Məhkəmə qərarları › İş №2(009)-1051/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1051/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1051/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh onun oğludur. O, 2003-cü ildə Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Bu günə qədər ondan bir xəbər yoxdur. Ancaq o, bütün bu illər ərzində onun əvəzindən kommunal xidmətlərin haqqını ödəməli olur. Cavabdehin onun mənzildə formal qeydiyyatda qalması onun mənzil üzərində sərəncam vermək hüququnu kobud şəkildə pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdeh sonuncu qeydiyyatda olduğu ünvandan məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanın olduğu ərazi üzrə 149 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən cavabdehin göstərilən mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamadığına dair məktub məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış məktub məhkəməyə göndərildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BŞİHB-nın Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzili 20.05.1994-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 09.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1979-cu il tarixdə anadan olmuş və Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin sakinləri tərəfindən tərtib olunmuş 10 mart 2021-ci il tarixli aktla təsdiq edirlər ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilində yaşamır, formal olaraq pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Məhkəmənin sorğusuna 149 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda göstərilən ünvanda yaşamır. İşə əlavə edilmiş məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş 22.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhəddindən 18.04.2006-cı il tarixdə çıxmış və bu tarixdən sonra dövlət sərhəddindən giriş etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzili İddiaçı mülkiyyətindədir, xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilidə qeydiyyatda olan iş üzrə Cavabdeh iddiaçının oğludur və o, təqribən 15 ildən artıq müddətdir ki, Rusiya Federasiyasına köçmüşdür və həmin vaxtdan da o, qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilində faktiki olaraq yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan mənzilə istifadə hüquqları 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından, həmin Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. İcarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, iş materiallarından və tədqiq edilmiş sübutlardan görünür ki, cavabdeh uzun müddətdir ki, sözügedən mənzildə yaşamır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbini, eləcə də işin müəyyən edilmiş hallarını nəzərə alaraq belə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzili tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığından iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmək istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 20.05.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilidən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20.05.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 45 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar