Məhkəmə qərarları › İş №2(009)-1091/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1091/2025

16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1091/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan doğumun qeyd edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1977-ci ildə Ermənistan SSR Qafan şəhərində anadan olmuşdur. Sonradan isə yaşamaq üçün Azərbaycan SSR Bakı şəhərinə köçmüşdür. Ona xx.xx.1977-ci ildə doğulmağı barədə Ermənistan SSR Qafan şəhəri VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Onun əsasında da o, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Hal-hazırda doğum haqqında şəhadətnaməni itirdiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə sənədinin bərpası üçün müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixdə 3-16-5/8-250/15 saylı imtina məktubu ilə ona imtina verilmiş və faktın məhkəmə qaydasında müəyyən edilməsi ilə ələqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu sənəd ona evinin özəlləşdirilməsi üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizəçi onun xx.xx.1977-ci ildə Ermənistan SSR Qafan şəhərində anadan olmağı doğumun qeyd edilmə faktının müəyyən edilməsi (doğum akt qeydlərinin bərpa edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi öz ərizəsini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin anasıdır. Oğlu Hicran xx.xx.1977-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. Doğum şəhadətnaməsi Bakıya gələrkən evdə olsa da, sonradan itirilmişdir. Həmin vaxtı o, Hicranın atası Quliyev Vəli Səməd oğlu ilə nikahda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, Hicranın dayısıdır. Təsdiq edir ki, Hicran xx.xx.1977-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. 1988-ci ildə həmin şəhərdən köçərək Bakıya gəlmişlər. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi yer üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, İ.Məmmədov küçəsində yerləşən 24 ö/t saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Səbail rayonun VVADQ şöbəsinin xx.xx.2003-cü il tarixli ölüm haqqından şəhadətnamənin surətindən görünür ki, Quliyev Vəli Səməd oğlu xx.xx.2003-cü il tarixdə “dəri xərçəngi” səbəbi ilə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuşdur. Bakı şəhəri, Səbail rayonu İ.Məmmədov küçəsində yerləşən 24 ö/t saylı evdə qeydiyyatdadır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1977-ci ildə Ermənistan SSR Qafan şəhərində anadan olmuşdur. Lakin ərizəçi doğum haqqında şəhadətnamənin əslini itirmiş və doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin orqan bu akt qeydin bərpa edilməsindən imtina etmiş və doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin doğum akt qeydlərinin Azərbaycan Respublikası ərazisində qeydiyyat şöbəsi tərəfindən bərpasının qeyri-mümkünlüyü ərizəçinin Azərbaycan Respublikası ilə hüquqi yardımla bağlı müqaviləsi mövcud olmayan Ermənistan Respublikasında icra olunması ilə əlaqədardır. Bu səbəbdən məhkəmə ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin xx.xx.1977-ci ildə Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR) Qafan şəhərində anadan olması məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq olunduğundan, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1977-ci ildə Ermənistan Respublikası (keçmiş Ermənistan SSR) Qafan şəhərində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxxx 1977-ci il, doğulduğu yer Ermənistan Respublikası (keçmiş Ermənistan SSR) Qafan şəhəri, ata qrafasında – Quliyev Vəli Səməd oğlu (milliyəti azərbaycanlı), ana qrafasında – X2 (milliyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar