Məhkəmə qərarları › İş №2(009)-1188/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1188/2023

29.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1188/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə İddiaçı (üçüncü şəxs Azərbaycancan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2957.88 manat pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur təşkilatı olan "Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. "ARDNŞ"-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06- 19ə nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, "Bu Əmr-Qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu Əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin qərara əsasən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq, həmin məbləğdən gəlir vergisi tutmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirməklə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci "Əmək haqqından tutmalara yol verilən hallar və bunun icrası qaydası" maddəsinin 4-cü hissəsinə əsasən "İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq, vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən "Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları" maddəsinin 6-cı hissəsinə əsasən "Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin 3, 4 və 7-ci hissələrində göstərilmiş ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsinə görə ödənilən müavinətlər, istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında "dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Müəssisə tərəfindən ödənilən orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinətindən vergi tutulmur. İşdənçıxma ilə bağlı Dövlət Neft şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildlr. Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi idarələri isə məhkəmə araşdırmadan gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə geri qaytarmışlar. Qanunvericiliyin tələblərinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır, tutulmuş məbləğ geri qaytarılmalıdır. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. "Azneft" İB-nin 27 fevral 2023-cü il tarixli 14-2-1/3-1K-25/2023 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda işçilərə orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət verilmişdir. Həmin Sazişin 5.17-ci bəndinə əsasən, saziş üzrə sərbəstləşən şəxslərə verilən müavinətin ödənişini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq bəndinə uyğun həyata keçirilir. İddiaçı ilə "Azneft" İB arasında 28 fevral 2023-cü il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış 28 fevral 2023-cü il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın 1.3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona (işçiyə) ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 13931.50 manat işdənçıxarma müavinət hesablamağı və həmin işdənçıxarma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış razılaşmaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilməsi üçün müraciət etmiş, ona ödəniləcək müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq vermiş, cavabdeh razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində əmək müqaviləsinə xitam verildiyi halda orta aylıq əmək haqqının beş mislindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ödənilmişdir. Vergi Xidməti tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 2.957,88 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmrqərarına istinad edərək bildirmişdir ki, həmin əmr qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirməliyik ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77- ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, SOCAR-ın “Azneft” İB-i ilə İddiaçı arasında imzalanmış 28 fevral 2023-cü il tarixli Razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, işəgötürənlə bağlanmış 176 №-li, xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçi yaşa görə əmək pensiyasına çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədi ilə müraciət edir. SOCAR-ın “Azneft” İB-i ilə İddiaçı arasında imzalanmış 28 fevral 2023-cü il tarixli Razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəiləcək işdənçıxma müavinətindən qanunvericiliyi uyğun olaraq vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2023-cü ildə ərizə yazmış, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2957.88 manat təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Qaz anbarlarının istismarı idarəsinin bağlanmış 176 nömrəli, xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında 28 fevral 2023cü il tarixli bağlanmış razılaşmaya əsasən, işçi işəgötürənlə bağlanmış 176 nömrəli, xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi (işçi yaşa görə təqaüdə çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. (1.1) işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 13931.50 manat müavinət ödəməyi öhdəsinə götürür. (2.1) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. (2-ci hissə) Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən, kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. (7-ci hissə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz ərizəsinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarından da müəyyən edildiyi kimi, işdən çıxarılma barədə əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərar verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Qərarı və tərəflər arasında imzalanmış yazılı razılaşma da bu halı təsdiq edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş 22 aprel 2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının işdən azad edilməsi barədə əmrdə və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Məhkəmə, Əmək Məcəlləsinin 175.4-cü, həmçinin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərini, o cümlədən müvafiq əsasla işdənçıxma üçün verilən müavinətin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilməklə gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya əmək haqqı məbləğinin beş misli miqdarında ödənilən müavinətdən gəlir vergisi tutula bilməz. Qanunvericiliyin tələbindən irəli gələrək iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, müavinətdən tutulan 2957.88 manat məbləğində gəlir vergisi iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 49.58 (qırx doqquz manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2957.88 (iki min doqquz yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində gəlir vergisi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməli, Cavabdehndən 49.58 (qırx doqquz manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2957.88 (iki min doqquz yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində gəlir vergisinin əvəzi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq iddiaçıya ödənilsin. Cavabdehndən 49.58 (qırx doqquz manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar