Məhkəmə qərarları › İş №2(008)-969/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-969/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-969/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X10 qızının, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Şahverdiyeva (Əlmədətova) Vəsilə Dilqəm qızına qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Şahverdiyeva (Əlmədətova) Vəsilə Dilqəm qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin və məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin, 22 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10, mənzil 22 ünvanda xx.xx.2005-ci ildən qeydiyyatdadır. Mənzil xx.xx.2005-ci ildən onun xüsusi mülkiyyətindədir və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2005-ci il tarixdə ÖM seriyalı 232703 №-li çıxarış vermişdir. Cavabdeh onun oğlu X2 həyat yoldaşı olmaqla gəlini olmuşdur. Belə ki, cavabdeh xx.xx.2010-cu ildə oğlu Orxanla rəsmi nikaha girməklə onun mülkiyyətində olan evə gəlin köçmüşdüp və 2011-ci ildə qeydiyyata alınmışdır. Lakin cavabdeh, onun evinə gəlin köçəndə mənzilin mülkiyyətçisi kimi onunla cavabdehin mənzildə yaşamasına dair hər hansı razılaşma olmamış, onu mənzillə təmin etməli olduğu barədə öhdəlik götürməmişdir. Sadəcə oğlunun yaşamağa başqa yeri olmadığı üçün onların müvəqqəti olaraq onun mənzilində yaşamalarına icazə vermişdir. Oğlunun həmin nikahdan Tükəzban adlı qızı da olmuşdur. X9 nikahları 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Hətta onların nikahları pozulmamışdan əvvəl cavabdeh evdə dava-dalaş salmış və münasibətləri pozulmuşdur. Ona görə də nikahları pozulmamışdan əvvəl özünə məxsus əşyalarını özü ilə götürərək yaşadığı evdən gedərək valideyinlərinin yanında yaşamışdır. Nikahları məhkəmə qaydasında pozulduqdan sonra sehizlik əmlaklarının və birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi barədə məhkəməyə müraciət etmişdir. Hal-hazırda keçmiş gəlini Cavabdeh ilə birgə eyni mənzildə yaşamaq qeyri-mümkün olduğuna və onun keçmiş gəlini olmaqla ailə üzvləri olmadığına görə onun məhkəmə qətnaməsi ilə onun yanında saxlanması qeyd olunmuş uşaqla birlikdə mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi ilə mənzildən çıxarılması zərurəti yaranmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Şahverdiyeva (Əlmədətova) Vəsilə Dilqəm qızının və məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10, 22 ünvanda olan mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdi, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 10 saylı evin, 22 saylı mənzili (sonradan-mübahisəli mənzil) İddiaçı xüsusi mülkiyyətindədir (Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qedyiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 232703 №-li Qeydiyyat Vəsiqəsinin surəti). İddiaçının oğlu X6 ilə cavabdeh Şahverdiyeva (Əlmədətova) Vəsilə Dilqəm qızının nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 50 № ilə qeyd edilmişdir (Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 344580 №-li nikahın pozulması haqqında şəhadətnamə). Cavabdeh xx.xx.2011-ci ildən mübahisəli mənzildə qeydiyyatdadır (86 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 341 №-li xx.xx.2020-ci il tarixli arayış). Cavabdeh və qızı X4 mübahisəli mənzildə qeydiyyatdadırlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 4 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2020-ci il tarixli arayış). Cavabdeh 2019-cu ildən qeydiyyatda olduğu mübahisəli mənzildə yaşamaması barədə qonşular tərəfindən akt tərtib olunmuşdur (xx.xx.2020-ci il tarixdə tərtib olunmuş Akt) Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzili qanuni yolla əldə etmiş, lakin cavabdeh və onun uşağı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, iddiaçı mübahisəli mənzilə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırda iddiaçı cavabdeh Şahverdiyeva (Əlmədətova) Vəsilə Dilqəm qızının və məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş X1 mübahisəli mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh və məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş uşağı mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq iddiaçının ailə üzvü deyillər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ailə üzvü olmadığından, mübahisəli mənzil üzrə istifadə hüququnun yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından, həmçinin belə razılaşmanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun və uşağının həmin mənzilə istifadə hüququ yaranmamışdır. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdehin və məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş X1 mübahisəli mənzildə qeydiyyatda qalmaları yalnız formal xarakter daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, cavabdeh Şahverdiyeva (Əlmədətova) Vəsilə Dilqəm qızının və məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10, 22 ünvanda olan mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Şahverdiyeva (Əlmədətova) Vəsilə Dilqəm qızının və məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 10, 22 ünvanda olan mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar