Məhkəmə qərarları › İş №2(009)-1068/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1068/2022

26.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1068/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili S.T.Rzayevanın, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi T.İ.Məmmədlinin iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla cavabdeh arasında 26.02.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış və bu barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminə müvafiq qeyd daxil edilmişdir.Cavabdeh öz fəaliyyətini qəftələn dayandırmış, rəhbərliyi isə ümumiyyətlə ölkəni tərk etmişdir. Onunla faktiki olaraq əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq, adına olan əmək müqaviləsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq qeyd hələ da qalmışdır. Cavabdehin müvafiq səlahiyyətli şəxsləri ilə əlaqə saxlamaq qeyri-mümkündür. Bunu nəzərə alaraq adına olan əmək müqaviləsinə xitam verilməsi və bu barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminə müvafiq qeydin daxil edilməsi üçün AR ƏƏSMN yanında X1 müraciət etmişdir. Həmin orqanın ona ünvanladığı 11.01.2022-ci il tarixli, **********1 saylı məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Tərəfindən mübahisənin mediasiya vasitəsilə həlli üçün də müraciət edilmiş, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mübahisənin alternativ həlli də mümkün olmamışdır. Bu barədə Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən 28.03.2022-ci il tarixli, MŞB/4-000689 saylı arayış verilmişdir. Onunla faktiki olaraq əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq, adına əmək müqaviləsinin olması və bu barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq qeydin qalmağı hüquqlarını pozur. Belə ki, yeni işə daxil olması mümkünsüzdür, müvafiq sosial ödəmələrdən məhrumdur və s. Göründüyü kimi, mübahisənin məhkəmədən kənar həlli qaydası və yolu qeyri-mümkündür. Belə ki, cavabdeh özünün qanunla üzərinə qoyulan vəzifələrini icra etmir, üçüncü şəxsin isə bu hüququnun olması üçün məhkəmə qətnaməsinin olması tələb olunur. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış 26.02.2020-ci il tarixli əmək müqaviləsinin xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 öz izahatında göstərmişdir ki, işçi ilə əmək müqaviləsinin bağlanılması, ona xitam verilməsi və bu məlumatların müvafiq elektron informasiya sisteminə daxil edilmə səlahiyyəti qanunla işəgötürənin üzərinə qoyulmuşdur. Əmək müfəttişliyi olaraq bu xidmət müvafiq nəzarəti həyata keçirir. Əmək müfəttişliyi olaraq onlar yalnız məhkəmə qətnaməsi ilə şəxsin əmək münasibətlərinə xitam verilməsinə dair qətnamə qəbul edildikdə həmin məlumatın elektron sistemə daxil edilməsini təmin edə bilərlər. Bir şərtlə ki, məlumatın daxil edilməsi onlara həvalə edilsin. Araşdırma zamanı əmək müqaviləsinin bağlanması ilə bağlı elektron sistemində cavabdeh şirkətlə həm hazırki iddiaçının, həm də digər şəxsin əmək münasibətlərində olması müəyyən edilmişdir. Lakin həmin şirkətin direktorunun kim olması barədə məlumat mövcud deyil. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 MMC-nin ünvanı məlum olmadığından onun nümayəndəsi məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı ünvandan məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə xxxxxxx000200 saylı, 26.02.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 26.02.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə katibə vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 350 manat müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 11.01.2022-ci il tarixli məktubun kserosurətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəntiq tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/4-00689 nömrəli, 28.03.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 MMC İddiaçı tərəfindən “əmək münasibətlərindən irəli gələn mübahisə” üzrə 28.03.2022-ci il tarixdə 11.30-12.00 saatlarında keçirilməsi nəzərlə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 26.02.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “katibə” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmış və əmək haqqı 350 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 MMC öz fəaliyyətini dayandırmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X4 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X4 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun ödənilməli olan hissəsi - 50 (əlli) manat dövlət hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış , 26.02.2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış 26.02.2020-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Cavabdeh1 MMC-dən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat, dövlət nəfinə 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar