Məhkəmə qərarları › İş №2(009)-1131/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1131/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1131/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin və sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin və sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 10034.2 manat müalicə xərclərinin tutularaq İddiaçı1, motosikletə vurulmuş 29183 manat ziyanın cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mütənasib qaydada tutularaq İddiaçı2 ödənilməsi və 208 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 12 oktyabr 2021-ci il tarixdə saat 19:00 radələrində etibarnamə ilə idarə etdiyi İddiaçı2 məxsus 2013-cü il buraxılışlı, “MV Aqusta F3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletlə Mehdiabad- Novxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ hissəsində 60-70 m sürətlə hərəkət edirdi. Həmin vaxt Mehdiabad-Novxanı yolunda Novxanı istiqamətində yolun sol hissəsi ilə hərəkət edən “Mercedes Benz C230” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 qəfil sol dönmə əməliyyatı apararaq İddiaçı1 idarə etdiyi motosikletin qarşısına çıxmış və Ələsgər hadisədən yayınmaq üçün motosikletin sükanını yana burmuşdur. Motosikletin sağ hissəsi, İddiaçı1 sağ qolu və sağ ayağı Mercedes markalı avtomobilə çırpılmışdır. Toqquşma nəticəsində motosiklet sol üstə yerə aşmış və çarpaz sürüşərək alt hissəsi əks istiqamətdə hərəkətdə olan Khazar SD markalı avtomobilin ön hissəsi ilə toqquşmuş və toqquşma nəticəsində motosiklet yolun ortasında dayanmışdır. (Khazar SD markalı avtomobilini idarə edən isə cavabdeh X14 olmuşdur). İddiaçı1 beli üstə yerə düşmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Ələsgərə sağ ayağında 2 ədəd qəlpəvari açıq sümük sınığı, sağ qolunda 2 ədəd qəlpəvari qapalı sınıq və kəllə beyin travması zədələri vurulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 07 yanvar 2022-ci il tarixli, 51 Ə nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən sözügedən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Həmçinin İddiaçı1 etibarnamə ilə idarə etdiyi İddiaçı2 məxsus motosikletə də xeyli miqdarda ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Abşeron Rayon Polis İdarəsində araşdırılma aparılmış, iş müstəntiq Ayaz Gülməmmədovun icraatında olmuşdur. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 icraatında olan HK-333 saylı material üzrə 01 mart 2022-ci il tarixdə Amnistiya qərarına əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən X2 yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulması faktı üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində "8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və xx.xx.1987-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, R.Rəhimov küçəsi 76, mənzil 70-də yaşayan Cavabdeh1 Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 cinayət məsuliyyətindən azad edilməsi İddiaçı1 sağlamlığına və İddiaçı2 məxsus İddiaçı1 etibarnamə ilə idarə etdiyi motosikletə vurulan ziyana görə cavabdehi mülki məsuliyyətdən azad etmir. Bu səbəbdən Cavabdeh1 tərəfindən yol hərəkəti qaydalarını pozması səbəbindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 sağlamlığına vurulmuş az ağır zərərə görə və İddiaçı2 məxsus motosikletə vurulmuş xeyli miqdarda ziyanı tələb etmək məcburiyyətindədirlər. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 sağ ayağında 2 ədəd qəlpəvari açıq sümük sınığının, qolunda 2 ədəd qəlpəvari qapalı sınığın və kəllə beyin travmasının müayinə və müalicəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzi Hospitalında aparılmışdır. İddiaçı1 sağlamlığının bərpası üçün həkim müayinələri və xəstəxana xərclərinə ümumilikdə 10034,2 (on min otuz dörd manat, iyirmi qəpik) manat sərf olunmuşdur. Həmçinin İddiaçı2 məxsus 2013-cü il buraxılışı olan MV Aqusta ҒЗ 800 Limiited markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə ümumilikdə 29183 (iyirmi doqquz min yüz səksən üç) manatlıq zərər dəymişdir. Eyni zamanda İddiaçı2 məxsus 2013-cü il buraxılışı olan MV Aqusta ҒЗ800 Limiited markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə "xxxx" ASC tərəfindən vurulan zərərə görə heç bir sığorta ödənişi verilməmişdir. Sığorta şirkəti tərəfindən tələb edilən bütün sənədlər təqdim edilməsinə baxmayaraq yenə də sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı1 50 mindən çox xərci çıxıb, qeyri-rəsmi xərclər olduğu üçün bunu tələb edə bilmir. İddiaçı YNH zamanı baş-beyin travması alıb. İş üzrə ekspert rəyi var və kifayət qədər sübutlar təqdim etmişlər. Ona görə də iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil Lətif oğlu iddianı qəbul etməyək bildirmişdir ki, həmin qəbzlər mötəbər sübut hesab oluna bilməz. Bəzilərində möhür, bəzilərində isə tarix yoxdur. Əgər kassa-məxaric orderi olsa idi, burada bu gün bu söhbət getməzdi. Baş-beyin travması ilə bağlı ekspert rəyində rast gəlməmişdir. Məhkəməyə təqdim edilən sənədlərin ya əsli olmalıdır, ya da notarial qaydada təsdiq edilməlidir. Sübutların mötəbərlilik məsələsi istisna edilir: birinci beyin travması ilə bağlı, ikinci-məhkəməyə təqdim edilən qəbzlərin əsli deyil. Həmin sübutlar mötəbər hesab edilə bilməz. Bu səbəbdən iddianın 10.000 manat məbləğində pulun Cavabdeh1 alınması hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiada göstərilən məbləği qəbul etmir, həmin məbləğ şişirdilmişdir. Hesab edir ki, iddiaçılara tələb edilən məbləğdə zərər dəyməmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və iş üzrə digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Nərimanov Polis İdarəsinin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı1 yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulması üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 8/3098 nömrəli rəyindən görünür ki, Mercedes Benz 230 markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 51 Ə saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki,İddiaçı1 bədəni üzərində aşkar edilmiş xəsarətlər az ağır zərər vurmaya aiddirlər. İş üzrə xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt TTY-dan daxil olmuş məlumatda YNH zamanı 1997-ci il təvəllüdlü X5 xəsarət almışdır. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 Məhkəmə-kimya şöbəsinin 3352/K saylı, 15 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı1 götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. İş üzrə xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında “Mercedes Benz 230” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün müqavilə bağlanmışdır. İş üzrə AD N 143983 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, 1998-ci il buraxılışlı qara rəngli BAN WDBHA24G2XA700687 Mercedes Benz 230 minik markalı avtomobil X8 məxsusdur. İş üzrə AD N 074402 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, 2020-ci il buraxılışlı ağ rəngli BAN NVAW01HHFLE220025 KHAZAR SD minik markalı avtomobil "xxxx" MMC-yə məxsusdur. İş üzrə ƏN-İV 797150 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, sedan tipli, 1998-ci il buraxılışlı qara rəngli BAN WDBHA24G2XA700687 Mercedes Benz 230 minik markalı avtomobilin istifadə edilməsini X1 İslam Lətif oğluna etibar etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manat təşkil edir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2021-ci il tarixdən- xx.xx.2022-ci il tarixədək X3 Azərbaycan Respublikası DTX-nin Hərbi Hospitalında tibbi xidmətlər göstərildiyinə görə 5632.67 manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdən- xx.xx.2022-ci il tarixədək X3 Real Hospitalında tibbi xidmətlər göstərildiyinə görə 407.4 manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə X3 "xxxx" MMC tərəfindən tibbi xidmətlər göstərildiyinə görə 4000 manat ödəniş edilmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1981 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli hadisə üzrə təqdim edilmiş arayışda "xxxx" MMC-yə məxsus “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 1981 manat və İddiaçı2 məxsus “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə 30.003 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı1 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5149 nömrəli rəyindən görünür ki, 2013-cü il buraxılışlı “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci təxminən 22683 manat müəyyən edilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 230” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 məxsus “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan, həmçinin İddiaçı1 sağlamlığına az ağır zərər dəymişdir. "xxxx" ASC tərəfindən İddiaçı1 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı1 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun sağlamlığına 10034.2 manat zərər vurulmuşdur. Zərəri isə o, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 tələb etsə də sonuncu həmin ziyanı ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın, eyni zamanda məhkəmə xərclərinin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan motosikletə 29183 manat maddi ziyan vurulmuşdur. Həmin ziyan sığorta şirkəti və yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddiaçı həmin ziyanın, eyni zamanda məhkəmə xərclərinin cavabdehlərdən mütənasib qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə tərəfindən müəyyən olunmuş işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı1 sağlamlığına zərər vurulmuşdur. İddiaçı1 iddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115 və 1118-ci maddələri çıxış edir. Həmin normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər. İddiaçı1 sağamlığına vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur. Məhkəmə hesab edir ki, İddiaçı1 sağlamlığına vurulmuş zərərin 10034.2 manat olması müəyyən edildiyindən, İddiaçı1 "xxxx" ASC tərəfindən 1500 manat ödənildiyi çıxılmalı və qalan məbləğ yəni 8534.2 (səkkiz min beş yüz otuz dörd manat, iyirmi qəpik) manat Cavabdeh1 İddiaçı1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobillə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı2 vurulmuş ziyanın məbləğinin 29183 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5149 nömrəli rəyindən görünür ki, 2013-cü il buraxılışlı “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci təxminən 22683 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, 12 oktyabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı və “Mv Agusta F3” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulduğu müəyyən edildiyindən və “İcbari Sığorta haqqında” qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişinin bir hadisə üzrə 5000 manat olduğunu, “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1981 manat, “Mv Agusta F3” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22683 manat zərər dəydiyini nəzərə alaraq (1981+22683=24664; 5000:24664=0.20272462; 0.20272462*1981=401.6; 0.20272462*22683=4598.4; 401.6+4598.4=5000) “Mv Agusta F3” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 4598.4 manatı "xxxx" ASC tərəfindən İddiaçı2 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı2 mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 22683 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğin 4598.4 manatı "xxxx" ASC tutulduğundan qalan məbləğ 18084.6 manat Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə İddiaçı1 tərəfindən 208 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda tələbə uyğun olaraq dövlət rüsumu ödəməli olduğu halda yalnız İddiaçı1 208 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə İddiaçı1 tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 105.35 (yüz beş manat, otuz beş qəpik) manatı Cavabdeh1 aid edilməli, "xxxx" ASC-dən 65.99 (altmış beş manat, doxsan doqquz qəpik) manat və Cavabdeh1 144.26 (yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı2, 20 (iyirmi) manatı "xxxx" ASC-dən, 60 (altmış) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı1 xeyrinə sağlamlığa vurulmuş zərərə görə 8534.2 (səkkiz min beş yüz otuz dörd manat, iyirmi qəpik) manat və dövlət rüsumu olaraq 105.35 (yüz beş manat, otuz beş qəpik) manat məbləğində pul tutulsun. "xxxx" ASC-dən 4598.4 (dörd min beş yüz doxsan səkkiz manat, qırx qəpik) manat və Cavabdeh1 18084.6 (on səkkiz min səksən dörd manat, altmış qəpik) manat tutularaq İddiaçı2 ödənilsin. "xxxx" ASC-dən 65.99 (altmış beş manat, doxsan doqquz qəpik) manat və Cavabdeh1 144.26 (yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulsun. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı2, 20 (iyirmi) manatı "xxxx" ASC-dən, 60 (altmış) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar