Məhkəmə qərarları › İş №2(009)-1148/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1148/2025

19.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1148/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 43, 1 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail r-nu, Buxta küçəsi, ev 43, 1 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlə o, Bakı şəhərində yerləşən hotellərin birində birlikdə işləmişlər. Cavabdehin qeydiyyatı olmadığından sosial yardım ala bilmirdi, ona görə də ona müraciət edərək sosial yardım almaq üçün ona harasa qeydiyyata düşməsini ondan xahiş etmişdir. O da bir insanlıq edib, cavabdehi öz mülkiyyətində olan Bakı şəhəri, Səbail r-nu, Buxta küçəsi, ev 43, 1 saylı mənzilə keçən ilin oktyabr ayında qeydiyyata düşməsinə razılıq vermişdir. Sonradan cavabdeh yaşayış yerinin olmadığını ona bildirərək 1-2 ay müddətinə müvəqqəti olaraq onun mülkiyyətində olan mənzildə yaşamaq istədiyini bildirmişdir. O da bununla razılaşaraq cavabdehin mülkiyyətində olan mənzildə yaşamasına razılıq vermişdir. Lakin 1-2 ay müddət keçdikdən sonra cavabdeh onun mənzilindən çıxmamış hətta onun həmin mənzilə daxil olmağına şərait də yaratmamışdır. Ona görə də mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi, cavabdeh 10 ildən çoxdur ki, hazırki, mənzildə yaşamır. Həmin şəxsin həmin mənzildə yaşamasına tərəfindən heç bir maneçilik göstərilmir. Hazırda 10 ildən çox müddət ərzində cavabdeh könüllü surətdə həmin mənzildən istifadə etməməsi onun həmin mənzilə ehtiyacının olmaması qənaətinə gəlməyə əsas verir və bu səbəbdən cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Hazırda cavabdehin sözügedən mənzilə heçbir istifadə hüququ olmadığına görə cavabdeh həmin mənzdilən çıxarılmaldır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, 2024-cü ilin avqust ayında evi almışdır, sentyabr ayının 14 və ya 15-i cavabdehlər oraya köçmüşlər, cavabdehi oktyabr ayında qeydiyyata salmış, sosial yardımla bağlı cavabdehə oraya köçməsinə icazə vermişdir. Lakin, köçəndən sonra aralarında mübahisə yaranmış və cavabdeh onu öz mənzilinə daxil olmağa maneə törədir. Onun barəsində cavbdeh polisə də şikayət etmişdir. Buna görə də, onunla birlikdə evə daxil olmaq istəmir. Hazırda mənzilinə köçə bilmir, kirayədə yaşamaq məcburiyyətindədir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, onlar 5 ildir birlikdə bir ailə kimi yaşayırlar, öncə Qurban Abbasov, ev 56 ünvanında iddiaçının atasına məxsus evdə yaşamışlar, ailəsi ilə də aralarında gediş-gəliş olmuşdur. Böyük qızı ilə mübahisəsi olduğuna görə 102 xidmətinə müraciəti olmuşdur. Sumqayıtda onun evi satılmışdır. Evin pulunu və uşaqlara ödənilən aliment pulunu iddiaçı xərcləmişdir. xx.xx.2024-cü il tarixində hazırki mənzilə evə köçmüşdür. Hazırda 3 otaqlı evdə üç uşağı ilə birlikdə yaşayır. Oktyabr ayında dava olandan və onların polisə müraciətindən sonra iddiaçı həmin evdə yaşamır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı, X1, Cavabdeh, X2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, İddiaçı ünvan 1 ünvanına mülkiyyət hüququ 18 iyul 2024cü il tarixində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibbətində olmaqla 5 ilə yaxınb müddətdir ki birlikdə yaşamışlar, lakin 2024-cü ilin oktyabr ayından münasibətləri pozulmuşdur. Hazırda cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus mənzildə yaşayır, iddiaçı isə həmin mənzildə yaşamır. İddiaçı mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının onun satılmış evinin pullarını xərcləməsinə istinad edərək mübahisəli mənzildə yaşamalı olduğunu bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Qərarda həmçinin göstərilmişdir ki, “mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının ailə üzvü olmamaqla onun həmin mənzilə hər hansı bir formada hüququ müəyyən edilmir. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən çıxmaması mülkiyyətçi olan İddiaçı mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməyərək, onun bu hüquqdan istifadə imkanı cavabdeh tərəfindən məhdudlaşdırılır. Məhkəmə iddiaçının “onun satılmış evinin pullarını xərcləməsinə istinad edərək mübahisəli mənzildə yaşamalı olduğuna” dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh müvafiq sübutlar mövcud olduğu halda pul tələbinə dair iddia ilə ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Lakin, bu dəlillər iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Qeyd edilən işin faktiki hallarına və yuxarıda sadlanan ölkədaxili və beynəlxalq hüquq normalarının mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı özünə məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılmalı, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar