11.2007-ci il tarixli 030 №-li qərarını iddaiçıya təqdim edərək həmin sahənin ona məxsus olduğunu bildirmiş, mübahisənin daha da uzanmaması üçün iddiaçı torpağın dəyərini Kəlpəli Əliyevə ödəyərək onun adından həmin torpaq sahəsilə ilə 15 saylı notariat kontorunda bütün səlahiyyətlərin ötürülməsi barədə etibarnamə almışdır (23.06.2011–ci il tarixli). Lakin iddiaçıya bu günə qədər istifadəsində olan torpaq sahəsinə dair belə bir qərarın hansı əsaslarla qəbul edilməsi səbəbləri aydın deyil. Bakı İnzibati Məhkəməsi adıçəkilən qərarla müəyyən etmişdir ki, Kəlpəli Əliyevə ayrılmış torpaq sahəsi iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsi ilə eynilik təşkil edir. Eyni zamanda həmin qərardan Kəlpəli Əliyevin öldüyü görünür. Hazırda iddiaçı mübahisəli sahə və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq etmişdir. Belə ki, evin yerləşdiyi torpaq saahəsini iddiaçı ödəniş edərək əldə etmişdir, həmin torpaq sahəsinin vergi ödəyicisidir. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsinə hüququnun olmadığı müəyyən etmişdir. Belə ki, Kəlpəli Əliyev tərəfindən iddiaçıya verilmiş 23.06.2011–ci il tarixli etibarnamə əsasında Cavabdeh2 verilmiş etibarnamə məhkəməyə göstərilsə də təqdim edilməmişdir. Bundan başqa, həmin etibarnamənin artıq hüquqi qüvvəsi yoxdur, belə ki, Kəlpəli Əliyev ölmüş və onun adına verilmiş qərar etibarsız hesab edilmişdir. Sübut olunmuşdur ki, Kəlpəli Əliyevə 2007-ci il tarixdə ayrılmış torpaq sahəsi ondan iki əvvəl iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv metr sahəsində olan ərazi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar