Məhkəmə qərarları › İş №2(009)-1033/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1033/2025

10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1033/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi Statsenko Aleksey Yefimoviçin maraqlı şəxs qismində X2 göstərilməklə avtomobilin alqı-satqı faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Statsenko Aleksey Yefimoviçin maraqlı şəxs qismində X1 göstərməklə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə avtomobilin mülkiyyətçisi ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan X3 1984-cü il buraxılışlı, **-CU-*** dövlət qeydiyyat nişanlı “Vaz-21063” markalı avtomobili almışdır. Bununla bağlı ona nəqliyyat vasitəsini idarə etmək və ona sərəncam vermək üçün etibarnamə vermişdir. Onun etibarlılıq müddəti xx.xx.2011-ci il tarixinədək bir il müəyyən edilmişdir. Lakin o qeyd olunan vaxt ərzində avtomobili adına rəsmiləşdirməmişdir. Sözügedən avtomobili onun mülkiyyətinə keçməsi üçün avtomobilin alınması ilə bağlı hüquqi faktın müəyyən edilməli olmasını qeyd etmiş və məhkəmədən 1984-cü idə istehsal olunmuş, **-CU-*** dövlət nömrə nişanlı, “Vaz-21063” markalı avtomobilin alqı-satqısı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, xüsusi icraat qaydasında işlər üzrə məhkəmənin vəzifəsi hüquqi əhəmiyyətli olan faktların mövcud olub-olmamasını, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların və notariat orqanlarının həyata keçirdikləri hərəkətlərin hüquqauyğun olub-olmamasını təsdiq etməkdən, habelə itirilmiş müəyyən növ sənədlərə hüquqları bərpa etməkdən, habelə şəxsin hüquqi statusunu müəyyən etməkdən və s.-dən ibarətdir. Məhkəmə xüsusi icraat qaydasında müəyyən etdiyi faktlardan yaranan hüquqi nəticələrə toxunmur. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan və hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Ərizəçi tərəfindən verilmiş ərizəyə gəldikdə hakim qeyd edir ki, onun tərəfindən müəyyən olunması xahiş olunan fakt xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -181.4-cü maddəsinə əsasən Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. - 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. -139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 203.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydalarının 2.2-ci bəndinə əsasən daşınar əmlakın reyestrlərdə qeydiyyatı aşağıdakı sənədlər əsasında aparılır: 2.2.1. daşınar əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılmış əqdlər; 2.2.2. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2.2.3. qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar. Hakim qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri şəxsin daşınar əmlak üzərində hüquqlarının yaranma mümkünlüyünü nəzərdə tutur. Daşınar əmlakın alqı-satqısı hüquq haqqında mübahisə ilə əlaqədar olduğundan onun hüquqi fakt kimi müəyyən edilməsi yolverilməz hesab edilməlidir. Yəni ərizəçi iddia icraatı qaydasında cavabdeh qismində daşınar əmlakın mülkiyyətçisini qeyd edilməklə ona qarşı daşınar əmlaka mülkiyyət hüquqları ilə bağlı tələb irəli sürə bilər. Hakim digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 7.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hakim qeyd edir ki, ərizəçinin verdiyi tələbə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğundan, lakin verilmiş ərizə xüsusi icraat qaydasında verildiyindən, həmin ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hakim eyni zamanda qeyd edir ki, ərizəçi tərəfindən dövlət rüsumu da ödənilməmişdir. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi Statsenko Aleksey Yefimoviçin maraqlı şəxs qismində X2 göstərilməklə avtomobilin alqı-satqı faktının müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə daşınar əmlak üzərində mülkiyyət hüququ ilə bağlı mübahisəyə dair iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar