Məhkəmə qərarları › İş №2(009)-1005/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1005/2020

03.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1005/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tərcüməçi R.E.Nəsibovun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3, ev 25A ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Qeyd olunan ünvanda yerləşən mənzil əvvəllər qaynatasının adında olmuş, sonra isə qaynatası tərəfindən ona verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 149 saylı mənzil Kommunal İstismar Sahəsinin keçmiş rəisi Ədalət Hüseynov onun məlumatı olmadan cavabdehləri onun evinə qeydiyyata salmışdır. Daha sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlu və Cavabdeh3 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Səbail rayon Polis İdarəsinə qarşı iddia qaldırmış və ona məxsus Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3, ev 25 A ünvanında evə qeydiyyata alınmaları vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə öz növbəsində iddianı təmin etmişdir. O, isə bu qərardan xəbərdar olduqdan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5811/2016 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi şikayətini təmin edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5811/2016 saylı qərarını ləğv etmişdir. Bundan sonra, cavabdeh şəxslər Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2110/2018 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 744/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Halhazırda sözügedən mənzildə hazırki iddia ərizəsi üzrə cavabdeh şəxslər qeydiyyatsız olaraq yaşayırlar. Hansı ki, bu onun mənzil üzərində olan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan sonra, cavabdehlərin onun Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3, ev 25 ünvanında yerləşən mənzilində yaşaması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yolverilməzdir. Cavabdehlərin onun mənzilində yaşaması onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə bu onun maddi vəziyyətinə mənfi təsir edir. Bununla bağlı olaraq dəfələrlə əlaqədar qurumlara müraciət etsə də, qanuni tələbləri icra edilməmişdir, hətta mövcud problemlərin həlli ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyət etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3, ev 25 A ünvanında yerləşən mənzilindən çıxarılmalıdırlar. Dəfələrlə cavabdehlərə evdən çıxmalarını bildirməsinə baxmayaraq, onlar evdən çıxmamaqla israrlı olmuşlar və hazıradək həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Həmin mənzil onun mülkiyyəti sayılır. Göründüyü kimi, mülkiyyətində yaşamaq, istifadə və sərəncam vermək hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırılıb. Cavabdehlərə görə mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Cavabdehlər onun mülkiyyətində olan mənzilində yaşaması tamamilə əsassız və qeyri-qanunidir, mülkiyyətində olan mənzildə yaşaması onun hüquqlarını kobud surətdə pozur, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 A ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, mübahisəli ev vaxtı ilə həyat yoldaqının atası tərəfindən tikilmiş, 1984-cü ildə həmin evə gəlin gəlmiş, hazırda onun istifadəsində olan iki otaqda əri və uşaqları ilə birlikdə yaşamış, digər iki otaqda isə qaynatası, qaynanası və qaynı Sabir yaşamışdır. Sonralar qaynatası və qaynanası Günəşlidə ev alaraq ora köçmüş, həmin evdə Sabir və onlar yaşamağa davam etmişlər. Bir müddət sonra Sabir iki otağı kirayə verilməsini bildirmiş və həmin evin iki otağını kirayə vermişdir. cavabdehlər orada kirayəşin kimi yaşamışlar. Ev özbaşına tikili olsa da, MKİS-də ev dəftəri, hesab vərəqəsi var. Qaynatası evin hesab vərəqəsini onun adına keçirmişdir ki, Sabir həmin evi gələcəkdə sata bilməsin. Cavabdehlər orada kirayənişin kimi yaşamışlar, onların həmin evə heç bir hüququ yoxdur. Evin sahibi odur, ona görə də onları həmin evdən çıxarmaq istəyir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, yaşadıqları evi Gündüz Teymurov adlı şəxsdən 2011-ci ildə pul verərək almışlar. Gündüz Teymurova həmin evi, evi tikən iddiaçının qaynatası olmuş Mirzə Qurbanovun oğlu satmışdır. 10 il Gündüz həmin evdə yaşamış, sonra isə həmin evi onlara satmışdır. İddiaçının mənzili ilə onların mənzilinin giriş çıxışları başqadır. Su, işıq, qaz hesabları da onların adınadır. İddiaçının onların yaşadığı evə hər hansı aidiyyəti yoxdur. Həmin ev iki ünvan üzrə qeydiyyata alınmışdır- 25 və 25 A. İddiaçı 25A saylı ünvan üzrə qeydiyyatdadır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Hümbətalı oğlu iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hazırda yaşadıqları evi dəyəri ödənilməklə satın almışlar. Ev iddiaçının qaynatası Mirzə Qurbanov tərəfindən tikilmişdir. Həmin ev iki yerə bölünmüş, bir hissəsində Mirzə Qurbanovun bir oğlu, digər hissəsində isə digər oğlu yaşamışdır. İddiaçının yaşadığı hissə vaxtilə onun həyat yoldaşına qaynatası tərəfindən verilmiş hissədir. Onların yaşadığı hissəsi isə Mirzə Qurbanovun digər oğluna verdiyi və sonradan həmin oğlu tərəfindən satıldığı hissədir. Hesab edir ki, onların yaşadığı hissəyə iddiaçının hər hansı aidiyyatı olmadığından, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li arayışına əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3 ünvanında yerləşən 25A saylı evində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışın kserosurətindən görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə, yəni oğlu Cavabdeh2 Hümbətalı oğlu, gəlini Cavabdeh3t Zakir qızı, nəvələri Cavabdeh4 və Cavabdeh5 ilə birlikdə Bakı şəhəri, Ş.Allahverdiyev küçəsi, dalan 3 ünvanında yerləşən ö/t 25 saylı evində qeydiyyatsız yaşayırlar. İş üzrə Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-5811/2018 saylı qərarın kserosurətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlunun və Cavabdeh3 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı evə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbinin təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlu və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3, ev 25 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2110/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5811/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçılar Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlunun və Cavabdeh3 Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddiaçıların ünvan 5 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiaları təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 744/19 saylı, xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, iddiaçı Cavabdeh1, X1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın xx.xx.2018-ci il tarixli, 2-1(103)-2110/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3 ünvanında yerləşən 25A saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Bakı 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-5811/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə mübahisəli evə yaşayış yeri üzrə qeydiyyata alınsalar da, sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2110/2018 saylı qərarı ilə ləğv edilmiş və iddiaçılar Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlunun və Cavabdeh3 Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddiaçıların ünvan 5 saylı ünvana qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiaları təmin edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3, 25A saylı ev onun mülkiyyətindədir və cavabdehlər həmin evdə qeydiyyatsız yaşayırlar. Cavabdehlərin həmin evdə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur və bu səbəbdən iddiaçı onların həmin evdən çıxarılmasını xahiş etmişdir. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mübahisəli evin onun mülkiyyətində olmasını iddia etsə də, iş materiallarından göründüyü kimi həmin ev hüquqi statusuna görə icbaşına tikilidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi qəbul edilə bilməz. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir. AR Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur. İddiaçı mübahisəli evdə qeydiyyatdadır və onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehlərin həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdən cavabdehlərin çıxarılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ olmadığı üçün, onun tələbi təmin edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçının mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olması, cavabdehlərin isə həmin ev üzrə qeydiyyatlarının olmaması, iddiaçıya cavabdehlərə münasibətdə hər hansı üstünlük hüququnu vermir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olması da, onun hazırki tələblə çıxış etmək üçün subyektiv hüququnun olmasını təsdiq etmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər mübahisəli evdə qeydiyyatda olmasalar da, onlar həmin evdə yaşayırlar və iddiaçı kimi mübahisəli evdən istifadə edirlər. Məhkəmə iclasında mübahisəsiz müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçının qaynatası tərəfindən inşa edilmişdir, iddiaçı həmin evə gəlin gəlmişdir və evin bir hissəsindən istifadə etmişdir. Evin digər hissəsi iddiaçının həyat yoldaşının qardaşının istifadəsində olmuş və sonuncu həmin hissəni sonradan satmışdır. Göründüyü kimi cavabdehlərin mübahisəli evdə yaşamaq və həmin evdən istifadə etmək üçün əsasları var. Nə iddiaçı, nə cavabdeh mübahisəli evi inşa etməmişlər və ixtiyarlı şəxsin icazəsi ilə həmin evə yaşamaq üçün köçmüşlər. Bu səbəbdən həm iddiaçı, həm cavabdehlər mübahisəli evdən istifadə ilə əlaqədar bərabər hüquqlara malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin həmin mənzildən istifadə etmək üçün hər hansı hüquqa malik olmamalarını iddia etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edildiyindən, həmçinin cavabdehlərin mübahisəli evdə yaşamalarını və ondan istifadə etmələrini qadağan edən hər hansı hal müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ünvan 1 A ünvanından cavabdehlərin çıxarılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar