Məhkəmə qərarları › İş №2(009)-1009/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1009/2022

22.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1009/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3 və X5 iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 və X8 işə cəlb olunmaqla) Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətin 3 ay uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 və X8 işə cəlb olunmaqla) Cavabdehna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2019-cu il tarixdə vəfatından sonra ondan qalmış mirasın onun tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəblərinin üzürlü hesab edilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddətinin 3 ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 22 oktyabr 1968-ci il tarixdə X4 ilə nikaha daxil olaraq ailə qurmuşdur. AZ-İİ seriyalı 035382 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən 15 oktyabr 1946-cı il təvəllüdlü həyat yoldaşı Tamilla Vəliyeva 25 iyul 2019-cu il tarixdə ürəyin işemik xəstəliyindən vəfat etmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində köhnə bağlar ərazisində həyat yoldaşı Tamilla Vəliyevanın adına bağ sahəsi ayrılmışdır. Həyat yoldaşının vəfatından sonra ölkədə yayılmış koronavirus pendemiyasına görə səhhətində yaranmış ciddi narahatlıq səbəbindən onun adına olan miras əmlakın sənədləşdirilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müracəit edə bilməmişdir. Bununla əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ünvan 1 müraciət etmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 07 aprel 2022-ci il tarixli qərarına əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu yaxınlarda həmin bağ sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün vərəsəlik şəhadətnaməsinin alınması məsələsi yaranmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı cavabdeh ünvan 1 qarşı verilmiş iddia ərizəsində özünün səhvən ərizəçi kimi qeyd etdiyini göstərmiş və onun iddiaçı kimi tanınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izah etmişdir ki, iddiaçı onun atasıdır. Onlar ailədə 5 nəfər olmuşlar: atası Rafiq, anası Tamilla, bacıları Afət və Nəzakət. Onun anası Tamilla Vəliyeva 25 iyul 2019-cu il tarixdə vəfat etdikdən sonra anasından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində köhnə bağlar ərazisində bağ sahəsi miras qalmış, atası İddiaçı yaşlı adam olduğundan həyat yoldaşından miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün vaxtında notariat ofisinə müraciət etməmiş və mirasın qəbulu müddətini üzürlü səbəbdən ötürmüşdür. Onun valideynləri həmin torpaq sahəsində bir mərtəbəli tikili inşa etmişlər. Onun valideynləri onunla birlikdə ünvan 2 ünvanda vəfat etmişdir. Mübahisəli torpaq sahəsində onun valideynləri bir mərtəbəli tikili tikmiş, arada orada da yaşamışlar, 2001-ci ildən hal-hazıradək isə mübahisəli torpaq sahəsində bacısı X6 öz ailəsi ilə birlikdə yaşayır. Onlar heç biri miras əmlakın qəbulu üçün notariusa müraciət etməmişlər. Bu ilin aprel ayının əvvəlində bacısı Nəzakət Vəliyeva notariusda ərizə yazaraq, miras əmlakdan ona çatan paydan imtina etmiş, sonra aralarında narazılıq yarandığı üçün məhkəmədə həmin ərizənin etibarsız hesab olunması barədə iddia qaldırmışdır. Hal-hazırda həmin torpaq sahəsi ilə bağlı aralarında mübahisə yaranmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6 bildirmişdir ki, iddiaçı onun atasıdır. Onun anası Tamilla Vəliyeva 25 iyul 2019-cu il tarixdə vəfat etdikdən sonra anasından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində köhnə bağlar ərazisində bağ sahəsi miras qalmışdır. Həmin bağ sahəsində olan birmərtəbəli tikilinin üzərində ikinci mərtəbə də tikdirərək 2001-ci ildən ailəsi ilə birlikdə orada yaşayır. Faktiki olaraq anasından qalan mirası yalnız o qəbul etmişdir. Atası bu yaxınlarda ona bildirmişdir ki, miras əmlakı sənədləşdirməyin asan yolu odur ki, bütün varislər mirasdan onlara çatan paydan imtina etsinlər və o, mirası qəbul edib öz adına sənədləşdirsin, sonra da, həmin mirasdan ona çatacaq payı ona bağışlasın. Atası bunun üçün ondan xahiş etdi ki, 28 saylı Notariat ofisinə gedib ona çatacaq paydan imtina barədə ərizə yazsın və o da atasının sözlərinə inanıb, 28 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə miras paydan imtina barədə ərizə yazmışdır. Lakin bundan sonra atasının ona münasibəti dəyişdi və ona bildirdi ki, miras əmlakdan ona heç bir pay verməyəcəkdir. O aldadıldığını başa düşərək, mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Hal-hazırda həmin mirasla bağlı aralarında mübahisə vardır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6 bildirmişdir ki, Onun valideynləri onunla birlikdə ünvan 2 ünvanda vəfat etmişdir. Mübahisəli torpaq sahəsində onun valideynləri bir mərtəbəli tikili tikmiş, arada orada da yaşamışlar, 2001-ci ildən hal-hazıradək isə mübahisəli torpaq sahəsində bacısı X6 öz ailəsi ilə birlikdə yaşayır. Onlar heç biri miras əmlakın qəbulu üçün notariusa müraciət etməmişlər. Hal hazırda həmin torpaq sahəsi ilə bağlı onlar arasında mübahisə vardır. Cavabdeh ünvan 1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və 3-cü şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2002-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4192 saylı sərəncamı ilə X2 3 nəfər ailə üzvü- İddiaçı, Nümayəndə, X6 ilə birlikdə fərdi yaşayış evi tikintisi üçün Bakı şəhəri, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində ayrılmış 0.048 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ 035382 saylı, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 iyul 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 28 saylı notariat ofisinin notariusu E.Kərimovun 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının həyat yoldaşı Tamilla Vəliyevanın 25 iyul 2019-cu il tarixdə vəfatından sonra həyat yoldaşından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində köhnə bağlar ərazisində bağ sahəsi miras qalmışdır. İddiaçı həyat yoldaşının vəfatından sonra ölkədə yayılmış koronavirus pendemiyasına görə səhhətində yaranmış ciddi narahatlıq səbəbindən onun adına olan miras əmlakın sənədləşdirilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə vaxtında müraciət edə bilməmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ünvan 1 müraciət etdikdə, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 07 aprel 2022-ci il tarixli qərarına əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də, iddiaçı həyat yoldaşından qalmış mirasın onun tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəblərinin üzürlü hesab edilərək, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddətinin 3 ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı iddia tələbində iddiaçı mirasın onun tərəfindən qəbul edilməsi müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında (prosesində) tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (3-cü şəxs qismində X6 və X8 işə cəlb olunmaqla) Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətin 3 ay uzadılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar