Məhkəmə qərarları › İş №2(008)-984/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-984/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-984/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı1, onun nümayəndəsi (vəkili) X6, İddiaçı3, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qız cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 (məhkəmə tərəfindən cəlb edilmişdir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi 61 saylı fərdi yaşayış evinə cavabdehlər tərəfindən istifadə hüququna maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə, hüquqi yardımın göstərilməsi üçün 90 manat və məhkəmə üçün 100 manat dövlət rüsümunun ödənilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi 61 saylı fərdi yaşayış evi İddiaçı1 atası Ağacanov Hüseyncanın mülkiyyəti olmuşdur. Qeyd edilən fərdi yaşayış evinin bir hissəsi mülkiyyət sahibi olmuş Ağacanov Hüseycanın sağlığında 1980-ci il tarixlərində iki yerə bölünərək mərhumun oğlu Cavabdeh3 Hüseycan oğlunun istifadəsinə verilmiş və digər hissəsində isə mərhum atası, anası və onun istifadəsində idi. 1982-ci ildə İddiaçı1, İddiaçı2 ilə rəsmi nikaha daxil olmuşdur, iki övladları var. İddiaçı ailəsi ilə qeyd edilən fərdi yaşayış evində 1953-cü ildən yaşamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağ massivi ünvanında mülkiyyətində bağ sahəsi mövcuddur. Qeyd etdiyi bağa gündəlik qulluq və qayğı tələb olunduğundan iddiaçı ailəsi ilə bağa köçmək qərarına gəlmişdir. İki yerə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi 61 saylı fərdi yaşayış evinin bir hissəsində yaşayan qardaşı nikahdan kənar oğlu Cavabdeh1 təxminən 2009-cu ildən Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. İlk vaxtlar münasibətləri (gəlin qaynana münasibətləri) normal olsa da, sonradan münasibətlərində gərginləşmə, soyuqluq yaranmağa başlamış, ailələrində hər gün söz söhbət yaranırdı. Bir ailə kimi yaşamaqları qeyri mümkün idi. Bu səbəbdən iddiaçı ailəsi ilə məsləhətləşib cavabdehlərin mülkiyyətlərində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi 61 saylı fərdi yaşayış evin iddiaçılara aid hissəsində müvəqqəti yaşamağı təklif etmişdir. Onlar da 2012-ci ildən qeyd edilən fərdi yaşayış evində yaşamağa başladılar. Bir müddət sonra cavabdehlərin mülkiyyətlərində olan fərdi yaşayış evindən nə vaxt çıxmaqları barədə söhbətləri əsasında, cavabdehlər “bu ev bizim evimizdi» deməsi pozulmuş hüquqların bərpası üçün qanunvericiliklə müəyyən olunmuş addımlar atmaqlarına səbəb olmuşdur. İddiaçılar İddiaçı2 və İddiaçı4 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdilər. Cavabdeh2 əri Cavabdeh1 məhkəmədə onu təmsil etməyi tapşırmışdır. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun nümayəndəsi (vəkili) X8, İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanda qeyd etdilər ki, cavabdehlərin yaşadığı həyət iki yerə hasarla bölünmüş, iddiaçılar həmin həyətdə yerləşən öz vəsaitləri hesabına inşa edilən evdə yaşayırlar. Köçmək istədikləri ev onların ata-babalarından qalan evdir və həmin evə onların haqqı var. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verərək qeyd etdi ki, iddiaçıların köçmək istədikləri ev onun şəxsi mülkiyyətindədir və o, istədiyi kimi oğlunu və onun ailəsini orada yerləşdirmişdir. Qardaşı öz miras payından onun xeyrinə ona görə imtina etmişdir ki, onun hazırda yaşadığı evi o, öz şəxsi vəsaitinə tikdirmişdir. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 eyni izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçılar və cavabdehlər qohumdurlar. İddiaçı1 və Cavabdeh3 qardaşdılar, digər iddiaçılar İddiaçı1 ailə üzvləri, Cavabdeh1 Cavabdeh3 oğlu, Cavabdeh2 isə gəlinidir. ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 198,0 kv metr, yaşayış sahəsi 119,8 kv metr, yardıçı sahəsi 78,2 kv metr 7 otaqdan ibarət olan saylı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ əsasında 0,027373 ha torpaq sahəsində və 1 mərtəbədə 3 otaqdan ibarət (yaşayış sahəsi 48 kv metr, 6,7 mətbəx sahələrindən (31 kv metr) bir hissədən ibarət olan daşınmaz əmlak Hüseyncan Ağacan oğlunun mülkiyyətində olmuşdur. xx.xx.1987-ci il tarixdə Hüseyncan Ağacan oğlu ölmüş, onun oğulları, hazırki iş üzrə İddiaçı1 və Cavabdeh3 Qanun xx.xx.2012-ci il tarixdə Qanun üzrə vərəsəlik şəhatdənamə əsasında hər biri 1/2 hissə iə mirasdan bərabər hissələrdə pay almışdılar. Elə həmin gün də, İddiaçı1 miras əmlakdan pay bağışlama müqaviləsi əsasında öz payını qardaşı Cavabdeh3 bağışlamışdır. Hazırda həmin miras daşınmaz əmlakın tək mülkiyyətçisi Cavabdeh3dur. Sonuncu həmin evdə yaşamır, evdə digər cavabdeh olan Ağacanı və onun arvadı Aygünü uşaqları ilə birlikdə yerləşdirmişdr. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 həmin həyətdə özbaşına olan digər tikilidə yaşayırlar. İddia ərizəsindən göründüyü kimi, İddiaçı1 mülkiyyətində bağ evi var və iddiaçılar həmin bağ evində də yaşayırlar. Hazırda iddiaçılar Cavabdeh3 mülkiyyətində olan, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları evə köçmək istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edildiyi kimi, iddiaçıların köçmək istədiklər ev Cavabdeh3 mülkiyyətindədir, o, həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan istifadə edərək oğlunu və onun ailəsini həmin evə yerləşdirmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli evə olan hüquqlarını təsdiq edə bilməmişdilər. İddiaçıların yaşayış sahəsində qeydiyyatda olması faktı onlara mübahisəli evdə yaşamaq hüququ vermir. Hazırki işə isə iddiaçılar həmin ünvanda olan digər tikilidə yaşayırlar. Bundan başqa, onların mülkiyyətində bağ evi də var. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar