Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1015/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehə kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüquqlarının ləğv edilməsi» 11.000 manat kompensasiya ödənilməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzildən istifadə hüququna xitam verilməsinə və cavabdehlərin həmin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər iddiaçının oğlu və gəlnidir. Cavabdehlər sözügedən mənzilə iddiaçının razılığı ilə 2006-cı il tarixdən qeydiyyata düşmüşlər. Lakin hazırda cavabdehlərin imkanı var ki özlərinə mənzil alıb həmin mənzilə pasport qeydiyyatına düşsünlər. Onlar isə bunu etmirlər. Cavabdehlərin sözügedən mənzildə qeydiyyatda qalması iddiaçını hazırda narahat edir və ona mənzil barəsində sərəncam verməkdə maneələr yaradır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib və iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan: FM seriyalı 031744 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5ci döngə ünvanında yerləşən 10 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. 002/93 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. “X2” MMC-nin xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evin hazırki şəraiti nəzərə alınmaqla sözügedən ərazidə yerləşən eyni şəraitli mənzillərin orta aylıq kirayə dəyəri 350 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kompensasiya qaydasında təklif olunan 11.000 (on bir min) manat məbləğində pul vəsaiti cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 11.000 (on bir min) manat məbləğində kompensasiya verilməklə, cavabdehlərin Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evdən istifadə hüququna xitam verilməli, kompensasiya məbləğinin verilməsi ilə mənzildən istifadə hüququna xitam verilmə eyni vaxtda icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 11.000 (on bir min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evdən istifadə hüquqlarına xitam verilsin və Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evdən çıxarılsınlar. Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1015/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1015/2020
27.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver