Məhkəmə qərarları › İş №2(009)-1052/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1052/2023

31.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1052/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı “istifadə hüququnun olmaması müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X5 qarşı “istifadə hüququnun olmaması müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 43 saylı evin, 4 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və çıxarılacaq qətnamənin onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, Buxta küçəsində yerləşən, 43 saylı evin 4 nömrəli mənzili 105059 nömrəli Orderə əsasən mülkiyyətindədir. X2 cavabdehlə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların xasiyyətləri uyğun gəlmədiyindən cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 196/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən oğlu Emil Nəsibovla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh hal-hazırda onun mülkiyyətində olan mənzildə yaşamasa da həmin mənzilə dair qeydiyyatda olanlar barədə Arayış alarkən ona məlum olmuşdur ki, oğlu Emil Nəsibovun keçmiş həyat yoldaşı X7 formal olaraq həmin məzildə qeydiyyatda qalmışdır. Boşandıqdan sonra Ceyran Nəsibova ilə əlaqələri kəsilmişdir. Hazırda onun harada olması ona məlum deyil. Bu səbəbdən sözügedən mənzilə çıxarış verilməsi zamanı onun münasibət bildirməsi mümkün olmayacaqdır. Hesab edir ki, cavabdehin sözügedən mənzilə olan qeydiyyatı formal xarakter daşıdığı üçün, onun həmin mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, 3 il bundan əvvəl cavabdeh - gəlini çıxıb getmişdir. Hər nə lazımdırsa, hətta BMW markalı maşın da gəlininə vermişdir. Keçən ilin yayında iki uşağını da ona verib çıxıb getmişdir, uşaqları ilə maraqlanmır. Gəlnini qeydiyyatdan çıxarmaq istəməsinə səbəb polis və icra işçilərinin onları narahat etməsidir. Cavabdeh narkotik satışı ilə məşğul olur, narkoloji dispanserdə qeydiyyatdadır, müxtəlif yerlərə borcu var. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X9 ilə X7 arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 13 may 2014-cü il tarixli, 168 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, 26 iyul 2014-cü il təvəllüdlü X6 və 16 yanvar 2018-ci il təvəllüdlü X8 anaları – X3 yanında qalmaları müəyyən edilmiş, X4 26 iyul 2014-cü il təvəllüdlü X6 və 16 yanvar 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi, X4 tutulmalı olan hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 435698 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X7 arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 105059 nömrəli orderdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 43 saylı evin, 4 saylı mənzil İddiaçı adına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X7 İddiaçı keçmiş gəlinidir. Mübahisəli mənzil iddiaçının və onun oğlunun istifadəsinə verilmişdir. İddiaçının oğlu ilə cavabdehin nikahı xx.xx.2014-cü il tarixdə bağlanmış və xx.xx.2021-ci il tarixli qətnamə ilə pozulmuşdur. Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X7 mübahisəli mənzilə istifadə hüquqlarının yaranıb-yaranmaması məsələsinə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2014-cü ildə yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi mülkiyyətçinin ailə üzvləri sırasına onun əri (arvadı), uşaqları və valideynləri aiddir. Cavabdeh iddiaçının ailə üzvü olmadığı üçün, o, həmin mənzilə istifadə hüququ əldə etmiş şəxs hesab olunmur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 43 saylı evin 4 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manatı cavabdeh X1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar