Məhkəmə qərarları › İş №2(009)-1104/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1104/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1104/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı – Cavabdeh MMC-yə qarşı «ziyan və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı «ziyan və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2025-ci ilin yanvar, fevral, mart ayları üçün 3150 manat icarə haqqının tutulması, 5 ədəd nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, nəqliyyat vasitələrinin iddiaçıya qaytarılacağı vaxta qədər hər ay üçün 1050 manat icarə haqqının cavabdehdən tutulması, nəqliyyat vasitələrinin qaytarılması mümkün olmadığı təqdirdə onların dəyəri kimi 9150 manat pulun və 126,90 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh ilə 2024-cü ilin aprel ayında 4 ədəd, sentyabr ayında isə 1 ədəd icarə müqaviləsi bağlamışdır. Hər bir nəqliyyat vasitəsinə görə cavabdeh hər ay iddiaçıya 210 manat ödəməli idi. 2024-cü ilin sonuna qədər cavabdeh icarə haqlarını ödəmişdir. Lakin 2025-cilin yanvar ayından cavabdeh icarə haqlarını ödəmir, həmçinin nəqliyyat vasitələrini də geri qaytarmır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 16 sentyabr 2024-cü il tarixli İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyəverən ona məxsus göy rəngli “Tufan CUB 50s” markalı minik nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə 24 ay müddətinə bağlanılır və aylıq icarə haqqı 210 manat təşkil edir. 28 aprel 2024-cü il tarixli İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyəverən ona məxsus göy rəngli “Tufan S50” markalı minik nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə 24 ay müddətinə bağlanılır və aylıq icarə haqqı 210 manat təşkil edir. 28 aprel 2024-cü il tarixli İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyəverən ona məxsus qara rəngli “Tufan S50” markalı minik nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə 24 ay müddətinə bağlanılır və aylıq icarə haqqı 210 manat təşkil edir. 21 aprel 2024-cü il tarixli İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyəverən ona məxsus qırmızı rəngli “Tufan M50” markalı minik nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə 24 ay müddətinə bağlanılır və aylıq icarə haqqı 210 manat təşkil edir. 21 aprel 2024-cü il tarixli İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarəyəverən ona məxsus sarı rəngli “Tufan S50” markalı minik nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə 24 ay müddətinə bağlanılır və aylıq icarə haqqı 210 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən iddiaçı 5 ədəd minik nəqliyyat vasitəsini iddiaçıya 24 ay müddətinə aylıq icarə haqqı 210 manat razılaşdırılmaqla icarəyə vermişdir. Lakin cavabdeh 2025-ci ilin yanvar ayından etibarən iddiaçıya icarə haqqını ödəməyi dayandırmış və eyni zamanda nəqliyyat vasitələrini iddiaçıya təhvil verməkdən imtina etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin “nəqliyyat vasitələrinin qaytarılması, bu mümkün olmadığı təqdirdə onların dəyəri kimi 9150 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əşyalar xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Cavabdeh iddiaçı ilə bağlamış olduğu icarə müqavilələrinin şərtinə əməl etməyərək icarə haqlarını ödəməkdən yayınmış və bununla yanaşı nəqliyyat vasitələrini iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən 2024cü il buraxılışlı göy rəngli “Tufan CUB 50s”, 2023-cü il buraxılışlı göy rəngli “Tufan S50”, 2023-cü il buraxılışlı qara rəngli “Tufan S50”, 2023-cü il buraxılışlı qırmızı rəngli “Tufan M50” və 2023-cü il buraxılışlı sarı rəngli “Tufan S50” markalı minik nəqliyyat vasitələri Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “nəqliyyat vasitələrinin qaytarılması mümkün olmadığı təqdirdə onların dəyəri kimi 9150 manat pulun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: "xxxx" MMC-nin 11 dekabr 2025-ci il tarixli rəyində qeyd edilir ki, “Tufan M 50” motosikletin yenisinin bazar dəyəri 1850 manat, “Tufan Cub 50 S” motosikletin yenisinin bazar dəyəri 1986 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəli nəqliyyat vasitələri iddiaçıya məxsus olmaqla onun mülkiyyətindədir. Həmin nəqliyyat vasitələri iddiaçıya qaytarılmalıdır. Lakin həmin nəqliyyat vasitələrinin hazırda yararsız yaxud məhv edilmiş vəziyyətdə olmaq ehtimalı istisna edilmir. Belə olan halda həmin nəqliyyat vasitələrinin iddiaçıya geri qaytarılması mümkün olmayacaqdır. Bu səbəbdən sözügedən nəqliyyat vasitələrinin iddiaçıya qaytarılması mümkün olmayacağı təqdirdə 4 ədəd “Tufan Cub 50 S” və 1 ədəd “Tufan M 50” markalı nəqliyyat vasitələrinin dəyəri kimi ümumilikdə 9150 (iddia tələbi həcmində) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 2025-ci ilin yanvar, fevral, mart ayları üçün 3150 manat icarə haqqının tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə əmlakın icarəyə götürülməsi barədə razılığa gəlmişdirlər. Bundan sonra 2024-cü ilin sonuna kimi cavabdeh həmin əşyalardan istifadə müqabilində iddiaçıya icarə haqqını ödəmişdir. Lakin 2025-ci ilin yanvar ayından sonra cavabdeh iddiaçı ilə razılığa əməl etməmiş və iddiaçıya icarə haqqını ödəməyi dayandırmış, eyni zamanda əmlakı da iddiaçıya təhvil verməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdehin bu hərəkəti nəticəsində iddiaçıya zərər dəymişdir. Məhkəmə tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən icarə haqqının bir müqavilə üzrə 210 manat razılaşdırıldığını nəzərə alaraq qeyd edir ki, 2025-ci ilin yanvarmart ayları tarixləri aralığında iddiaçıya ödənilməli olan, lakin ödənilməyən icarə haqqı kimi 3150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “nəqliyyat vasitələrinin iddiaçıya qaytarılacağı vaxta qədər hər ay üçün 1050 manat icarə haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, işdən göründüyü kimi mübahisəli nəqliyyat vasitələri iddiaçıya məxsus olmasına baxmayaraq, hazırki vaxta kimi iddiaçının iradəsinə zidd olmaqla onun istifadəsi və sahibliyi xaricindədir. İcarəçi olan cavabdeh müqavilənin şərtinə əməl etməyərək əşyaları iddiaçıya qaytarmaqdan imtina etmiş, əşyaları öz sahibliyində saxlamaqla iddiaçını ona məxsus əşyalara sahiblik və istifadə etmək hüququndan məhrum etmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən icarə haqqının bir müqavilə üzrə 210 manat razılaşdırıldığını nəzərə alaraq məhkəmə qeyd edir ki, nəqliyyat vasitələri iddiaçıya qaytarılana kimi aylıq 1050 manat (210 x 5) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3150 manat icarə haqqı və nəqliyyat vasitələri iddiaçıya qaytarılan vaxta kimi kimi aylıq 1050 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. 4 ədəd “Tufan Cub 50 S” və 1 ədəd “Tufan M 50” markalı motolar Cavabdeh MMC-dən alnıb İddiaçı təhvil verilsin, motoların İddiaçı qaytarılması mümkün olmayacağı təqdirdə motoların dəyəri kimi 9150 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. 126,90 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar