Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1160/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil və cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə (H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi 3-cü şəxs qismində) qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə (H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi 3-cü şəxs qismində) qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi işləyirəm, 21 il iş stajına malikəm. Məlum olduğu kimi bu il Mədəliyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası təşkil edilmiş, o cümlədən mən də xx.xx.2025-ci il tarixdə attestasiyada iştirak etmişəm. Attestasiya komissiyasının həmin tarixli qərarına əsasən tutduğum vəzifəyə uyğun hesab edilməmişəm. xx.xx.2025-ci il tarixdə məktəbin direktoru tərəfindən işdən azad olunacağım barədə mənə məlumat verilmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, attestasiya komissiyasının qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və mən iş fəaliyyətimi həmin məktəbdə davam etdirməliyəm. Belə ki, əmək fəaliyyətim dövründə ilk dəfə attestasiya edilmişəm. Cari ilin əvvəlindən miqren xəstəliyindən əziyyət çəkirəm. Həmçinin oğlum Raul Əliyev qan xəstəsidir, o, Milli Hemotologiya və Transfiziologiya Mərkəzində qeydiyyatda olmaqla, Bakı şəhəri 13 saylı Uşaq Polikinikasında mütəmadi müayinə və müalicə olunur. Tək ailə başçısıyam, Raul və digər oğlumu tək tərbiyə edirəm. Yeganə qazanc yerim əmək haqqımdır. İşləməsəm ünvanlı sosial yardımdan da məhrum olunacam. Özümün və övladımın səhhətindəki problemlərlə əlaqədar attestasiya ərəfəsində çox yorğun və gərgin idim. Bilavasitə attestasiya zamanı isə bu problemlərin fonunda çox həyəcanlandım və buna baxmayaraq həm bəzi nəzəri suallara cavab vermiş, həm də pianoda ifa etmişəm. Bəzi suallara ətraflı cavab verə bilməməyimin səbəbi həyəcanlanmağım və komissiya üzvləri tərəfindən tələsdirilməyim olmuşdur. Bəzən eyni zamanda bir neçə komissiya üzvünün birlikdə sualların cavablarını tələb etməsi məni daha da karıxdırdı, əllərim əsdi. Özümü yaxşı hiss etmədiyimi Komissiya üzvlərinə də bildirdim. Lakin onlar buna məhəl qoymadı. Komssiya üzvlərinin qərəzli münasibəti açıq-aydın görünürdü. Bu səbəbdən də mən sonda barəmdə verilən müvafiq qərarı imzalamaqdan imtina etdim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən attestasiya keçirilməzdən əvvəl attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Attestasiyadan əvvəl AR Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi həm kütləvi informasiya vasitələrində, həm də məktəbdə keçirilən görüşlərdə bu attestasiyanın məqsədinin işçilərin işdən çıxarılması deyil, onlar barədə məlumatların toplanması olduğunu bildirmişdir. Attestasiyadan sonra isə barələrində tutduqları vəzifəyə uyğun olmamaları barədə qərar qəbul edilmiş müəllimlərin ya öz ərizələri, ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunacaqları elan edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən. edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hər hansı əsaslandırma təqdim edilməmişdir. Eyni zamanda müvafiq attestasiya barədə verilən bildirişdə komissiya üzvlərinin rəylərinin necə nəzərə alınacağı haqda heç bir qeyd olmayıb. Yalnız attestasiyadan sonra məlum olub ki, attestasiya komissiyalarından 2 lehinə, 3 əleyhinə səs almaqla qiymətləndirilən müəllimlərə “təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcək. 1 lehinə, 4 əleyhinə səs almaqla qiymətləndirilən müəllimlərlə isə əmək münasibətlərinə xitam veriləcəkdir. Bu isə işçilərə fərqli münasibətin olmasını göstərir. Musiqi məktəblərində işləyən müəllimlərdə pedoqoji fəaliyyətlə məşğul olduqları halda təkrar attestasiyadan keçirilmə kimi hüquq verilmir. 21 ildən artıq müvafiq sahədə pedoqoji fəaliyyətimin olması, mütəmədi təhsilalanlara ifaçılığın öyrədilməsi mənim fortepianoda ifa edə bilməməyimi mümkünsüz edir. Fəaliyyətim dövründə hər hansı xidməti nöqsanım olmamışdır. Şagirdlərim hər zaman yüksək nəticələr nümayiş etdirmişdir. Halbuki, işlədiyimiz məktəbdə iş şəraiti heç vaxt ürəkaçan olmamışdır. Qışda soyuq, yayda isti otaqlarda əmək fəaliyyətimizi lazımınca icra etmişik. Heç bir ləvazimatla təmin edilməmişik. 21-ci əsrdə sinif jurnalı özümüz tərəfindən adi dəftərdən hazırlanırdı. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, attestasiya qanunvericiliyin tələbinə uyğun keçirilmişdir. İddiaçıya attestasiyadan öncə özünün seçdiyi istənilən əsəri ifa etməsinə hazırlaşması üçün 1 aydan çox müddətə vaxt verilmişdir, lakin attestasiyanın videoyazısından göründüyü kimi iddiaçı əsəri yaxşı ifa etməyi bacarmamışdır. Bundan başqa iddiaçıya öz ixtisasına uyğun suallar verilmiş, iddiaçı həmin sualların böyük hissəsini cavablaya bilməmişdir. 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, İddiaçı H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışır. H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin İddiaçı ünvanladığı 15 №-li xəbərdarlıq bildirişində 25 dekabr 2024-cü il tarixli əmrə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyasının yaradıldığı və onun attestasiya olunacaq işçilər kateqoriyasına aid olduğu qeyd edilmişdir. İddiaçı attestasiya vərəqəsinin surətindən görünür ki, keçirilmiş attestasiya nəticəsində lehinə 1, əleyhinə 4 səs verilmiş və yenidən təhsil alması tövsiyə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin 25 dekabr 2024-cü il tarixli əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının yenidən təhsil almağa ehtiyacı olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 288 x bəndi İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. İddiaçı ərizəsində attestasiyanın ona qarşı qeyri-obyektiv keçirildiyini və attestasiya komissiyasının üzvlərinin ona qarşı qərəzli olduğunu qeyd edir. İddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən görüntü məhkəmə tərəfində sorğu ilə AR Mədəniyyət Nazirliyindən əldə edilmişdir. Məhkəmə tərəfindən həmin görüntü nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, Attestasiya Komissiyasının qərarının etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, həmin video yazıdan görünür ki, iddiaçı sualları aşağıdakı şəkildə cavablamışdır: 1-ci sual: İfa etdiyiniz sonata kimin sonatasıdır? İfa Mosart sonata C dur, klassik sonata forması 3 hissədən ibarətdir 2-ci sual: Rondo forma necə olur? İddiaçı bu suala cavab verə bilməmişdir 3-cü sual: Köməkçi partiya hansı tonallıqda olur? İddiaçı bu suala cavab verə bilməmişdir 4-cü sual: F.Şopen haqqında danışın İddiaçı Şopenin 24 prelüdiyası var cavabını vermiş, lakin başqa heç bir məlumat verə bilməmişdir. 5-ci sual: Betxovenin neçə sonatası var? İddiaçı 52 cavabını verir ki, bu cavab da yalnış cavab olur. 6-cı sual: Vyana klassikləri kimlərdir? Haydn, Mosart, Betxoven. Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. İddiaçı ona verilmiş 6 sualdan yalnız 2 suala doğru cavab verə bilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. Məhkəmə iddiaçının “tək ailə başçısı və övladının səhhətindəki problemlərlə əlaqədar attestasiya olunmamalı olduğu” barəsində bildirdiklərinə münasibətdə qeyd edir ki, AR Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), yaşı 18dən az olan işçilər, bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlərin attestasiyası keçirilmir. İddiaçının qanunvericiliklə attestasiyası keçirilməyən və attestasiyadan azad edilməli olan işçilərin kateqoriyasına aid olduğu məhkəmə iclasında müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı barəsində attestasiya komissiyasının qərarının ləğv edilməsinə əsas yoxdur və iddiaçının ərizəsində qeyd etdikləri yalnız formal mülahizələrdən ibarət olmaqla iddianın əsaslılığına dəlalət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə (H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi 3-cü şəxs qismində) qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLIK EDƏN: İLKIN RÜSTƏMLI
Məhkəmə qərarları › İş №2(009)-1160/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1160/2025
13.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver