Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-967/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi və borcun silinməsinə yönəldilmiş ödənişin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 30.03.2018-ci il tarixli ******* №-li və 29.11.2019-cu il tarixli aktlar əsasında hesablanmış 658,8 manat borcun silinməsi və borcun silinməsinə yönəldilmiş 191,30 manat məbləğində ödənişinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanına 23.07.2019-cu il tarixdə köhnə sayğacın əvəzinə yeni «Smart» qaz sayğacı quraşdırılmışdır. Bir müddətdən sonra ona məlum olmuşdur ki, qazdan istifadə ilə bağlı 642,4 manat borcu vardır. Sonradan xəbər tutmuşdur ki, Cavabdeh İB tərəfindən onun barəsində 30.03.2018-ci il tarixli ******* №-li və 29.11.2019-cu il tarixli aktlar tərtib olunmuş, həmin borc məbləği həmin aktlar əsasında ona yüklənmişdir. Bu qədər borcun sayğacdakı nazazlığı əsəs gətirərək yazılmasını əsassız və qanunsuz hesab edir. Yazılmış bu borcla əlaqədar hər ay ondan smart karta etdiyi ödənişlərdən 4 manata qədər məbləğ tutulur. Oğlu birinci dərəcəli əlildir və oğlunun xəstəliyinə görə lazım olan dərmanları almaq onun üçün maddi çətinlik törədir. Hesab edir ki, əsassız borcun yazılması qaz sayğacında olan nasazlıq və qüsurların baş verməsinə görə yaranmışsa, buna görə iddiaçı məsuliyyət daşımır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı oğluna məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın plombunun qırıldığı aşkar olunmuşdur. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının 30.03.2018-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 1728 m3 hesablanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 19.07.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca texniki baxış keçirilmiş və 1102AQ**********7 nömrəli sayğacın çıxış borusunda dəlik aşkar olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2019-ci il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və 29/1710- 02180 №-li rəyə əsasən 1102AQ**********7 nömrəli qaz sayğacının yivli birləşmələrinin korroziyaya uğradığı, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının 29.11.2019-cu il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 4860 m3 hesablanmışdır. Beləliklə, iki akt üzrə iddiaçıya 658,8 manatməblğəində ziyan hesablanmışdır. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən hesablanmış borca görə iddiaçıdan 191,3 manat tutulmuşdur. Hazırda iddiaçı 658,8 manatın silinməsini və borca görə tutulmuş 191,3 manatın geri qaytarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçının Cavabdehnə qarşı 658,8 manat borcun silinməsi və borca görə tutulmuş 191,3 manatın geri qaytarılması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən 30.03.2018-ci il tarixli ******* №-li və 29.11.2019-cu il tarixli aktlar əsasında hesablanmış 658 manat borc silinməli və borcun silinməsinə yönəldilmiş 191,30 manat məbləğində ödəniş İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh tərəfindən 30.03.2018-ci il tarixli ******* №-li və 29.11.2019-cu il tarixli aktlar əsasında hesablanmış 658,8 manat borc silinsin və borcun silinməsinə yönəldilmiş 191,30 manat məbləğində ödəniş İddiaçı geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-967/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-967/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver