Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1102/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, özü üçün şəxsi olaraq Bakı şəhəri ərazisində yerləşən Qala kəndində özünə torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Nərimanov rayonu,Əhməd Rəcəbli küçəsi, “Amara Plaza”da yerləşən Cavabdeh MMC ilə xx.xx.2023-cü il tarixdə müqavilə imzalamışdır. Sifarişçi və icraçı olaraq müqaviləyə əsas razılaşma ilə 55.000 manat məbləğə Cavabdeh MMC şirkəti ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisini öz öhdəliyinə götürmüşdür. Müqaviləni imzalayan zaman tikintini 3 ay ərzində qəti qurtaracaqlarını, amma yenə də müqavilədə sifarişinin təhvil vaxtını 5 ay yazmışlar. O, bu vəziyyətə və müqavilədə icraçı olaraq Henz Construction yazılaraq, möhür olaraq isə Cavabdeh MMC-nin möhürünün vurulmasına şifahi olaraq etiraz etsə də, ona narahat olmamağı 3 ayda təhvil verəcəklərini və Henz Construktionunda özlərinin olduğunu demişlər. O, da xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC ilə aralarındakı müqavilə əsasında 30.000 manat pul ödəyərək işə başlamalarını tələb etmişdir. Lakin ödənişindən sonra 2 ay vaxt keçsə də, şirkətin rəhbəri və səlahiyyətli şəxsləri olan Elçin müəllim ilə, Elnur müəllim ilə və Mirağa müəllim ilə hər gün telefon danışıqlarında bu gecikmə vəziyyətinə etiraz etsə də, hər dəfə də fərqli bəhanələrlə “bu həftə başlayacayıq, filan gün başlayacayıq, filan şey oldu, təcili bir yerimiz var idi” kimi səbəblərlə və nəhayəsində 2 ay sonra edilmiş təzyiqlərinə görə güclə ancaq evin fundamentini elətdirə bilmiş və evin fundametini də müqavilədə yazılan kimi keyfiyyətli dəyil, çox keyfiyyətsiz etmişlər. O, şirkət rəhbərliyinə bu keyfiyyətsizliklə və gecikmə ilə bağlı etirazlarını bildirsə də, müqavilədən kənar hərəkət etdiklərini bu gecikmə və keyfiyyətsizliklə işi dayandırmasını və pulunu qaytarmasını tələb etsə də, hal hazırda da Cavabdeh MMC və rəhbərliyi nə telefon zənglərinə cavab verirlər, nə tikinti barədə bir söz deyirlər. O, Cavabdeh MMC-nin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, “Amara Plaza”da yerləşən ofislərinə getsə də, bu zaman rəhbərliyi şirkətdə tapmamışdır. Beləliklə, ödədiyi 30.000 manat pulunu da ona qaytarmırlar. Hadisə ilə bağlı şirkət rəhbərliyi ilə ən son danışığında bu etdiklərinin dələduzluq olduğunu və mütləq polisə şikayət edəcəyini və iddia qaldıracağını bildirsə də, nəzərə almamışlar. Hal-hazırda şirkət rəhbərliyi ilə əlaqə saxlaya bilmir. Əlavə olaraq tikinti 3 ayın vəd edilən vaxtdan kənar keyfiyyətsiz və sadəcə fundamenti ilə qalıb. Ödəniş etdiyi pulunun aqibəti ilə bağlı da heç nə deməmişlər. Bu minvalla o, da xx.xx.2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi yazaraq şikayətində Cavabdeh MMC-nin dələduzluq etdiyini və pulunu Cavabdeh MMC-dən alması ilə bağlı köməklik istəsə də, Nərimanov rayon Polis İdarəsi də təhqiqat və araşdırmanı düzgün aparmayaraq işə cinayət tərkibli qərar vermək əvəzinə mülki mübahisə kimi qiymətləndirmişlər. Təhqiqatı aparan Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru X2 təhqiqat qərarında yazaraq X1 izahatında Cavabdeh MMC ilə iş birliyi etdiklərini və hətta Cavabdeh MMC-nin özünə 161.000 manat borclarının olmasını yazılı olaraq, sonra Cavabdeh MMC-nin işçilərinə 100.000 manatdan yuxarı borcunun olduğunu və işçilərin pullarını almadıqlarını isə şifahi qaydada demişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-yə bir istehlakçı kimi ödəniş etdiyi 30.000 manat pulunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, Cavabdeh MMC-nin məsuliyyətdən yayınıb, istehlakçılardan sözdə xidmət adı altında pul götürərək Şirkət rəhbərliyinin gözlənməsi cinayət tərkibli (dələduzluq) hesab edilərək şirkət haqqında xüsusi qərarın çıxarılaraq Nərimanov rayon prokurorluğuna işin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 36a/85A saylı bağ sahəsinin bir hissəsi – Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0850 kv.m. olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “İcraçı” qismində "xxxx" MMC-nin baş direktoru E.Hüseynov (Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş) ilə “Sifarişçi” qismində İddiaçı arasında bağlanılmış fərdi evin tikintisi və təmiri haqqında xx.xx.2023-cü il tarixli, 29 saylı müqaviləsindən görünür ki,”Sifarişçi” ona məxsus Qala kəndində yerləşən torpaq sahəsində, layihəyə uyğun təsdiq edilmiş fərdi evin tikintisini və təmirini “İcraçı”ya həvələ edir (bənd 2.1). “Sifarişçi” və “İcraçı”nın razılaşmasına əsasən evin tikintisi və təmiri üçün olaraq 55.000 manat təşkil edir (bənd 2.2). “Sifarişçi” “İcraçı”ya ümumi ödənişi 35%+30%+25% və işin sonunda qalan 10%-i ödəyir (bənd 2.3). Hər ödənişin istifadəsindən sonra “İcraçı” “Sifarişçi”yə verilən məbləğə uyğun olaraq görülən işin siyahısını təqdim edir (bənd 2.4). “İcraçı” razılaşdırılmış layihəni yüksək keyfiyyətlə və bütün tikinti normativlərinə uyğun olaraq tikib “Sifarişçi”yə təhvil verməsi və tikilən evə 15 il zəmanət verməsi (tikintiyə aid olmayan səbəblər istisna olmaqla layihənin tam təhvil vaxtı 5 ay) öhdəliyini öz üzərinə götürmüşdür (bənd 3.1). İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Qala kəndində tikinti təmir işlərinə görə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 30.000 manat məbləğində ödənilmişdir. İş üzrə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayətin tərkib əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli təklif (pretenziya) məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh MMC arasında bağlanılmış xidmət müqaviləsi əsasında Qala kəndində ona məxsus ərazidə müqaviləsi əsasında tikəcəyi bağ evi ilə bağlı müqavilədə bildirilən vaxtda və keyfiyyətdə tikinti həyata keçirmədiyinə və dəfələrlə şirkətə gəlsə də, pulunun qaytarılması ilə bağlı nə rəhbərliyi ilə və nə də məsul bir şəxslə onu heç bir zaman görüşdürmədiyinə görə ondan xidmət haqqı olaraq əvvəlcədən ödəniş kimi götürdüyü 30.000 manat pulunu xx.xx.2024-c il tarixə qədər ödəniş etməsini xahiş etmiş, əks halda qanuni olaraq məhkəmə orqanlarına müraciət etmə hüququndan istifadə edəcəyini bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/3948 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 36a/85A saylı bağ sahəsində görülmüş tikinti işlərinin (beton-kəmərin atılması və mişar daşından hörülməsi) istifadə olunan tikinti materialları, daşıma xərcləri və usta xərci nəzərə alınmaqla orta bazar qiymətlərinə uyğun olaraq təqribən 7.292,00 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 29 saylı fərdi evin tikintisi və təmiri haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən tərəflər iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsində fərdi evin tikintisi və təmir işlərinin görülməsi üçün 55.000 manata razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən cavabdeh tikinti və təmir işlərinin 5 ay müddətinə başa çatdırılmasını öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 30.000 manat məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh təşkilatı arasında bağlanmış fərdi evin tikintisi və təmiri haqqında müqaviləsinin şərtinə onun tərəfindən əməl edilərək, cavabdehə 30.000 manat məbləğində pul ödənilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, sifarişə uyğun işi yerinə yetirməmiş, ancaq evin bünövrəsini keyfiyyətsiz tikinti materialları ilə tikilmişdir. O, cavabdehdən ödənilmiş 30.000 manat pul vəsaitinin geri qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-dən ödənilmiş 30.000 manat məbləğində pulun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 36a/85A saylı bağ sahəsində görülmüş tikinti işlərinin (beton-kəmərin atılması və mişar daşından hörülməsi) istifadə olunan tikinti materialları, daşıma xərcləri və usta xərci nəzərə alınmaqla orta bazar qiymətlərinə uyğun olaraq təqribən 7.292 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilə sifariş əsasında evin tikintisi və təmir işlərinin görülməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləyə əsasən 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Məhkəmə podratçının üzərinə götürdüyü öhdəliyin pozulmasını və tam yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının (sifarişçinin) öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulunun qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının (sifarişçinin) müqavilədən imtinası podratçının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni podratçı üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində və tam həcmdə görmədiyi üçün, iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 30.000 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş cavabdeh tərəfindən görülmüş tikinti işlərinə (beton-kəmərin atılmasına və mişar daşından hörülməsinə) sərf olunmuş 7292 manat çıxılmaqla, yerdə qalan 22.708 (30.000-7.292=22.708 manat) manat məbləğində müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi pulun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 22.708 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçının cavabdehin əməlində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 22.708 (iyirmi iki min yeddi yüz səkkiz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1102/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1102/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver