Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-613/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya (İİİ şəxs X15 Xidməti) qarşı sığorta ödənişinin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4372/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-4372/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4372/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya (İİİ şəxs X15 Xidməti) qarşı sığorta ödənişinin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 18.09.2020-ci il tarixində baş vermiş bədbəxt hadisəyə görə sığorta ödənişinin "xxxx" MTK tərəfindən qanunla müəyyən edilmiş qaydada ödənilməsinin təmin edilməsi, çəkilmiş maddi xərclərə görə 12500 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat kompensasiyanın "xxxx" MTK tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 18.09.2020-ci il tarixində işdə olarkən, saat 16:00 radələrində şirkətin müdir müavini Aqil onu çağırıb tikintiyə məxsus olan laqondanı götürüb Sumqayıt şəhər istiqamətində duran avtomobilə minməsini bildirmiş, səbəbini isə izah etməmişdi. Maşına yaxınlaşmış, onu polis mayoru qarşılamış, adının Zamiq olduğunu, Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olduğunu bildirmişdi. Sumqayıt tərəfə yola düşmüşlər. Ünvanı müəyyən edə bilmədiyi həyət evinə aparmışdır. Ağacları kəsməyə başlamış, hündürlükdəki budağı kəsəndə üstünə aşmış, əlindəki laqonda əlini çiynindən aşağı biləkdən yuxarı kəsmişdir. Onu xəstəxanaya aparan zaman yol boyu ondan xahiş edirdi ki, hadisənin onun həyətində deyil, öz həyətində olduğunu desin. Ağrıdan və çoxlu qan itirdiyindən nə etdiyini anlamamışdır. Sumqayıt xəstəxanasında ona ilkin yardım edib Bakıya Travamotologiya xəstəxanasına getməyini bildirmişlər. Orada olduğu müddətdə şirkətdən müdir müavini Aqil, şirkətin işçisi kran sürücüsü Azər və Qafqaz adlı fəhlə də gəlmişdir. Onlar da ara vermədən olan hadisənin öz həyətində baş verdiyini deməyini xahiş edirdilər ki, sahə müvəkkili izahat almağa gələndə ona da hadisənin öz həyətində olduğunu desin. Bildirdilər ki, bütün müalicə və əməliyyat xərclərini, sağalana kimi hər ay aldığı 600 manat maaşını da şirkət tərəfindən verəcəklər. Ondan şikayət etməməyini təkid etdilər. Bir saatdan artıq təcıli yardım maşınını gözləmiş, nəhayət ki, Topçubaşov adına Travmologiya şöbəsinə çatdırılmış təcili əməliyyat olmuşdur. 3 gün müalicə olduqdan sonra pandemiya ilə əlaqədar mütəmadi həkim nəzarətində olmaq şərti ilə ambulator müalicəyə evə yazmışlar. Hal-hazırda da ambulator müalicə alır. Müalicə xərcini özü ödəyir. Müalicə xərcləri çox çıxdığına görə aylıq maaşını almaq üçün şirkətə müraciət etmişdir. Şirkətin əməkdaşı Aqil ona bildirmişdir ki, şirkətin rəhbərliyi işə çıxmadığına görə heç nə ödəməyəcək. Xəstəxanadan çıxdıqdan sonra evdə olduqda mobil telefonuna Qafqaz adlı şəxsdən zəng gəlmişdir. Qafqazla şirkətə gedərək Pərvin müəllimlə görüşmüş, orada Aqil müəllim və digər işçilər də olmuşlar. Həmin görüşdə Pərvin müəllim "sənin qohumların şikayət vermək istəyirlər, sən narahat olma, hər bir şey qaydasında olacaq maaşın vaxtlı-vaxtında veriləcək, get müalicəni al, qayıt gəl işini işlə" sözlərini deyərək vəd vermişdir. Hal-hazırda ambulator müalicə alır. İş qabiliyyətini tamam itirdiyinə görə və bərpası üçün müddət davamlı olduğu üçün işləmək qabliyyətində deyil. Aldığı xəsarətin iş zamanı baş verməsini və bununla da əmək qabiliyyətinin itirilməsinin bədbəxt hadisə nəticəsində olmasını əsas tutaraq sığorta ödənişinin alınması ilə bağlı cavabdeh "xxxx" MTK müraciət etmişdir. Bülletendə olduğu halda belə aylıq maaşını verməkdən imtina etmişlər. Onunla bərabər çalışan iş yoldaşları, müdir müavini Aqil, şirkətin işçisi kran sürücüsü Azər və Qafqaz adlı fəhlə də aldığı xəsarətin şahididirlər. 02.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək araşdırılma aparılmasını xahiş etmişdir. Abşeron Rayon Prokurorluğu tərəfindən məhkəmə-tibbi ekspertizasının 06.11.2020-ci il tarixli, 2366 nömrəli rəyi ilə müəyyən olunur ki, “aldığı xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir”. Abşeron Rayon Prokurorluğu tərəfindən "cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. 3-cü qrup gözdən əlildir, əmək qabliyyətini itirdiyinə görə işdən azad edilmişdir. Müalicəni davam etdirir. Xəstəxana xərclərini ödəyə bilmir. Müalicə xərclərindən bir qismi onu aparan polis tərəfindən ödənilib. İki dəfə əməliyyat olunmuş və xərcləri özü çəkmişdir. Hər şeyini satmış, qohumlardan, dostlardan borc almış, hazırda üçüncü əməliyyata girməlidir . Maddi durumu imkan vermir ki, əməliyyat olunsun. Başına gələnlər ailəsinə də pis təsir göstərmişdir. Həyat yoldaşı xəsarət aldığını öyrəndiyində infarkt keçirərək dünyasını dəyişmişdit. Uşaqları pullu təhsil alırdılar, ödəniş edə bilmədiyinə görə onların təhsili dayanmışdır. Bir ildir ki, işləmir, işdən çıxarıldığı üçün hər ay aldığı 600 manat pulu da ala bilmir. Məhkəmənin bu qərarını qanunsuz, əsassız və qərəzli hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları pozulmuşdur. "xxxx" MTK bədbəxt hadisədən məlumatlı olduğuna baxmayaraq, baş verməsi ona dəqiq məlum olan bədbəxt hadisə barədə rəsmi məlumat verməmiş (bu məlumatı gizlətmiş), bununla da qanunun tələbini pozmuşdur. İşəgötürən baş verən bədbəxt hadisəni gizlətməyə çalışmış, bu məqsədlə saxta akt tərtib etmiş və həmin aktda bildirilir ki, İddiaçı şirkətə məxsus laqondanı oğurlayaraq təxminən 16:15 radələrində iş yerini özbaşına tərk etmişdir. Lakin prokurorluqda araşdırılma zamanı nə bu akt olmuşdur, nə də oğurluq hadisəsi barədə məlumat. Əgər oğurluq olmuşdursa, nədən polisə müraciət olunmamışdır, oğurluq etmiş şəxs barədə tədbir görülməmişdir. Əksinə ona iş təklif olunmuş, xəstəxanada kömək edilmişdir. Məhkəmə prosesi zamanı şahid Zamiq bildirmişdir ki, direktor Cavid Əliyevlə danışaraq fəhlə istəmiş, o da Aqilə müraciət etməyi bildirmişdir. Aqil isə onu Zamiqlə göndərmişdir. Məhkəmə zamanı Zamiq bildirmişdir ki, o pul söhbəti etməmişdir, əksinə Cavid müəllimlə pul barədə danışmışdır. Məhkəmə şahid Zamiqin dediklərini qətnamədə təhrif edərək yazmışdır. Cavabdehin vəsatəti əsasında dindirilən şahid Azər isə onun saat 3 radələrindən işdə olmadığını bildirmişdir. Bu məsələlər məhkəmə zamanı öz təsdiqini tapmasına baxmayaraq hüquqi qiymət verilməmişdir. Mübahisə predmeti olan hadisə 18.09.2020-ci il tarixində iş vaxtında, saat 16:00 radələrində baş verdiyindən və icbari sığorta müqaviləsi olduğundan həmin hadisə sığorta hadisəsi hesab olunmalıdır. Əmək Məcəlləsinin 225-ci maddəsinə müvafiq olaraq, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Mübahisə predmeti olan hadisə 18.09.2020-ci il tarixində iş vaxtında saat 16:00 radələrində baş verdiyindən və icbari sığorta müqaviləsi olduğundan həmin hadisə sığorta hadisəsi hesab olunmalıdır. Cavabdeh "xxxx" MTK onun iş vaxtı xəsarət aldığını gizlətməyə çalışır. Şahid isə istintaq zamanı şirkətin direktoru Cavid Əliyevə zəng etdiyini, ondan ağac kəsmək üçün fəhlə istədiyini, ona Bağırzadə Aqillə əlaqə saxlamağı məsləhət gördüyünü bildirmişdir. O göstərir ki, Aqillə telefonla əlaqə saxlamış və onun məsləhəti və icazəsi ilə onu özü ilə bağa ağac kəsməyə aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid istintaq zamanı dediklərini təsdiq etdi. Lakin dəfələrlə tələb etməyinə baxmayaraq şirkətin direktoru Cavid Əliyev məhkəməyə çağrılmadı. Müalicə müddətində xəstəxanalara çəkdiyi xərclərə dair qəbzləri və tibb müəssisələri tərəfindən verilmiş sənədləri, xəsarəti əks etdirən foto şəkilləri məhkəməyə sübut kimi təqdim etməyinə baxmayaraq, həmin sənədlər məhkəmə tərəfindən düzgün qiymətləndirilməyib. Məhkəmə prosesi zamanı şirkət öz ərizəsi əsasında işdən çıxdığını bildirərək, işdən çıxarılmağını xahiş etməyinə dair ərizə təqdim etmişdir. İşdən çıxarılmağına dair heç bir ərizə yazmadığını , həmin ərizədə olan imzanın ona məxsus olmadığını bildirmiş, həmin imzanın ona məxsus olub-olmamasının yoxlanılması üçün məhkəmə-xəttşunaslıq ekspertizası təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq, məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə prosesi zamanı şirkət rəhbərliyi telefon danışıqlarının olmadığını və şirkəti özbaşına tərk etdiyini bildirmişlər. Lakin bu şəxslərin telefon danışıqlarında kimin və nə zaman onu şirkətdən kənara göndərdiyi öz əksini tapmışdır. Pozulmuş mənafeyini, hüquqlarının kobud şəkildə pozulduğunu nəzərə alaraq bu telefon nömrələrindən hansı telefon nömrələrinə zənglərin gəlməsi və həmin nömrələrdən hansı telefon nömrələrinə zənglərin getməsinin və danışıqların mətninin müəyyənləşdirilməsi və bu məlumatların əldə edilməsi üçün “Azərcell” və “Bakcell” şirkətlərinə sorğu verilməsi zərurəti yaranmışdır. Mülki Prosesual Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq X2 istifadə etdiyi 055 *** ** ** mobil telefon nömrəsinə 18 sentyabr 2020 -ci il tarixdə saat 9:00-dan saat 19:00-a qədər olan müddət ərzində hansı telefon nömrələrindən zənglərin gəlməsi və həmin nömrələrdən hansı telefon nömrələrinə zənglərin getməsi və həmin telefon danışıqlarının mətninin müəyyənləşdirilməsi, şirkətin direktoru X26 oglunun istifadə etdiyi 055 *** ** ** mobil telefon nömrəsinə və Şahid istifadə etdiyi 050 *** ** ** mobi, telefon nömrələrinə 18 sentyabr 202 0 -ci il tarixdə saat 9:00-dan saat 19:00-a qədər olan müddət ərzində hansı telefon nömrələrindən zənglərin gəlməsi və həmin nömrələrdən hansı telefon nömrələrinə zənglərin getməsi müəyyənləşdirilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Qeyd edilənlərdən açıq-aydın görünür ki, məhkəmə tərəfindən mülki işin halları düzgün araşdırılmamış, mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. İş zamanı bədbəxt hadisə nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət alan fəhlənin dərhal işdən azad olunması heç bir məntiqə sığmır. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4372/2021 saylı 15 noyabr 2021- ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, İddiaçı 16.10.2019-cu il tarixdə "Xalq-City” MTK-ya fəhlə ştatına qəbul edilmiş, 12.10.2020-ci tarixdə isə öz xahişi ilə işdən azad edilmişdir. Belə ki, Cavabdeh S Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 15-ci kilometrliydə çoxmərtəbəli yaşayış binasının "C” blokunun inşası zamanı MTK-nın fəhləsi İddiaçı 18.09.2020-ci il tarixdə təxmini olaraq saat 16:15 radələrində rəhbərliyə heç bir məlumat vermədən iş yerini özbaşına tərk edərək çıxıb getmişdir. Bu barədə həmin günə akt tərtib edilmişdir. Elə həmin gün, təxminən saat 17:50 radələrində Abşeron Rayon Polis idarəsinin təhqiqatçısı kimi özünü təqdim edən Zamiq adlı şəxs kooperativin işçisi Aqil Bağırzadəyə zəng edərək İddiaçı ona məxsus həyətdə ağac kəsərkən kəsici alətlə (laqonda) özünə xəsarət yetirdiyini, sonuncunu xəstəxanaya apardığını bildirmişdir. Bu məlumatı alan kimi, dərhal, şirkətin əməkdaşları İddiaçı aparıldığı Sumqayıt Travmatologiya Xəstəxanasına getmiş, sonuncuya baş çəkmişdir. Xəstəxana xərcləri ilə bağlı müəyyən ödənişlərdə köməklik göstərmiş, evinə bazarlıq edilmiş, hətta rəhbərlik adından sağalıb işə qayıtmasını, ona öz istəyinə uyğun başqa işlə təmin olunacağı bildirilmişdir. Mayis bu iş təklifi ilə əvvəlcə razılaşmış, sonradan işləmək istəmədiyini bildirib imtina etmiş və öz xahişi ilə işdən azad olunması barədə ərizə vermişdir. Lakin, İddiaçı bu təklifə heç bir məhəl qoymadan Abşeron Rayon Prokurorluğuna şikayət etmiş, prokurorluq tərəfindən toplanmış yoxlama materiallarında cinayət hadisəsi müəyyən edilmədiyindən 266-C-20 nömrəli material üzrə 11.01.2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. İddiaçı öz şəxsi maraqları naminə pul qazanmaq istəyi altında başqasının həyətində işləyərək təhlükəsizlik tədbirləri görmədən öz ehtiyatsızlığı ucbatından qolunu kəsərək xəsarət almışdır. Hadisə baş verən vaxt adını hallandırdığı şirkətin təchizatçısı olan Aqil Bağırzadə şirkətin adından digər işçiləri hər hansı bir yerə iş üçün göndərmək kimi səlahiyyətə malik olmamışdır. Həm də adları qeyd olunan Qafqaz və Pərvin adlı şəxslər belə şirkətin əməkdaşları olmamış, hər hansı bir vəd vermək və ya öhdəlik götürmək səlahiyyətinə malik deyillər. Şirkətə məxsus laqondanı da özbaşına olaraq, heç kəsə məlumat vermədən götürüb, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Eləcə də hadisə əgər şirkət ərazisində və ya şirkətin təqsiri ucbatından baş verməyibsə, adları çəkilən şəxslər Aqil, Azər və ya Qafqaz adlı şəxslər nədən Mayisi hadisənin öz həyətində olduğunu deməyə vadar və ya xahiş etsinlər, şikayət etməməyini təkid etsinlər və ya bütün müalicə və əməliyyat xərclərini sağalana kimi çəkmək kimi vədlər versinlər. Cinayət isinin başlanmasının rədd edilməsi haqqında” Qərarda Abşeron RPİ-də TS-də bas təhqiqatcı vəzifəsində çalısan, izahatı alınmış Şahid ifadəsindən bəlli olur ki, pul müqabilində Mayisi qaynatası X16 rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində qurumuş ağacların kəsilməsi məqsədilə gətirmiş və hadisə də məhz həmin həyətdə bas vermişdir. Həmçinin həmin Qərarda alınmış ifadələrdən məlum olur ki, hadisə təxminən 17 radələrindən sonra baş vermişdir, nəzərə alınsa ki, İddiaçılə "Xalq-City” MTK arasında 16.10.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iş saatı 17:00-da qurtarırsa, hadisənin iş vaxtı ərzində belə baş vermədiyi məlum olur. İddiaçı aldığı xəsarətlə bağlı bütün müalicə xərclərini və dərmanların pulunu da Şahid ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı HB Güvən Klinikasına EMG iynəsi üçün 18.12.2020-ci il tarixdə 118 AZN, həkim travmotoloq X3 anchore məhsulu üçün 1500 AZN, cəmi 1618 AZN xərc çəkmişdir. İddia etdiyi 12500 manat şişirdilmiş məbləğ olmaqla formal rəqəmlərdən ibarətdir. Hadisə baş verməsindən işdən çıxan günə qədər (18.09.2021- 12.10.2021) humanistlik edilərək İddiaçı orta əmək haqqı saxlanılmış və ödənilmişdir, baxmayaraq ki, o, işə gəlməmiş, işə gəlməməyinin üzürlü və ya üzürsüz səbəbdən baş verməsi barədə heç bir məlumat (sənəd-tibbi rəy, bülleten və s.) təqdim etməmişdir. Həmçinin, İddiaçı şirkət tərəfindən hər hansı bir yerə işləmək üçün göndərilməsinə dair heç bir tapşırıq verilməmiş və bu barədə MTK-da rəsmi sənəd (məlumat) qeydə alınmamışdır. İddia ərizəsində qeyd olunan hadisə də “Xalg-City" Mənzil Tikinti Kooperativinin tikinti ərazisində və iş vaxtı baş verməmişdir. Həm də İddiaçı səhhəti ilə əlaqədar həkimlərin icazəsinin olmadığını bildirib, işləməkdən imtina etmiş, baxmayaraq ki, şirkət tərəfindən başqa iş də təklif edilmiş, lakin o, təklif olunan işləri qəbul etməmiş öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırki istəkləri məhz şantaj və böhtan xarakteri daşımaqla, şirkətdən pul qoparmaq məqsədi daşıyır. Göründüyü kimi, sığorta hadisəsini müəyyən edən sənədlər mövcud deyil və iddia ərizəsinə əlavə edilən sənədlərlə də sübut olunmur. Göründüyü kimi, İddiaçı şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən öz ehtiyatsızlığı ucbatından xəsarət almış və bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdırilmədiyindən və uçota alınmadığından, habelə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən o, sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxs kimi qiymətləndirilə bilməz və işəgötürən baş vermiş hadisə və xəsarətlərə görə heç bir məsuliyyət daşımır. M.Məmivev hesab etsəydi ki, hüquqları və ya qanunla qorunan mənafeyi pozulub, aşkar etdiyi gündən fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət etməli idi, lakin etməmişdir. Prokurorluğa müraciəti isə hadisə bas verəndən 2 aya yaxın müddətdən sonra baş vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını, Abşeron Rayon Məhkəməsinin 2(012)-4372/2021 saylı 15 noyabr 2021- ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə üçüncü şəxs X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsində iştirak etmiş İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X12 bildirmişdir ki, hadisə olan vaxt X15 Xidmətinə müraciət edilməlidir. Bu müraciəti ya idarə ya da şəxs özü etməlidir. Polisdə belə araşdırma olanda onlara məlumat verilməmişdir. Sonradan iddiaçının vəkili müraciət etmişdir. Onun müraciətinə cavab verilmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, "xxxx" MTK-da kran sürücüsü işləyir. İddiaçı Mayis da həmin MTK-da fəhlə işləyirdi. Laqonda, direl və s. alətlərdən istifadə edirdi. Həmin alətlər onun otağında olurdu. O, sakit adam idi.Hadisə günü saat 3-dən sonra onun işdə olmadığını bilmişdir. Evə gedəndə Mayisin xəstəxanada olduğunu eşitmiş, Sumqayıta xəstəxanaya onun yanına getmiş,onu orada görmüş, paltar vermişdir ki, dəyişsin. Ondan səbəbini soruşduqda bağda işləyəndə yıxıldığını demişdir. Sonra Mayisi Bakıya aparmışlar. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, "xxxx" MTK-nın sədri Cavid Əliyev ilə yaxın münasibəti vardır. O, Cavid Əliyevə qaynatasının bağ evində ağacları budamağa haqqını ödəməklə fəhlə lazım olduğunu bildirmiş, Cavid ona MTK-da Aqil adlı şəxslə əlaqə saxlamasını demişdir. O da hadisə günü 18 sentyabr 2020-ci il tarixdə saat 17:00 radələrində Aqillə əlaqə saxladıqda, Aqil Mayısı məsləhət görmüşdür. Həmin radələrdə MTK-nin qarşısına gəlmiş və Mayısı Novxanıya bağ sahəsinə aparmışdı. Mayıs bir budaq kəsdi, ikincini kəsəndə səs eşidildi. Ona yaxınlaşdıqda qolunun kəsildiyini görmüş, onu həkimə aparmışdır. Bütün müalicə xərclərini özü çəkmişdir. Ona əlindən gələn köməyi etmişdir. İş materiallarında olan “İstanbul NS” Klinikası tərəfindən 23.01.2021-ci ildə edilmiş Trokal KT müayinəsindən müəyyən edilir ki, İddiaçı (1972) Trokal orqanları KT müayinəsi görüntüləri patologiyasızdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin X11 Çıxarış Epikrizindən müəyyən edilir ki, İddiaçı qəbul tarixi 18.09.2020 çıxış tarixi 22.09.2020, QİSA: ANAMNEZ. Fiziki müayinə: Xəstənin dediyinə görə saat 05 radələrində evdə məişət işləri görərkən laqonda mişarı təsadüfən kəsmişdir. Xəstə Sumqayıt şəhər Travmatologiya şöbəsinə aparılandır. Orada yara təftiş olundu, tikişlər qoyularaq klinikaya göndərildi. Müalicə: 18.09.2020 tarixində təcili qaydada intubasion narkozun tətbiqi ilə “Yaranın təftişi. Bazu arteriyasının trombejtomiya. Mil sinirin, bükücü əzələlərin və vətərlərin bərpas” cərrahi əməliyyatı icra olundu. Əməliyyatdan sonrakı dövrdə kompleks konservativ müalicə (Seftriakson, Metronidazol, Qlükoza, Ringer, Kleksan) aparılmışdır. Xəstə kafi vəziyyətdə ambulator müalicəyə yazılır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən 06.11.2020-ci il tarixli Ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X8 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu arteriyasının zədələnməsi-trombozu, sağ mil sinirinin, bükücü əzələ və vətərlərinin zədələnməsi, sağ yuxarı ətrafın işemiyası ilə müşayiət olunan, eləcə də sağ əlin funksiyasının pozulması ilə nəticələnən sağ bazunun aşağı 1/3-i, dirsək çuxurunu və saidin yuxarı 1/3-ni əhatə edən geniş ölçülü kəsilmiş-didilmiş yarası - iti mişarlayıcı alətin təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 18.09.2020-ci il tarixdə işləyən laqondanın mişar hissəsinin təsiri nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə həyat uçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Mülki işin materiallarında olan "xxxx" MTK-nın 16.10.2019-cu il tarixli Əmr 10/13 görünür ki, İddiaçı – 16.10.2019-cu il tarixdən "xxxx" MTK-da müddətsiz fəhlə vəzifəsinə təyin edilmiş. Əmək haqqı ştat cədvəlinə əsasən müəyyən edilmişdir.iş saatı 09.00-dan 17.00-dək, nahar fasiləsi 13.00-14.00-dur. Mülki işin materiallarında olan 11.01.2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 18.09.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində hündürlükdə laqondayla ağac kəsən zaman sağ əlinin çiynindən aşağı biləkdən yuxarı nahiyəsindən kəsilmiş-didilmiş xəsarətlər alması barədə X14 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən, 266-C-20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MTK-nın 12.10.2020-ci il tarixli Əmr 21/20 görünür ki, İddiaçı - Cavabdeh fəhləsi ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2020ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan X14 "xxxx" MTK-ya ünvanlanan 12.10.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, onu 12.10.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi ilə bağlı xahiş etmişdir. Mülki işin materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X19 "xxxx" MTK 12.10.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.a) tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarına əlavə olunan 18.09.2020-ci il tarixli “Xalq-City" Mənzil Tikinti Kooperativinin fəhləsi X9 ış yerini özbaşına olaraq tərk etməsi barədə aktdan görünür ki, , "xxxx" Mənzil Tikinti Kooperativində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 15-cı kılometrlıydə çoxmərtəbəli yaşayış binasının C blokunun inşası zamanı MTK-nın fəhləsi X8 18 09 2020-cı ıl tarixdə təxmini olaraq saat 16:15 radələrındə rəhbərliyə heç bır məlumat vermədən ış yerinı özbaşına tərk edərək çıxıb getdiyi aşkar olundu. Mülki işin materiallarına əlavə olunan "xxxx" ASC ilə “Xalq-City" Mənzil Tikinti Kooperativinin sədri X18 arasında bağlanmış 17.07.2019-cu il tarixli 1083-19 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin 1-ci bəndinə əsasən Binaların tikintisi fəaliyyəti ilə məşğul olan Sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında işlərin və ya xidmətlərin həyala keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar") həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə Sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürür. Mülki işin materiallarına əlavə olunan Sumqayıt Tibb Mərkəzi PHŞ X25 Xəstəxanası tərəfindən 08.08.2021-ci il tarixdə verilmiş Xəstəxanının zədə məntəqəsinə müraciət edən xəstələrin qeydiyyat kitabından çıxarışdan görünür ki, İddiaçı, 1972-ci il təvəllüdlü, 18.09.2020-ci il tarixdə saat 17:40-da Sumqayıt şəhər X25 Xəstəxanasının zədə məntəqəsinə müraciət edib. D-z: Sağ bazu və said nahiyyəsinin kəsilmiş-cırılmış böyük ölçülü yarası. Əzələ vətər dəstinin kəsilməsi ilə. Yara birinci cərrahi işlənib. Aseptik sarğı qoyulub və Topçubaşov adına ET X7 Tibbi Yardımla göndərilib. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02.07.2021-ci il tarixli məktubdan görünür ki, onun 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh sabiq işçisi İddiaçı iş vaxtı xəsarət alması ilə bağlı sorğu məktubu əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətində əlavə araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh MTK-nın təchizatçısı X2 göstərişi əsasında ağac budanma işinə göndərildiyini və həmin işi görərkən xəsarət aldığını bildirmişdir. Cavabdeh MTK-nın rəhbərliyi təqdim etdiyi 14 iyun 2021-ci il tarixli, 42 nömrəli məktubda 18 sentyabr 2020-ci il tarixdə saat 1615 radələrində İddiaçı rəhbərliyə məlumat vermədən iş yerini özbaşına tərk edərək çıxıb getdiyi və ona digər yerdə işləmək üçün heç bir tapşırıq verilmədiyi qeyd edilmişdir. Həmin dövrdə Cavabdeh MTK-nın təchizatçısı işləmiş A.Bağırzadə izahatında ağac budanma işi ilə bağlı İddiaçı göstəriş vermədiyini, onun əlavə pul qazanmaq məqsədilə yuxarıda qeyd edilən işi görməyə getdiyini bildirmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin işi ilə əlaqəli olmasını təsdiq edən hər hansı fakt olmadığından, hadisənin istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Məsələ ilə bağlı İddiaçılə kooperativ arasında mübahisəli hal yarandığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsi iddiaçının 18 sentyabr 2020-ci il tarixdə iş saatının sonunda saat 17:00 radələrində özünün razılığı ilə,haqqı ödənilməklə Zamiq adlı polis nəfəri ilə birlikdə Novxanıda ağacların budağının kəsilməsi məqsədi ilə getdiyi müəyyən müəyyən edilməsini, iddiaçının gedərkən MTK-ya məxsus olan laqondanı özü ilə aparmalı olması barədə MTK tərəfindən icazənin verilməsinin iddiaçının özünün izahatından başqa hər hansı sübutla, o cümlədən Abşeron rayon Prokurorluğunun Cinayət işin başlanmasının rədd edilməsi barədə 11 yanvar 2021-ci il tarixli qərarında izahatları qeyd edilən MTK-nın təchizatçısı X5, həmin MTK-nın sədri X10 izahatları və işdə olan digər sənədlərlə təsdiq olunmamasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02.07.2021ci il tarixli məktuba əsasən onun 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh sabiq işçisi İddiaçı iş vaxtı xəsarət alması ilə bağlı sorğu məktubu əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətində əlavə araşdırma aparılmasını, araşdırma zamanı İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin işi ilə əlaqəli olmasını təsdiq edən hər hansı faktın olmadığından, hadisənin istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də MPM-nin 89, 76, Mülki Məcəllənin 21.2,1096, 1097.1, 1108.1, Əmək Məcəlləsinin 217, 225, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirilməsi hallarından icbari sığorta haqqında”Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır . Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Həmin Məcələənin 225-ci maddəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirilməsi hallarından icbari sığorta haqqında”Azərbaycan Respublikası Qanununu 10.1.maddəsinə görə bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 10.2. Bu Qanunun 9.1.4-cü maddəsində nəzərdə tutulmuş sorğulara səlahiyyətli dövlət orqanları yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Qeyd edilən iş materiallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X1 ifadəsinə görə o, hadisə günü 18 sentyabr 2020-ci il tarixdə saat 17:00 radələrində MTK-nin qarşısına gəlmiş və Mayıs adlı şəxsi haqqı ödənilməklə bağ sahəsinə aparmış, bir budaq kəsmiş, ikincini kəsəndə onun qolunun kəsildiyini görmüş, onu həkimə aparmışdır. Habelə iş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ X25 Xəstəxanası tərəfindən 08.08.2021-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, İddiaçı, 1972-ci il təvəllüdlü, 18.09.2020-ci il tarixdə saat 17:40-da Sumqayıt şəhər X25 Xəstəxanasının zədə məntəqəsinə müraciət edib. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi xüsusatı, 18.09.2020-ci il tarixində işdə olarkən saat 16:00 radələrində şirkətin müdir müavini Aqil onu çağırıb, tikintiyə məxsus olan Laqondanı götürüb Sumqayıt şəhər istiqamətində duran avtomobilə yaxınlaşmasını, onu gözləyən polislə gedəcəyini bildirməsini, təsdiq edəcək mötəbər sübutlar mövcud deyild. Qeyd edilən faktlar yalnız iddiaçının izahatı ilə müəyyən edilir. Lakin həmin xüsusatlar şahid ifadələri və iş materialarında olan 11.01.2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində göstərdiyi halları sübuta yetirə bilməmiş, buna dair hər hansı sübutları təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı çəkilmiş xərclərə görə 12500 manat maddi ziyan, eləcə də 10000 manat mənəvi zərərin dəyməsini bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsələr də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdılırılaraq qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4372/2021 saylı 15 noyabr 2021- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-613/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-613/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver