Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1182/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və iş üzrə 3-cü şəxs qismində cəlb olunmuş X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti iş üzrə 3-cü şəxs qismində cəlb olunan) «əmək müqaviləsi bildirişinin etibarsız hesab olunması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 03 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsi bildirişinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 fevral 2020-ci il tarixdə cavabdehin 48/k saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Səbail rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, MMC-nin 18 fevral 2020-ci il tarixli əmri ləğv edilmiş, iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Lakin məhkəmə qətnamələri qanuni qüvvəsini alsa da iddiaçının adı mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən çıxarılmamışdır. Bu hal iddiaçının əmək hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən o məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, bildirmişdir ki, adına mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Republikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyini nəzərə alaraq, işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi iddia tələbinə münasibətdə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.08.2021-ci il tarixli Qərarının surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, MMC-nin 18 fevral 2020-ci il tarixli əmri ləğv edilmiş, iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələrinin aktları ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya məxsus əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanan normativ aktdan görünür ki, əmək müqaviləsinin bağlanılmasının elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi kimi əmək müqaviləsinə xitam verilməsi də elektron informasiya sisteminə daxil olduqdan sonra hüquqi qüvvəsini alır. Məhkəmə onu da vurğulayır ki, qanunvericilik işçiyə (iddiaçı) hər hansı məhdudiyyət qoymadan işəgötürəni (cavabdeh) bir təqvim ayı qabaqcadan yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam vermək hüququ versə də, əmək müqaviləsinə xitam verilməsinin elektron informasiya sistemində qeydiyyata alınması vəzifəsini (müstəsna səlahiyyət) işəgötürənin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsi Əmək və Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sistemində daxil edilməklə, iddiaçı (işçi) ilə cavabdeh (işəgötürən) arasında əmək münasibətləri yaranmış, lakin iddiaçının təqdim etdiyi sübutlara və izahatlara əsasən cavabdeh şirkət qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçının adına mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı qeyd apararaq və hazırki vaxta kimi həmin qeydi saxlamaqla əmək hüquqlarını pozumuşdur. Məhkəmə mövcüd olan subutlara, iş üzrə təqdim edilmiş sənədlərə və işdə iştirak edən tərəflərin (iddiaçı və 3-cü şəxsin nümayəndəsi) izahatlarına əsaslanaraq, İddiaçı iddia tələbini haqlı sayır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1182/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1182/2022
03.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver