Məhkəmə qərarları › İş №2(009)-1186/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1186/2023

04.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1186/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ( Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “Socar” Nəqliyyat İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – ( Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “Socar” Nəqliyyat İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 2387.70 ( iki min üç yüz səksən yeddi manat yetmiş qəpik) manat pulun və mediasiya üçün ödənilmiş 60 manat rüsumun Socar-ın Nəqliyyat İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o SOCAR-ın Nəqliyyat idarəsində rəhbərlik yanında daxili auditor vəzifəsində işləmişdir. 05 avqust 2021-ci il tarixdə AR Əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşdən azad olunmağı ilə əlaqədar ARDNŞ-nin və ANQSHİRK arasında bağlnmış 2020-2023-cü illər üçün Kollektiv sazişin 5.16-cı bəndində”qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verməsi qaydası”nda işdən azad edilmişdir. Ona işdən çıxmağına görə verilmiş müavinətdən 2387,70 (iki min üç yüz səksən yeddi manat yetmiş qəpik) manat gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müavinətdən gəlir vergisi tutulmur. Həmin müavinətdən gəlir vergisi tutulması qanuna zidd və əsassızdır. Buna görə də müavinət gəlir vergisi tutulmadan tam ödənilməlidir. Sonradan o öyrənmişdir ki, pensiya yaşına çatmış və təqaüdə çıxmış şəxslər (ondan əvvəl və ondan sonra) müavinətin tam ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmiş və iddiaları təmin olunmuşdur. Ona görə də o məhkəməyə müraciət etmək qərarına gəldi. Buna baxmayaraq 05 avqust 2021-ci il tarixli müqavilənin (Razılaşma protokolu) 1.3-cü bəndində tam əsassız olaraq qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu razılaşmaya əsasən ona ödənilən işdən çıxarma müavinətindən (vergi çıxıldıqdan sonra) və son haqqhesabdan başqa işə götürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdən çıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasının razılıq verdiyini bəyan edir və təsdiqləyir. Göründüyü kimi cavabdeh təşkilat özü də bilir ki, müavinətdən vergi tutulması tam əsassızdır. Bunu sığortalamaq üçün onunla bağladıqları 05 avqus 2021-ci il tarixli sazişə 1.3 bəndini əlavə etmişlər. Bununla da onun gələcəkdə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışlar. Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir. Qanunvericiliyin görə Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlanmış müqavilə etibarsızdır. İşdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.3-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan ona ödənilmiş əmək haqqı məbləğinin 5 (beş) misli miqdarinda olan müavinətdən vergi tutula bilməz. Belə ki, 05 avqust 2021-ci il tarixli müqavilədə ona ödənilmiş pulun işdən çıxma müavinəti olduğu qeyd edilmişdir. Göründüyü kimi o işdən çıxarılarkən ona ödənilmiş əmək haqqının 5 (beş) misli miqdarında müavinətdən əsassız olaraq vergi tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdeh “Socar” Nəqliyyat İdarəsinin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Nəqliyyat idarəsinə qarşı iddia tələbi əsassız olduğundan aşağıda göstərilən səbəblərə görə hesab edir ki, rədd edilməlidir: Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı SOCAR-m Nəqliyyat İdarəsində rəhbərlik yanında aparatda daxili auditor vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı işəgötürənə müraciət edərək xx.xx.2021-ci il tarixdən pensiya yaşına çatmağı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini və Socar ilə Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X7 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasınm Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməyib. Buna baxmayaraq Socar-da işləyən şəxslərin maddi rifah halının yaşxılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən X7 tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. X3 əmək müqaviləsinə ƏM-nin 69.3 maddəsi ilə xitam verilərkən ona yuxarıda qeyd ədilən Sazişin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən işçinin gəlir vegisi tutulmuş və ödənişlər aidiyyəti üzrə aparılmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləği SOCAR öz hesabında deyil, dövlət bücəsinə köçürmüşdür. Buna səbəb isə Azərbaycan Respublikası Vergi qanunvericiliyin tələbidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddılar. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Lakin bu iş üzrə ödənilmiş müavinətin vergidən azad olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu səbəbdən hesab edir ki, İddiaçı SOCAR Nəqliyyat idarəsinə qarşı olan bu tələbi əsassızdır. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Nəqliyyat İdarəsinə qarşı müavinətin ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh SOCAR-ın Nəqliyyat idarəsi qarşı və Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində göstərildiyi iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək “ödənilmiş birdəfəlik müavinətdən əsassız olaraq tutulmuş 2.387,70 manat pulun, 60 manat mediasiya üçün ödənilmiş rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, İddiaçı SOCAR-ın Nəqliyyat idarəsi xx.xx.2021-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3- cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 2.387,70 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ-rıin “Azneft" İstehsalat Birliyi ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirməliyik ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildiririk ki, həmin maddə öz-üzlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1 -ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)- 1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli qətnamələr qəbul edilmiş və həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Təsadüfi deyil ki, analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(103)- 13645/2019 nömrəli qərarın 3- cü səhifəsinin 4-cü abzasına əsasən 1-ci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bildiririk ki, qeyd olunan qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)- 4221/2020 nömrəli qərarı ilə qanunauyğun hesab edilməklə qüvvədə saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1792/2023 nömrəli, xx.xx.2023- cü il tarixli 2(103)-578/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-3223/2023 nömrəli qətnamələri əsasında birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd etmişdir. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Socar” Nəqliyyat İdarəsinin 06 avqust 2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, SOCAR-ın xx.xx.2021-ci il tarixli, SOCAR**********00070020B00147 saylı əmrinə əsasən Nəqliyyat İdarəsinin İdarəetmə Aparatının Rəhbərlik yanında aparatda daxili auditor İddiaçı ilə xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, SOCAR və ANQSİHİRK-nin arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməklə, işçinin təşəbbüsü ilə xx.xx.2021ci il tarixindən ləğv edilmişdir. İş materiallarında olan “Socar” Nəqliyyat İdarəsinin 05 avqust 2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, nəqliyyat İdarəsinin idarəetmə aparatının rəhbərlik yanında aparatı daxili auditor İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, ona SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020- 2023-cü illər üçün X7in 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməsi əmr edilmişdir. İş materiallarında olan 1168 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə orta aylıq əmək haqqının 5 (beş) misli miqdarında, cəmi 12050,80 (on iki min əlli manat 80 qəpik) manat müavinət hesablanmağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasan gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Socar” Nəqliyyat İdarəsinin İddiaçı ünvanlanmış 21 fevral 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-18_1-219_2023 nömrəli ərizəyə cavab olaraq bildirilir ki, ona SOCAR-ın xx.xx.2021-ci il tarixli SOCAR**********00070020B00147 saylı əmri ilə SOCAR və ANQSİHİRK arasında 2020- 2023-cü illər üçün bağlanılmış Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində 12050,80 manat işdənçıxma müavinəti hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci maddəsinin Gəlir vergisindən azadolmalar və güzəştlər bölümünün 102.1.3.1 .bəndinə əsasən birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Ona hesablanmış müavinətdən də gəlir vergisi bu maddənin tələbinə uyğun olaraq aşağıdakı şəkildə tutulmuşdur. (12050,80-400-1000-2500)*25%+350=2387,70 manat. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, əmək müqaviləsinə 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2387,70 manat təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, “Socar” Nəqliyyat İdarəsinin 1168 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında 05 avqust 2021-ci il tarixli bağlanmış razılaşmaya əsasən, işçi işəgötürənlə bağlanmış 1168 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi (işçi yaşa görə təqaüdə çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. (1.1) Razılaşmanın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra bu razılaşmaya əsasən ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. İşəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 12050.80 manat müavinət ödəməyi öhdəsinə götürür. (2.1) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən, kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. (7-ci hissə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz ərizəsinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarından da müəyyən edildiyi kimi, işdən çıxarılma barədə əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərar verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Qərarı və tərəflər arasında imzalanmış yazılı razılaşma da bu halı təsdiq edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş 22 aprel 2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının işdən azad edilməsi barədə əmrdə və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası, eləcə də tərəflər arasında mövcud olan razılaşmanın bəndləri, o cümlədən işçinin ona ödənilməli olan işdən çıxma müavinətindən vergi tutulmasına razılıq verməsinə dair bənd formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, nə həmin ərizə, nə də ki, razılaşma (müvafiq bəndləri) iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Məhkəmə, hazırki işdə iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası və məqsədilə xitam verildiyi qənaətinə gəlinməsini və Əmək Məcəlləsinin 175.4-cü, həmçinin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərini, o cümlədən müvafiq əsasla işdənçıxma üçün verilən müavinətin Vergi Məcəlləsinin 102.1.4cü maddəsində təsbit edilməklə gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya əmək haqqı məbləğinin beş misli miqdarında ödənilən müavinətdən gəlir vergisi tutula bilməz. Qanunvericiliyin tələbindən irəli gələrək iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, müavinətdən tutulan 2387.70 manat məbləğində gəlir vergisi iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 43.87 (qırx üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2387.70 (iki min üç yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində gəlir vergisi, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh “Socar” Nəqliyyat İdarəsindən tutularaq İddiaçı ödənilməli, cavabdeh “Socar” Nəqliyyat İdarəsindən 43.87 (qırx üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2387.70 (iki min üç yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində gəlir vergisi, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh “Socar” Nəqliyyat İdarəsindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh “Socar” Nəqliyyat İdarəsindən 43.87 (qırx üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar