Məhkəmə qərarları › İş №2(009)-1086/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1086/2025

20.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1086/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində verilmiş xx.xx.2025-ci il tarixli 019 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1200 manat olmaqla hesablanaraq ödənilməsi, 100 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 61 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdehlə xx.xx.2025-ci ildən faktiki əmək münasibətlərinə daxil olsa da, rəsmi olaraq əmək müqaviləsi xx.xx.2025-ci il tarixində bağlanmış, anbar müdiri vəzifəsində işə “başlamış” (ya da davam etmiş), razılığa əsasən əmək haqqı 1200 azn təşkil etməli olduğu halda müqavilədə 840 azn qeyd edilmişdir və xx.xx.2025-ci il tarixində AR-sı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, iddia ərizəsinin birinci abzasında qeyd edilən xüsusiyyətlər sənəd üzərində qeyd ediləndir. Belə ki, cavabdeh xx.xx.2025-ci ildə xəbəri olmadan onun əmək müqaviləsinə xitam vermişdir, baxmayaraq ki, xx.xx.2025-ci il tarixdə də o, işləmişdir. Həmin günü axşam müdirlə danışarkən işdən çıxarıldığını bildirmiş, səbəbinin soruşduqda isə performansını bəyənmədiklərini bildirmişlər. Bundan sonra pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından o, qanunvericiliyin tələblərinə görə ilk öncə «8 saylı Mediasiya Təşkilatına» xx.xx.2025-ci il tarixli 019 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqı hesablanması ilə bağlı müraciət etdi. Nəticədə «İlkin Mediasiya sesiyasından sonra prosesin davam etdirə bilməməsi» barədə xx.xx.2025-ci il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. Etirazın dəlilləri: İddiaçı işə bərpa və məcburi işburaxma dövrü üçün pulun ödənilməsi ilə bağlı iddia ərizəsində göstərilən hallar əsassız hesab etməklə qəbul etmirlər. Belə ki, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə elektron sənəd formasında (yəni iddiaçı tərəfindən elektron qaydada-SİMA tətbiqi vasitəsilə-imzalanaraq bağlanıb). Başqa sözlə, iddiaçı müqavilənin bütün şərtlərini öz iradəsinə əsasən qəbul edib. Əmək müqaviləsinə əsasən əmək haqqı 840 manat müəyyən edilib. İddiaçı iddia ərizəsində işdən çıxma barədə ərizə ilə işəgötürənə müraciət etmədiyini bildirsə də əslində işdən çıxma barədə ərizəni təqdim edib (surəti əlavə olunur). Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin «b» yarımbəndinə əsasən əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə xitam edilə bilər. Göründüyü kimi iddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəni imzalayaraq cavabdehə təqdim edib. Cavabdeh də öz növbəsində müvafiq əsasla əmək müqaviləsinə xitam verib. Bütün göstərilənlər iddiaçının istinad etdiyi halların əsassız olduğunu göstərir. Belə ki, iddiaçının istinad etdiyi halları təsdiq edən heç bir sübutu yoxdur. Beləliklə, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, ekspertin rəyi ilə razı olduqları və iddia tələbi əsassız oldğundan rədd olunmasını xahiş etmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı anbar müdiri vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır. - İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. - İlkin mediasiya sessiyası üçün ərizədən görünür ki, İddiaçı 07 aprel 2024-cü il tarixdə "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2025-ci il tarixli, 4/1473 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 59-cu vərəqində olan xx.xx.2025-ci il tarixli ərizədəki əlyazmalar və «İMZA» sözünün qarşısındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada-SİMA tətbiq vasitəsilə-imzalanaraq bağlanıb. İddiaçı müqavilənin bütün şərtlərini öz iradəsinə əsasən qəbul edirb. Əmək müqaviləsinə əsasən əmək haqqı 840 manat müəyyən edilib. İddiaçı işdən çıxma barədə ərizə ilə işəgötürənə müraciət edərək ərizəsinin təqdim etmişdir. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı hazırda işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 68 -ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68 -ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, mübahisələndirilən əmrin verilməsinə əsas iddiaçının 28 fevral 2025-ci il tarixli ərizəsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2025-ci il tarixli, 4/1473 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 59-cu vərəqində olan xx.xx.2025-ci il tarixli ərizədəki əlyazmalar və «İMZA» sözünün qarşısındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını müqayisəli təhlil edərək, eləcə də ekspert rəyini nəzərə alaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Məhkəmə hesab edir ki, 28 fevral 2025-ci il tarixli tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə iddiaçı ərizə ilə işəgötürənə müraciət edərək ərizəsinin təqdim etmişdir. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir. Odur ki, müqaviləyə xitam verilməsinə dair cavabdehin əmri qanuni və əsaslı olmuşdur. Məhkəmə, iddiaçının barəsində olan əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamasını qeyd edərək, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, İddiaçı məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar