Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1128/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, Ərizəçi “nikahın qeydə alınma faktının və şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi “nikahın qeydə alınma faktının və şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla X1 arasında 19 oktyabr 1975-ci il tarixində Səadət Sarayında (Bakı nikah evi) bağlanmış nikahın qeydə alınma faktının müəyyən edilməsi və Goradil bağ massivində yerləşən 0,12 ha ölçüsü olan 218a saylı bağ sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN - 21987H nömrəli, KOD 00100003 olan 17 oktyabr 1996-cı il tarixli şəhadətnaməsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi nikahın qeydə alınma faktı ilə yanaşı, şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.3-cü maddəsində iddiaçının birbiri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəçi şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbini ayrıca xüsusi icraat qaydasında irəli sürə bilər. Odur ki, ərizəçi bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən və həmin tələblərə ayrı-ayrı icraatda müstəqil şəkildə baxılmalı olduğundan, ərizə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Həmçinin hesab edir ki, ərizəçi nikahın qeydə alınma və şəhadətnamənin ona məxsus olması faktlarının müəyyən edilməsini xahiş etsə də, heç bir dövlət orqanını maraqlı şəxs olaraq göstərməmiş, beləliklə, ərizənin müəyyən olunmuş forma və məzmununa da dair tələblərə riayət etməmişdir. Bundan başqa, şəhadətnamənin ona məxsus olması faktı ilə bağlı ərizəçi mübahisənin məhkəməyə qədər nizama salınması tələbinə riayət etməmiş, yəni şəhadətnaməyə düzəliş edilməsi ilə bağlı sənədi verən orqana (hazırki halda səlahiyyəti həyata keçirən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə) müraciət etməmiş, riayət edildiyi halda isə buna dair sənədi ərizəsinə əlavə etməmişdir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “nikahın qeydə alınma faktının və şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu (73248265 saylı qəbz) Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1128/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1128/2025
23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver