Məhkəmə qərarları › İş №2(009)-1137/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1137/2025

02.06.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1137/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “şəxsin ölmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “şəxsin ölmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X4 ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlu X11 xx.xx.2014cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək naməlum yolla Suriya Ərəb Respublikasına və İraq Ərəb Respublikasına gedərək, həmin ölkələrin ərazisində yaradılmış silahlı dəstələrin tərkibinə daxil olmuş və döyüşlərdə iştirak etmişdir. Onlarda olan qeyri-rəsmi, şifahi məlumatlara əsasən X3 Ərəb Respublikasında döyüş əməliyyatları zamanı həlak olmuş, oğlunun həyat yoldaşı X5 isə İraq Ərəb Respublikasında həbsdədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1536/2023 nömrəli qətnaməsinə əsasən oğlu X11 xx.xx.2019-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının ərazisini tərk etdiyi və geri qayıtmamasını sübuta yetirərək, vətəndaşlığının itirilməsinə dair qətnamə çıxarılmışdır. X4 3 övladı - xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasına gətirilmişlər və xx.xx.2022-ci il tarixli 133 №-li sərəncam əsasında o, onların üzərində qəyyum təyin edilmiş və uşaqlar hazırda onunla birlikdə ünvan 1 ünvanında yaşayırlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-37/2-M-5178-26-1-08-15918/2023 nömrəli məktubundan görünür ki, X4 Azərbaycan Respublikası vətəndaşlığı itirməsi qət edilmişdir. Qeyd olunan ərizədə göstərilən icraat işi üzrə maraqlı şəxs odur - Ərizəçi, çünki Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci tarirxli, 133 nömrəli sərəncamı ilə X4 3 övladı - xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmiş və uşaqlar hazırda onunla birlikdə ünvan 1 ünvanında yaşayırlar. «Şəxsin ölmüş hesab edilməsi» oğlunun sənədlərinin, eləcə də gələcəkdə nəvələrinin sənədlərinin qaydasında olması üçün ona lazımdır. «Şəxsin ölmüş hesab edilməsi»ni təsdiq edən fotoşəkil var. Həmin şəkil xüsusi icraat qaydasında işə baxılarkən məhkəməyə təqdim edilmişdir. X4 olduğu yer dəqiq məlum deyil, beş ildən çox müddətdir ki, yaşayış yerində görünməmiş, üç ildən artıq müddətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-сü il tarixli, 2(009)-1536/2023 nömrəli qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14 may 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası - Ərizəçi, anası X2r. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1536/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 01 yanvar 2019-cu il tarixindən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş halları: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1536/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 01 yanvar 2019-cu il tarixindən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşı X11 xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk edərək qeyri-qanuni yollarla Suriyaya gedərək həmin ölkənin ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin tərkibinə daxil olub həmin ölkənin ərazisində aparılan silahlı münaqişələrdə və terror əməliyyatlarında iştirak etməsi hallarının mövcudluğunun hüquq mühafizə orqanı tərəfindən aparılan araşdırmalarla təsdiq olunmasına” dair rəylə məhkəməyə müraciət edərək şəxsin vətəndaşlığının itirilməsini xahiş etmiş və xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş X11 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olduğuna görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-10767/2018 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü X11 ilk dəfə xx.xx.2006-cı il tarixdə AZE – 10022776 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, xx.xx.2014-cü il tarixdə ona verilmiş AZE- 14426446 nömrəli şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixl 08/452 nömrəli məktuba əsasən vətəndaşlıqdan məhrumetmə səbəbilə deaktivləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti xx.xx.2023-cü il tarixli məktubu ilə xx.xx.1992-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə ölkədən çıxışı qeyd olunmuşdur. Giriş barədə məlumat qeydə alınmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 133 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 üzərində babaları Ərizəçi qəyyum təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. - 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. - 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. - 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. - 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. - 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. - 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1536/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 01 yanvar 2019-cu il tarixindən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara və araşdırmalara əsasən belə qənaətə gəlir ki, xx.xx.1992-ci il təvəllüdlü X8 ölmüş hesab etmək üçün kifayət qədər əsas vardır. Məhkəmə, işin faktiki hallarını, yəni X4 2014-cü ildə Azərbaycan Respublikasını tərk etməsini və geri qayıtması barədə məlumat olmadığını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq rəyində istinad edilən halları və məhkəməyə müraciət etməsini, X4 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə kifayət qədər əsaslar olduğuna görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-10767/2018 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1536/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə onun 01 yanvar 2019-cu il tarixindən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qanuni qüvvəyə minmiş qətnamələr olmasını, başqa sözlə onun yaşayış yerində onun harada olması barədə beş ildən çox müddətdirki məlumat olmamasını və bununla bağlı qanunvericiliyin tələblərini nəzərə alaraq, X4 ölmüş elan edilməsini mümkün hesab edir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq, X4 ölmüş elan edilməsi vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 ölmüş elan edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-316-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 ölmüş elan edilsin. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar