Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1032/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1, Cavabdeh5 və onun azyaşlı uşağı X3 Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzili 22.07.2019-cu il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Həmin mənzil 25.07.2019-cu il tarixdə mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. Lakin Cavabdeh1 mənzili ona təhvil versə də, mənzilin keçmiş sakinləri olan onun özü və yaxın qohumları hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlər ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 sonuncu qeydiyyatda olduqları ünvandan məhkəmə iclasına çağırılmışlar, lakin həmin ünvanın olduğu ərazi üzrə Səbail Rayon Mənzil-Kommunal təsərrüfat Birliyinin “Memarlıq” Kooperativi tərəfindən cavabdehlərin göstərilən mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamadıqlarına dair məktub məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış məktub məhkəməyə göndərildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisində rəsmiləşdirilmiş 22 iyul 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzilini İddiaçı satmışdır. Həmin Müqavilənin 13-cü bəndinə əsasən satıcı 20.10.2019-cu il tarixədək qeyd edilən ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzili 25.07.2019-cu il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 04.03.2021-ci il tarixli, 397067 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzilində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X4 (09 iyul 2017-ci il təvəllüdlü) və Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən Səbail Rayon Mənzil- Kommunal təsərrüfat Birliyinin “Memarlıq” Kooperativi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzilində yaşamırlar və bu səbəbdən məhkəmə bildirişinin onlara təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzili tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1, Cavabdeh5 və onun azyaşlı uşağı X3 istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzilindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1, Cavabdeh5 və onun azyaşlı uşağı X3 istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1, Cavabdeh5 və onun azyaşlı uşağı X3 Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 7 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1032/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1032/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver