Məhkəmə qərarları › İş №2(009)-1025/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1025/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1025/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi»tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 52 saylı evin 4 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 52, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlə bacısı Qəşəngin arasındakı olan nikah pozulmuşdur. Həmin şəxs, hazırki iş üzrə Cavabdeh mənzildə qeydiyyatdadır. Cavabdehin onun mülkiyyətindəki mənzilində qeydiyyatda olması onun mülkiyyətçi hüquqlarını məhdudlaşdırır, buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahat verərək bildirdi ki, bacısı Cəfərova Qəşəng 1996-cı ildə Cavabdeh ilə nikaha daxil olduqdan sonra, onların Bakı şəhərində yaşamağa yeri olmadığı üçün, eləcə də, Cavabdeh Azərbaycan Respublikasında pasport qeydiyyatı olmadığına görə onların ona məxsus olan Səbail rayonu, F.Qurbanov küçəsi, 52 saylı evin 4 saylı mənzilinə qeydiyyata düşməsinə etiraz etməmişdir. 2005-ci ildə o və qardaşlarının köməkliyi ilə bacısı Qəşəngin ailəsi üçün Gülbala Əliyev küçəsi, 13 b ünvanında ev inşa etdilər və həmin ildən də, 2005-ci ildən bacısı və əri ona məxsus Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 52 saylı evin 4 saylı mənzildən köçüb getmişlər. 2020-ci ildə Cavabdehlə bacısı Cəfərova Qəşəng arasında olan nikah pozulduğu üçün Cavabdeh ona məxsus mənzildə qeydiyyatdan çıxarılmasını istəyir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2003-cü il tarixli, 30/22000 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsində istifadədə olan 52 saylı evin 18,0 yaşayış sahəsindən ibarət 1 otaqlı 4 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 226 nömrəli reyestr kitabının 33283 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuş, ünvan 1 49 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 30 nömrəli, xx xxxx 2020-ci il tarixli 149 saylı arayışından görünür ki, ünvan 2 ünvanında Cavabdeh qeydiyyatda olmağına baxmayaraq hal-hazırda həmin ünvanda yaşamır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİNin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 52 saylı evin 4 saylı mənzilində qeydiyyatda olan Cavabdeh mənzildə faktiki olaraq yaşamır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı irəli sürdüyü iddiasına onlar arasında münasibət 2000-ci il sentyabr ayının 1-dən əvvəl yarandığından, mübahisə həmin tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsində sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, kirayəçinin və ya onun ailə üzvləriərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Məhkəmə iclasında müəyən olundu ki, Cavabdeh iddiaçının ilə ailə üzvü deyil, 2005ci ildən mübahisəli ünvandan köçərək, başqa ünvanda yaşayır, mübahisəli ünvanda ona aid heç bir əmlak yoxdur, cavabdeh mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından cavabdehin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.Qurbanov küçəsi, ev 52/4 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin qətnamə Cavabdeh ünvan 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar