Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1032/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi ilə Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X3 və cavabdehin nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı - cavabdeh «Başak-X4» ASC-yə qarşı «sənədlərin ona təqdim edilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh «Başak-X4» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh tərəfindən həyata keçirilmiş qanunsuz hərəkətlərin dayandırılması, 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illər üçün illik maliyyə hesabatlarının, auditor rəylərinin və vergi bəyannamələrinin təqdim edilməsi, şirkətin hazırki vəziyyətə barədə məlumat verilməsi, maliyyə sənədləri, mühasibat balansı ilə tanış olmağa şərait yaradılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh cəmiyyətin səhmdarıdır. İddiaçının əldə etdiyi məlumata əsasən cəmiyyətin vəsaitləri süni şəkildə cəmiyyətin xərcləri kimi göstərilərək xərclənməkdədir. İddiaçı cavabdehə müraciət etməsinə baxmayaraq, 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illər üçün illik maliyyə hesabatları ona təqdim edilməmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ləğv prosesinin hazırki vəziyyəti barədə, 2018-ci ilin əmək haqları barədə bütün ödənişlər açıqlanmaqla, debit-kreditin hal-hazırki vəziyyəti barədə, 412,381 manat məbləğində vəsaitin taleyi barəsində və əsas vəsaitlərin vəziyyəti barəsində 2017-2020-ci illər barədə ətraflı məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.7.-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və səhmdarların hüquq və vəzifələri bu Məcəlləyə uyğun olaraq müəyyənləşdirilir. 99.2-ci maddəsində göstərilir ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur. 107.6-cı maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatının yoxlanılması üçün əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditoru cəlb etməyə borcludur. 102.4-cü maddəsinə görə, səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.3.-cü maddəsinə əsasən isə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.6.1-ci maddəsinə görə səhmdar qanuna və nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq vəzifəsi daşıyır. “Qiymətli kağızlar bazarı haqqında” Qanunun (Qanun) 7.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiya prospekti Palata tərəfindən təsdiqləndikdən sonra həmin Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) açıqlanmalıdır. Qanunun 8.3-cü maddəsinə əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması” Qaydalarının (Qaydalar) 1.2-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının ərazisində qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən Qanun ilə açıqlanması müəyyən edilmiş məlumatların dairəsini, açıqlanması vasitələrini və müddətlərini, X1 Sisteminin funksiyalarını müəyyən edir. Göstərilən maddi hüquq normalarından da göründüyü kimi, səhmdar cəmiyyətinin səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının protokolunun surətini tələb etmək hüququ vardır və həmin hüquqların təmin edilməsi vəzifəsi məhz səhmdar cəmiyyətin özünə aiddir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesinin hazırki vəziyyəti barədə, 2018-ci ilin əmək haqları barədə bütün ödənişlər açıqlanmaqla, debit-kreditin hal-hazırki vəziyyəti barədə, əsas vəsaitlərin vəziyyəti barəsində 2017-2020-ci illər barədə ətraflı məlumatın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Ödənilən 20 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İ̇LKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1032/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1032/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver