Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1149/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2023-cü ildə hazırkı ş üzrə mübahisə predmeti olan ünvan 1, 7 nömrəli özbaşına tikilini almışdır. Həmin ev 2 otaq, 1 zaldan ibarətdir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun sahibliyindəndir, kommunal xərclər onun tərəfindən ödənilmişdir. Hazırkı iş üzrə Cavabdeh1 onun oğlu, Cavabdeh2 İslam qızı isə onun keçmiş gəlinidir. Onlar 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahlarını xx.xx.2014-cü il tarixdə Bakı “ASAN xidmət” mərkəzində qeydə aldırmışlar. Cavabdehlərin yaşamağa evləri və kirayədə qalmağa maddi imkanları olmadığından o, öz evini müvəqqəti yaşamaq üçün onlara vermişdir. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı 3 övladları doğulmuşdur. Cavabdehlərin arasında münasibətlər son dərəcə kəskinləşmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2308/2024-006 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Lakin onlar onun evində yaşamaqda davam edirlər. Onların mübahisə və münaqişələri onun sahibliyində olan əmlakından normal şəkildə istifadə etmək imkanını aradan qaldırır. Buna görə də o, onların evdən çıxmalarını tələb edir. Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 45-də, Cavabdeh2 İslam qızı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət döngəsi, ev 33 “b”-də qeydiyyatdadır. Cavabdehlə dəfələrlə xəbərdarlıq edərək evdən çıxmalarını,mənzilin boşaltmaları tələb etmişdir. Lakin onlar mənzildən çıxmaq, əşyalarını evdən çıxarmaq istəmirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İslam qızının əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşməklə onun sahibliyində olan 7 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, mübahisəli mənzili iddiaçı 2023-cü ildə almışdır. İddiaçı özü rayonda yaşadığından, müvəqqəti olaraq evi oğlu və gəlinin yaşaması üçün onlara vermişdir. Hazırda iddiaçı rayondan Bakıya köçüb gəlmək istəyir və ailə qurub orada yaşamaq istəyir, ona görə də cavabdehlərin mənzildən çıxarılmasını istəyir. Cavabdehlər artıq boşanmışlar. Mübahisəli evin alınmasına çəkilən xərcin hamısı iddiaçı tərəfindən verilmişdir. Bankdan kredit götürülmüş, ev girov qoyulmuş, eyni zamanda daşınmaz əmlaklar satılmışdır. Evin alınmasına verilən pulu onu satan qadın - Nəzakət Kərimova da təsdiq edə bilər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, mübahisəli evi atası 2023-cü ildə almışdır. Onlar kirayə qalmışlar, kirayə pulunu ödəyə bilmədiyindən atası evi müvəqqəti olaraq onlara vermişdir. Evi onların yaşaması üçün alınmış və demişdir ki, “pulunuz olanda özünüzə ev alarsınız”. Onlar ipotekaya ev almış, ödəniş edə bilmədikləri üçün 23.000 manata satmışlar, həmin pulun 3000 manatı işə düzəlmək üçün vermiş, 3000 manatı polisə vermişdir, qalan məbləği isə ailənin borclarının ödənilməsi üçün vermişdir. Evi atası almışdır 45.000 manata, ilkin olaraq kommunal xidmətlər üzrə müqavilələr ona görə onunla bağlanılmışdır ki, atasının həmin vaxtı şəxsiyyət vəsiqəsi itmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ailə həyatı qurduğu vaxtdan ailəni o, saxlamışdır. 3 övladı var. Özü tibb müəssisəsində işləyir, 1000 manat maaş alır, əlavə iş görərək qazanc əldə edir. Xırdalanda yerləşən evi ipotekaya götürmüşlər. Həyət evində yaşamaq istədikləri üçün həmin evi satmışlar, hazırkı evə baxıb bəyənmişlər, satıcı Nəzakət xanım əvvəl 70.000 manata satdığını bildirmiş, sonra Mehman təkid edərək evin qiymətini aşağı salmış və 45.000 manata alınmışdır. Kirayədə 1 ilə yaxın yaşamışlar, təmir müddətində. Evin pulunu ona məxsusdur. Pulu Mehman taxtanın altında gizlətmişdir. Qaynatası Aslan həmin evi almamışdır,2-3 min manat kömək etmişdir. İndi 3 uşaqla onu çölə atmaq istəyirlər. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, evin iddiaçı tərəfindən əldə edilməsi barədə məhkəməyə təqdim edilən sübutlar mötəbər deyil, ev 2023-cü ilin iyun ayında alınmışdır. İddiaçı tərəfindən isə əmlakın satılması barədə alqı-satqılar həmin aydan sonra bağlanılmışdır. Kredit isə iddiaçı digər oğluna ev almaq üçün götürmüşdür. Evin pulu nümayəndəsi olduğu cavabdehə məxsus olmuşdur. Mehman heç bir yerdə işlməməmişdir, ailəni də Lamiyə saxlamışdır. Evin pulunun bir hissəsi ipotekayaya götürülən evin satışından əldə olunan pul vəsaiti, digər hissəsi Lamiyənin qazandığı pul vəsaiti olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 1ndə yerləşən ö/t 7 saylı evi İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ev üzrə kommunal xidmətləri (qaz, su) ödəyir. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş 19477 saylı mənzil kirayəçisi haqqında məlumatın surətindən görünür ki, özbaşına tikili olan E.Əzizov küçəsi, ev 7b ünvan üzrə şəxsi hesab vərəqəsi ərizə əsasında kommunal xidmətləri ödəmək üçün xx.xx.2024-cü il tarixdə İddiaçı adına dəyişdirilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon MKTB-nin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, 149 saylı MKİS-də olan mövcul sənədlərdə Səbail rayonu, 20-ci sahə, E.Əzizov küçəsi, Salyan yolu 2, 3B ünvanı olmadığına görə Cavabdeh1 adına hər hansı bir sənədin olub-olmaması haqqında məlumat verilməsi imkanları xaricindədir. İş üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı Xidməti” X8 elektron bazasında vətəndaş Cavabdeh1 adına (abonent kodu: **********001, müqavilə No 47345452, müqavilə tarixi: xx.xx.2003-cü il) müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixdə isə vətəndaş İddiaçı (abonent kodu: **********001, müqavilə № 49488491, müqavilə tarixi xx.xx.2025-ci il) adına ad dəyişikliyi olmuşdur. İş üzrə “Azəriqaz” İB tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında X1 Sistemində xx.xx.2023-cü il tarixdə (kod:**********00005) istehlakçı hesabı Cavabdeh1 adına qeydiyyata alınmışdır və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-0550377/06-23 nömrəli müqavilə bağlanmışdır. Lakin Cavabdeh1 öz razılıq ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə (kod:**********00005) istehlakçı hesabı İddiaçı adına rəsmiləşdirilmişdir və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AK-01038/04-25 nömrəli müqavilə bağlanmışdır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 1 saylı ünvan 5 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olmaqla adına Qazax rayonu, Yuxarı Salahlı kəndində üzərində fərdi yayış evi olan 0,25 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi reyestrdən çıxarış verilmişdir. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı əsasında Cavabdeh1 digər ailə üzvü ilə ümumi birgə mülkiyyətdə olmaqla Qazax rayonu, Yuxarı Salahlı kəndində 1,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-82 nömrəli dövlət aktı tərtib edilmişdir. Cavabdeh1 digər ailə üzvləri ilə paylı mülkiyyətdə olmaqla (3/5 hissə) adına Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 1,99 ha torpaq sahəsinin 0,7049 ha hissəsinə dair xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh1 digər ailə üzvləri ilə paylı mülkiyyətdə olmaqla (3/5 hissə) adına Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 1,99 ha torpaq sahəsinin 0,3227 ha hissəsinə dair xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qazax rayonu, Yuxarı Salahlı kəndində 1,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,96125 ha hissəsi Tovuz regional “ASAN xidmət” mərkəzinin xx.xx.2024-cü il tarixli, 7Ə-738 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. ünvan 6 ünvanı "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 01 nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 46 saylı notariat ofisinin 4Ə-241 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. İş üzrə DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab məktubundan belə məlum olur ki, ünvan 6 ünvanı “Xalq City” MTk üzvlərinin ümumi yığıncağının 01 nömrəli xx.xx.2021-ci il tarixli protokoldan çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 46 saylı notariat ofisinin 4Ə-241 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən ö/t 7 saylı fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçının oğlu və keçmiş gəlinidir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mübahisəli evi 2023-cü ildə almış, evi oğlunun ailəsi ilə birlikdə yaşamaq üçün müvəqqəti onların istifadəsinə vermiş, ev üzrə kommunal xidmətləri ödəyir və evi faktiki sahibliyi həyata keçirir. İddiaçı mübahisəli evdə yaşamaq istəsə də, cavabdehlər həmin evdən çıxmaqdan imtina etmişlər. Hazırda iddiaçı cavabdehlərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşməklə onun sahibliyində olan 7 nömrəli evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlakın dəyəri ödənilməklə onun tərəfindən əldə edilməsi iddia edildiyi üçün, onun pozulmuş hesab etdiyi hüquqlarının məhkəmə vasitəsi ilə bərpa edilməsini tələb etməyə subyektiv hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, maraqlar o halda qanuni müdafiəyə malik ola bilər ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını pozmasın. Başqa sözlə qanunla qorunan maraqlar subyektiv hüquqlarla bilavasitə əlaqəlidir. Odur ki, normativ aktlarda hüquqi müdafiənin obyekti kimi qanunla qorunan maraq (mənafe) və hüquq anlayışlarından bir qayda olaraq birlikdə istifadə olunur. Oxşar hüquqi mövqeyi ifadə edən Latviya Respublikası Konstitusiya Məhkəməsi də 30 dekabr 2020-ci il tarixli Qərarında göstərmişdir ki, şəxsin konstitusiya ilə müdafiəsi nəzərdə tutulan qanuni marağı yalnız onun subyektiv hüquqları ilə ayrılmaz şəkildə bağlı olan maraqlarını özündə ehtiva edir. Maraqların qanunla qorunması, həyata keçirilməsi mövcud qanunvericiliyə və digər şəxslərin hüquq, azadlıq və qanuni mənafelərinə zidd olmayan, obyektiv hüquq normalarının mahiyyətindən irəli gələn maraqların hüquqi müdafiə ilə təmin olunmasına imkan yaradır və belə maraqlar Konstitusiyanın 60-cı maddəsi ilə bəyan edilən məhkəmə müdafiəsi hüququnun obyektini təşkil edir. Bu baxımdan qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğunu və belə maraqların konkret dairəsini əvvəlcədən müəyyənləşdirməyin mümkün olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. Məhkəmə hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan və ya əldə edən şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Lakin məhkəmə əmlakın iddiaçı tərəfindən alınması barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının oğlu və keçmiş gəlinidir və onlar mübahisəli evdə övladları ilə birlikdə yaşayırlar. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, özbaşına tikili olan mübahisəli əmlakın alınmasında ödənilən pul vəsaitinin bir hissəsi iddiaçı tərəfindən verilsə də, bir hissəsi ailənin ipoteka ilə əldə etmək istədiyi, lakin sonradan satılaraq satışdan əldə edilmiş pul vəsaiti və ailənin büdcəsində olan pul vəsaiti hesabına alınmışdır. Məhkəmə qeyd edir ki, özbaşına tikili fiziki obyekt olaraq özündə onu əldə edənin xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Məhkəmə iddiaçının mübahisəli daşınmaz əmlakın yalnız onun pul vəsaiti hesabına əldə olunması, müvəqqəti oğlunun ailəsi üçün istifadəyə verilməsi ilə əlaqədar dəlilləri üzrə qeyd edir ki, hətta yuxarıda qeyd edildiyi kimi əmlakın əldə olunmasına iddiaçı tərəfindən müvafiq pul vəsaiti verilsə də, bu hal iddiaçının həmin əmlakın tək sahibi kimi qəbul edilə bilməz. Əksinə məhkəmə iddiaçının rayonda yaşayaraq, daşınmaz əmlaka malik olmasını nəzərə alaraq hesab edir ki, pul vəsaiti məhz oğlunun ailəsi üçün ev alınması məqsədi ilə verilmiş, bu hal eyni zamanda ilkin kommunal xidmətlərlə bağlı müqavilənin oğlunun adına bağlanılması və hazırkı tələblə müraciət edilməmişdən qısa müddət əvvəl oğlunun müraciəti əsasında iddiaçının adına keçirilməsi ilə də təsdiq olunur. Məhkəmə iddiaçının oğlunun ailə üzvünə məxsus pul vəsaitinin evin alınmasına sərf edilməsini, atası tərəfindən verilən pul vəsaitinin hədiyyə şəkilində məhz ailənin yaşaması üçün mübahisəli evin alınması məqsədi ilə verilməsinin məntiqli olmasını nəzərə alaraq hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İslam qızının əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşməklə onun sahibliyində olan 7 nömrəli mənzildən çıxarılması barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1149/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1149/2025
17.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver