Məhkəmə qərarları › İş №2(009)-1198/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1198/2022

10.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1198/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, əmək haqqının düzgün hesablanmaması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, əmək haqqının düzgün hesablanmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 16.11.2020-ci il tarixdə İRUS 2705 saylı əmrlə Cavabdeh MMC-nin X7 Edilməsi və Nəzarəti Departamentinə avtobus sürücüsü vəzifəsinə əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Aylıq əmək haqqı 800 manat müəyyən olunmuşdur. 18.01.2022-ci il tarixdə müəssisənin İriş-069 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində göstərilən (özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü isə gəlməməsi) halları pozduğuna görə əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. O, üzrsüz iş buraxmamışdır. Belə ki, himayəsində həyat yoldaşının anası qaynanası X1 yaşayırdı. 02.03.2020-ci il tarixdə ağır onkoloji xəstəliyə tutulmuş və 24.09.2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə əsasən onun kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyacı olması müəyyən edilmişdir. 05.12.2021-ci il tarixdə qaynanası Tamara İbrahimova vəfat etmişdir və o, bu barədə Cavabdeh MMC-yə məlumat vermişdir. O, Cavabdeh MMC-də M2 ekspress marşrutunda 2021-ci ilin may ayına qədər, 2021-ci ilin may ayından 2021-ci ilin oktyabr ayının 26-na qədər 2 saylı marşrut avtobusu idarə etmişdir. İşlədiyi dövrdə töhmət, şiddətli töhmət cəzaları almamışdır. Əksinə, 2021-ci ilin mart ayında pul mükafatı almışdır. Onunla Cavabdeh MMC arasında bağlanmış müqavilədə əmək haqqı konkret olaraq 800 manat göstərilsə də, 2020-ci ilin dekabr ayında 18 iş günü yazılmaqla ona 654 manat əmək haqqı verilərək 18 faizi 156 manat kəsilmiş, 2021-ci ilin yanvar ayında 16 gün yazılmaqla 745 manat əmək haqqı verilərək 55 manat əmək haqqı kəsilmiş, 2021-ci ilin mart ayında 17 iş günü yazılmaqla 633,74 manat əmək haqqı almışdır və 166 manat kəsilmiş, 2021-ci il ilin may ayında 17 iş günü olmaqla 633,76 manat almışdır və 166 manat pulu kəsilmiş, 2021-ci ilin iyun ayında 17 iş günü olmaqla 633,85 manat əmək haqqı almış və 165 manat pulu kəsilmiş, 2021-ci ilin iyul ayında 20 iş günü olmaqla 745,60 manat əmək haqqı almış və 54 manat əmək haqqından kəsilmişdir. Ümumilikdə göstərdiyi aylardakı əmək haqlarından 751 manat pul heç bir səbəb olmadan ona ödənilməmişdir. ”BakuBus” MMC-nin dispetçeri Elşən adlı şəxs maaşının kəsirlə verilməsini pandemiya ilə əlaqələndirmişdir. O, M2 saylı marşrutda sürücü işlədiyi müddətdə yanvar ayında bir günü 43 manat, fevral ayında bir günü 41 manat, mart ayında bir günü 37,28 manat, aprel ayında 39,05 manat olmuşdur. 2 saylı marşrutda işləyərkən isə 2021-ci ilin iyun ayında bir günü 39 manat, iyul ayında 37 manat, avqust ayında 37,38 manat, sentyabr ayında bir günü 39 manat olmuşdur. Cavabdeh MMC-nin 18.01.2022-ci il tarixli İRİŞ-069 saylı həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə və qanunsuz hesablanmış əmək haqqının ödənilməmiş hissəsinin ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək mübahisələrini nizama salan qanunvericilik aktına, o cümlədən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməlidir. O, məzuniyyətə çıxdıqdan sonra üzrlü səbəbdən işə gələ bilməsə də, bu barədə Cavabdeh MMC-ni məlumatlandırmışdır. Bundan sonra 24.11.2021-ci il tarixdən 17.01.2022-ci il tarixə qədər o, 1600 manat əmək haqqını ala bilməmişdir. O, Cavabdeh MMC-də hüquqlarının pozulması ilə əlaqədar o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məktubla müraciət etmişdir. Məktubu X14nin Bakı şəhəri İdarəsinə göndərilmişdir. Müraciətinə 27.01.2022-ci il tarixli **********6 nömrəli məktubla cavab verilmişdir. Müəssisədə əmək haqqlarının verilməsində qanun pozuntuları aşkar olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin dəqiqləşdirilməsi daha doğrusu nəzərdə tutulması həmin Məcəllənin 70-ci maddəsi ilə dəqiqləşdirilmə normaya görə əmək müqaviləsi işə götürən tərəfindən maddədə göstərilən əsaslarla ləğv edilə bilər. Sadalanan normanın məzmunundan göründüyü kimi, əslində onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsini qanunsuz sayır. 2021-ci ilin 19 oktyabrdan 2021-ci ilin 1 noyabr ayına qədər müəssisənin dispetçeri Elçin adlı şəxs heç bir səbəb göstərmədən onu işə buraxmamışdır. Həmin 10 gün müddət ərzində ona 360 manat ziyan dəymişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdi nəticə verməmişdir. Belə ki, 6 saylı mediasiya təşkilatı tərəfindən 14.03.2022-ci il tarixdə mediasiya sessiyası təyin olunsa da, Cavabdeh MMC heç bir üzrlü səbəb göstərmədən sessiyada iştirak etməmiş və o, 50 manat mediasiya xərcini ödəmişdir və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin işdən çıxarılması barədə 18.01.2022-ci il tarixli İRİŞ-069 saylı əmrini ləğv edib Cavabdeh MMC-yə sürücü kimi işə bərpa olunmasına və işlədiyi müddətdə əmək haqlarından kəsilmə nəticəsində yığılmış 750 manat pulu və 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayının 17-nə qədər olan dövr üçün 1600 manat əmək haqqının 10 gün işə buraxılmaması ilə əlaqədar 360 manat ziyanın, ümumilikdə 2710 manat pulun ona hesablanıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, pandemiya vaxtı işə qəbul olunmuş, bir il işləmişdir, 2021-ci ilin oktyabr ayının 21-də avtomaşını şəirkətə təhvil verərkən müəyyən olunmuşdur ki, növbətçi Zəka adlı sürücü yoxdur. Elçin adlı dispetçer avtomaşını qaraja təhvil verilməsini ona bildirmişdir. O, avtomaşını qaraja təhvil vermiş, 21 oktyabrdan noyabrın 1-dək onu işə buraxmamış, 10 gün müddətində əmək haqqı verməmişlər. Noyabr ayının 1-dən əmək məzuniyyətinə çıxmış, 24-də məzuniyyəti qurğardığı üçün işə çıxmalı olduğu vaxt qaynanası insult keçirmiş, sonra dekabr ayının 5-də vəfat etmiş, 40 gün yas mərasimi ilə əlaqədar işə çıxmamışdır, telefon vasitəsi ilə şifahi məlumat vermişdir. Onu əsassız olaraq işdən çıxarmışlar. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə etirazı təqdim edərək öz izahatında göstərmişdir ki, əvvəlla iddia, İddiaçı tərəfindən Cavabdeh MMC-yə qərəzli və heç bir hüquqi əsas olmadan yazılıb. Belə ki, İddiaçı Cavabdeh MMC-də 16.11.2020-ci il tarixdən əmək müqaviləsi ilə sürücü vəzifəsində çalışıb. İşlədiyi dövrdə mütəmadi olaraq üzrsüz səbəbdən işə gəlmədiyi üçün daxili nizam intizam qaydalarını, tərəflər arasında bağlanılmış əmək müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə 18.01.2022-ci il tarixdən İRİŞ-069 saylı əmr ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilmişdir. Sürücü vəzifəsində çalışdığına görə, növbəli iş rejimində olub və müvafiq şöbənin iş qrafikinə uyğun olaraq çalışıb. İddiaçı qeyd edir ki, işə çıxmamasının səbəbi qaynanasının ölümü ilə əlaqədar olmuş və bu barədə Cavabdeh MMC-nin səlahiyyətli şəxslərini məlumatlandırlmışdır. Belə bir hal olmamış, heç kimə məlumat verməmiş, məzuniyyəti qurtardıqdan sonra dəfələrlə işə çıxması barədə ona xəbərdarlıq edilmişdir. Yəni iddiaçının işdən azad olunması barədə əmr tam qanuni olmuşdur. Əmək haqqının ödənilməməsi ilə bağlı iddiaçının tələbi də əsassızdır. Əmək Müfəttişliyinin onlar barəsində tərtib etdikləri qərar Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmişdir, yəni iddiaçıya verilməli olan əmək haqqının tam ödənilməsi müəyyən edilmişdir.Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 18.01.2022-ci il tarixdə, İRİŞ-069 saylı əmri ilə Cavabdeh MMC tərəfindən əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı 14.03.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edib və MŞB/6-951 saylı arayış əldə etmişdir. X3 aldıqları şifahi məlumata əsasən sözügedən MŞB/6-951 saylı arayış 14.03.2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. Lakin iddiaçı işə bərpa və əmək haqqının düzgün hesablanmaması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə 12.05.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı iddia müddətini yetərincə aşmışdır. Cavabdehin nümayəndəsi iddia tələbləri əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o 26.11.2020-ci ildə Cavabdeh MMCnin QTİND-nin marşrut xətlərinin idarəedilməsi şöbəsinə «Avtobus sürücüsü» vəzifəsinə işə qəbul olunmuş, 18.01.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində göstərilən (özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) halları pozduğuna görə əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05.12.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10.12.2021-ci il tarixdə 1610 No ilə qeyd edilmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 22.12.2020-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 22.12.2020-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 28.12.2020-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 28.12.2020-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda ailə vəziyyəti ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin xətt qrafikləri üzrə baş mütəxəssisi X4 və İRİŞ-in məsləhətçisi tabelçi X6 tərəfindən tərtib edilmiş 04.01.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 04.01.2021-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 08.01.2021-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda ailə vəziyyəti ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin xətt qrafikləri üzrə baş mütəxəssisi X4 və İRİŞ-in məsləhətçisi tabelçi X6 tərəfindən tərtib edilmiş 14.01.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 14.01.2021-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 22.01.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 22.01.2021-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda ailə vəziyyəti ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 03.06.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 01- 03.06.2021-ci il tarixlərdə işə gəlməmişdir. Əlaqə saxladıqda səhhəti ilə əlaqədar işə gəlmədiyini bildirmiş, lakin əmək qabiliyyətinin olmaması barədə vərəqə təqdim etməmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 10.06.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 10.06.2021-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 21.06.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 21.06.2021-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin müdir müavini X12 və İRİŞ-in aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 07.07.2021-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 07.07.2021-ci il tarixdə işə gəlməmişdir. Əlaqə saxladıqda şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı Cavabdeh MMC-də işlədiyi müddət ərzində (2020-ci il noyabr-2021-ci il oktyabr) aldığı əmək haqqı hesablaşması barədə məlumatdan görünür ki, İddiaçı 2020-ci ilin noyabr ayında 11 iş günü işləmiş, 419,05 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 12,57 manat (DSMF 3%), 30,67 manat (gəlir vergisi 14%), 4,19 manat (HİK 1%), 2,10 manat (DSMF İSH 0,5%), 110 manat (sürücü təlim mərkəzi), cəmi 159,52 manat tutulmuş, 259,53 manat əmək haqqı kartına köçürülmüşdür; - 2020-ci ilin dekabr ayında 18 iş günü işləmiş, 654,55 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 19,64 manat (DSMF 3%), 63,34 manat (gəlir vergisi 14%), 6,55 manat (HİK 1%), 3,27 manat (DSMF İSH 0,5%), 110 manat (sürücü təlim mərkəzi), cəmi 203,10 manat tutulmuş, 451,45 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin yanvar ayında 17 iş günü işləmiş, 745,6 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 22,37 manat (DSMF 3%), 76,38 manat (gəlir vergisi 14%), 7,46 manat (HİK 1%), 3,73 manat (DSMF İSH 0,5%), 14,91 manat (Tibbi sığorta 2%), cəmi 124,85 manat tutulmuş, 620,75 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin fevral ayında 20 iş günü işləmiş, 820 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 24,60 manat (DSMF 3%), 86,80 manat (gəlir vergisi 14%), 8,20 manat (HİK 1%), 4,10 manat (DSMF İSH 0,5%), 16,40 manat (Tibbi sığorta 2%), cəmi 140,10 manat tutulmuş, 679,90 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin mart ayında 17 iş günü işləmiş, 74,56 manat (mükafat) verilmiş, cəmi 708,32 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 21,25 manat (DSMF 3%), 71,16 manat (gəlir vergisi 14%), 7,08 manat (HİK 1%), 3,54 manat (DSMF İSH 0,5%), 14,17 manat (Tibbi sığorta 2%), cəmi 117,20 manat tutulmuş, 591,12 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin aprel ayında 22 iş günü işləmiş, 859,10 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 25,77 manat (DSMF 3%), 92,27 manat (gəlir vergisi 14%), 8,59 manat (HİK 1%), 4,30 manat (DSMF İSH 0,5%), 17,18 manat (Tibbi sığorta 2%), 52,75 manat (Cəmiyyətə vurduğu ziyana görə olan tutulma), cəmi 200,86 manat tutulmuş, 658,24 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin may ayında 17 iş günü işləmiş, 633,76 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 19,01 manat (DSMF 3%), 60,73 manat (gəlir vergisi 14%), 6,34 manat (HİK 1%), 3,17 manat (DSMF İSH 0,5%), 12,68 manat (Tibbi sığorta 2%), cəmi 101,92 manat tutulmuş, 531,84 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin iyun ayında 17 iş günü işləmiş, 663,85 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 19,92 manat (DSMF 3%), 64,94 manat (gəlir vergisi 14%), 6,64 manat (HİK 1%), 3,32 manat (DSMF İSH 0,5%), 13,28 manat (Tibbi sığorta 2%), cəmi 108,10 manat tutulmuş, 555,75 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin iyul ayında 20 iş günü işləmiş, 745,60 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 22,37 manat (DSMF 3%), 76,38 manat (gəlir vergisi 14%), 7,46 manat (HİK 1%), 3,73 manat (DSMF İSH 0,5%), 14,91 manat (Tibbi sığorta 2%), cəmi 124,85 manat tutulmuş, 620,75 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin avqust ayında 22 iş günü işləmiş, 820,16 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 24,60 manat (DSMF 3%), 86,82 manat (gəlir vergisi 14%), 8,20 manat (HİK 1%), 4,10 manat (DSMF İSH 0,5%), 16,40 manat (Tibbi sığorta 2%), 22,66 manat (Cəmiyyətə vurduğu ziyana görə olan tutulma), cəmi 162,79 manat tutulmuş, 657,37 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin sentyabr ayında 21 iş günü işləmiş, 820,05 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 24,60 manat (DSMF 3%), 86,81 manat (gəlir vergisi 14%), 8,20 manat (HİK 1%), 4,10 manat (DSMF İSH 0,5%), 16,40 manat (Tibbi sığorta 2%), cəmi 140,11 manat tutulmuş, 679,94 manat əmək haqqı kartına köçürülmüşdür; - 2021-ci ilin oktyabr ayında 19 iş günü işləmiş, 803,32 manat əmək haqqı hesablanmış, 573,24 manat (məzuniyyət) hesablanmış, cəmi 1376,56 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 41,30 manat (DSMF 3%), 164,72 manat (gəlir vergisi 14%), 13,77 manat (HİK 1%), 6,88 manat (DSMF İSH 0,5%), 27,53 manat (Tibbi sığorta 2%), 176,14 manat (Cəmiyyətə vurduğu ziyana görə olan tutulma), cəmi 430,34 manat tutulmuş, 455,73 manat (məzuniyyətə görə ödənilən məbləğ), 946,22 manat əmək haqqı kartına köçürülmüşdür. İş üzrə Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-nin QTİND-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsinin avtobus sürücüsü İddiaçı ünvanlanmış 06.12.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür kim, 23.11.2021-ci il tarixdə əmək məzuniyyətinin bitməsinə baxmayaraq 24.11.2021-ci il tarixindən heç bir səbəb bildirmədən işə gəlmədi və işə gəlmədiyi günlərə aid Cavabdeh MMC-yə heç bir rəsmi sənəd təqdim etməmişdir.Nəzərinə çatdırırlar ki, qısa müddət ərzində işə gəlmədiyi təqdirdə İddiaçıla bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbinə uyğun tədbir görüləcəkdir. İş üzrə Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Elnur Qarayev tərəfindən Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Elşən Səfərova ünvanlanmış təqdimatın surətindən görünür ki, İddiaçı 16.11.2020-ci il tarixdə Cavabdeh MMC-nin QTİND-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsində avtobus sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. 11.12.2020-ci il tarixdə xidmət zamanı avtobusu sürtərək zədələmiş, 15.03.2021-ci il tarixdə 52,75 manat məbləğin əmək haqqından tutulması barədə əmr verilmişdir. 07.06.2021-ci il tarixdə xidmət zamanı avtobusu zədələmiş, 02.08.2021-ci il tarixdə 22,66 manat məbləğin əmək haqqında tutulması barədə əmr verilmişdir. 22.06.2021-ci il tarixdə xidmət zamanı avtobusu zədələmiş, 22.10.2021-ci il tarixdə 176,14 manat məbləğin əmək haqqından tutulması barədə əmr verilmişdir. Sürücü ilə bağlanılmış əmək müqaviləsinin müddəti 16.02.2022-ci il tarixdə bitir. Marşrut xətlərinin idarəedilməsi şöbəsindən daxil olan 28.12.2021-ci il tarixli xidməti məlumatda bildirilir ki, sürücü İddiaçı 25.10.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək heç bir məsul şəxsə məlumat vermədən üzrsüz səbəbdən işə gəlməmişdir. Razılıq ərizəsinə əsasən 01.11.2021-23.11.2021-ci il tarixlərində əmək məzuniyyətinə göndərilmişdir. Lakin sürücü məzuniyyət müddət bitdikdən sonra işə başlamalı olduğu halda heç bir rəsmi sənəd təqdim etmədən bu günədək səbəbsiz olaraq işə gəlməmişdir. Sürücü ilə dəfələrlə əlaqə saxlanılsa da o, hər dəfə Cəmiyyətin ünvanına nalayiq ifadələr işlədərək işə gəlməkdən imtina etmişdir. Səbəbsiz işə gəlmədiyi üçün 06.12.2021-ci il tarixdə işçinin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq QTİND-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsinin avtobus sürücüsü İddiaçı uzun müddət səbəbsiz işə gəlmədiyini nəzərə alaraq onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab olunur. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsi olaraq avtobus sürücüsü İddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı müraciətə münasibət bildirməsini xahiş etmişdir. İş üzrə QTİND Marşrut xətlərinin idarəedilməsi şöbəsinin sürücülərlə iş üzrə sektorun müdiri X10, Marşrut xətlərinin idarəedilməsi şöbəsinin xətt qrafikləri üzrə aparıcı mütəxəssisi X11 və İRİŞin aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 17.01.2022-ci il tarixli aktın surətindən görünür ki, MXİŞ-nin avtobus sürücüsü İddiaçı 01.11.2021-ci il tarixdən 23.11.2021-ci il tarixli də daxil olmaqla əmək məzuniyyətində olmuş, 24.11.2021-ci il tarixdə işə başlamalı olduğu halda işə gəlməmişdir. 17.01.2022-ci il tarixədək sürücü ilə dəfələrlə əlaqə saxlanılıb müəssisəyə dəvət olunsa da, Cəmiyyətin ünvanına nalayiq ifadələr işlədərək gəlməkdən imtina etmişdir. İş üzrə Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 17.01.2022-ci il tarixli, 01/22 saylı protokolun surətindən görünür ki, vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozduğuna görə Marşrut xətlərinin idarəedilməsi şöbəsinin sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab olunması qərara alınmışdır. İş üzrə Cavabdeh MMC-nin 18.01.2022-ci il tarixli, İRİŞ-069 saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsinin Xətlərin planlaşdırılması və sürücülərlə iş üzrə sektorunun avtobus sürücüsü İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 19.01.2022-ci il tarixindən xitam verilməsi, maliyyə şöbəsi İddiaçı son haqq-hesabı hesablanarkən 16.11.2021-ci il tarixdən 19.01.2022-ci il tarixədək olan fəaliyyət müddəti üçün istifadə edilməyən 4 məzuniyyət gününün hesabının ödənilməsinin təmin etməsi əmr edilmişdir. Əsas: Həmkarlar İttifaqı Komitəsinin 17.01.2022-ci il tarixli qərarı. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27.01.2022-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə Cəmiyyət arasında 16.11.2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq 800 manat əmək haqqı müəyyən edilməklə avtobus sürücüsü vəzifəsinə qəbul etdiyi, lakin 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar, mart, may, iyun, iyul aylarında əmək haqqının qanunvericiliyə uyğun hesablanıb ödənilmədiyi məlum olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən 16.11.2020-16.11.2021-ci iş ilinə görə 01.11.2021-23.11.2021-ci il tarixinədək əmək məzuniyyətində olduğu, 24.11.2021-ci il tarixdən isə heç bir səbəb bildirmədən işə gəlmədiyi və bu barədə cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvana işə gəlməməsinin əsaslandırılmasına dair 06.12.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərildiyi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin əvvəlcədən razılığı alınmaqla 19.01.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kodub şəkildə pozmaqda) xitam verildiyi, son haqq-hesabının (istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi) sonuncu iş günü ödənildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdən İddiaçı ilə cəmiyyət arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlandığı, 11.12.2020-ci il, 07.06.2021-ci il və 22.06.2021-ci il tarixlərində xidmət zamanı avtobusu zədələdiyindən 15.03.2021-ci il tarixdə 52,75 manat, 02.08.2021-ci il tarixdə 22,66 manat, 22.10.2021-ci il tarixdə 176,14 manat məbləğlərin əmək haqqından tutulması barədə əmr verildiyi məlum olmuşdur. Bildirirlər ki, 2020-ci və 2021-ci illərin müxtəlif ayları üzrə əmək haqqının hesablanıb ödənilməsində qanun pozuntusuna yol verildiyindən Cavabdeh MMc-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati icraata başlanılmışdır. Nəzərinə çatdırırlar ki, 2020-ci və 2021-ci illərin müxtəlif ayları üzrə əmək haqqının qanunvericiliyin tələblərinə uyğun ödənilməsinin təmin edilməsi ilə bağlı müəssisənin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan işə bərpa edilmək müəssisəyə müraciət etməsi tövsiyə olunur. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)-400/2022 saylı, 15.03.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhəri İdarəsinin 03.02.2022-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. İş üzrə “Elektron Məhkəmə Sistemi”nin portaldan çıxarışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1006/2022 saylı, 02.06.2022-ci il tarixli qərarına əsasən Səbail rayon rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İş üzrə Mediasiya Şurasının Bakı 6 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14.03.2022-ci il tarixli, MŞB/6-951 saylı arayışın surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi üzrə 14.03.2022-ci il tarixdə, 14.00-15.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Cavabdeh MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 16.11.2020-ci tarixdə Cavabdeh MMC-yə “Avtobus sürücüsü” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 22.12.2020-ci il tarixdə, 28.12.2020-ci il tarixdə, 04.01.2021-ci il tarixdə, 08.01.2021-ci il tarixdə, 14.01.2021-ci il tarixdə, 22.01.2021-ci il tarixdə, 01-03.06.2021-ci il tarixlərdə, 10.01.2021-ci il tarixdə, 21.06.2021-ci il tarixdə, 07.07.2021ci il tarixdə üzrlü səbəblər olmadan işə gəlməmişdir. 23.11.2021-ci il tarixdə əmək məzuniyyətinin bitməsinə baxmayaraq iddiaçı 24.11.2021-ci il tarixdən heç bir səbəb bildirmədən işə gəlməmişdir və işə gəlmədiyi günlərə aid cavabdeh təşkilata heç bir sənəd təqdim etməmişdir. Səbəbsiz işə gəlmədiyi üçün 06.12.2021-ci il tarixdə iddiaçıya xəbərdarlıq məktubu göndərilmişdir. 17.01.2022-ci il tarixədək iddiaçı ilə dəfələrlə əlaqə saxlanılıb Cavabdeh MMC-yə dəvət olunsa da, iddiaçı gəlməkdən imtina etmişdir. Cavabdeh MMC-nin 18.01.2022-ci il tarixli İRİŞ-069 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 19.01.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə 18.01.2022-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Onunla Cavabdeh MMC arasında bağlanmış müqavilədə əmək haqqı konkret olaraq 800 manat göstərilsə də, işlədiyi müddət ərzində əmək haqqından 750 manat pul kəsilmişdir. 19.10.2021-ci il tarixdən 01.11.2021-ci il tarixə qədər müəssisənin dispetçeri heç bir səbəb göstərmədən onu işə buraxılmamışdır və həmin 10 gün ərzində ona 360 manat ziyan dəymişdir. Bu səbəbdən iddiaçı əmrin qanunsuz hesab edilməklə ləğv edilməsini, işə bərpa olunmasını, işlədiyi müddətdə əmək haqqından kəsilmə nəticəsində yığılmış 750 manat, 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayının 17-nə qədər olan dövr üçün 1600 manat əmək haqqının 10 gün işə buraxılmaması ilə əlaqədar 360 manat ziyanın, ümumilikdə 2710 manat pulun hesablanıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan biri işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir. Qanunvericilik iki üzrlü hal müəyyən etmişdir: 1. işçinin özünün xəstə olması; 2. yaxın qohumlarının xəstə olması və ya ölməsi. Bütün bu hallar müvafiq olaraq işçi tərəfindən sübut olunmalıdır. Bu hallardan başqa qanunvericilik işçinin iş günü işə gəlməməsinin proqul sayılmağı digər üzrlü səbəblərini dəqiq şəkildə təsbit etməmişdir. Ona görə də işçinin bütün iş günü işə gəlməməsinin üzrlü olub-olmamasını işəgötürən, əmək münasibətləri zamanı isə bu mübahisəyə baxan orqan qiymətləndirir və müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 25.10.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək heç bir məsul şəxsə məlumat vermədən üzrsüz səbəbdən işə gəlməmişdir. Razılıq ərizəsinə əsasən 01.11.2021-ci il tarixdən 23.11.2021-ci il tarixədək əmək məzuniyyətinə göndərilmişdir. Lakin iddiaçı məzuniyyət müddət bitdikdən sonra işə başlamalı olduğu halda heç bir rəsmi sənəd təqdim etmədən səbəbsiz olaraq işə gəlməmişdir. İddiaçı ilə dəfələrlə əlaqə saxlanılsa da o, cavabdeh təşkilatın ünvanına gəlməkdən imtina etmişdir. Səbəbsiz işə gəlmədiyi üçün cavabdeh təşkilat tərəfindən 06.12.2021-ci il tarixdə iddiaçıya xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı işə çıxmaması səbəbi kimi bunun yaxın qohumunun vəfatı ilə əlaqədar oldugunu və bu barədə işəgötürənə məlumat verməsini göstərmişdir. Lakin məhkəmə iclasında iddiaçının Cavabdeh MMC-yə bununla əlaqədar hər hansı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı işə çıxmadığı üçün işəgötürən tərəfindən onun işə gəlməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, işə gəlməməyin səbəbləri ilə bağlı müəssisəyə məlumat verməmişdir. Yəni iddiaçı cavabdeh təşkilatın bu müraciətlərinə cavab verməyərək işə gəlməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi pozuntu - heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab olduğundan cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, 18.01.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı 18.01.2022-ci il tarixdən 22 gün keçdikdən sonra 09.02.2022-ci il tarixdə işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə mediasiya şunasına müraciət etmiş,14.03.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-951 saylı arayışı əldə etmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən sonra 8 gün ərzində müddətin ötürməməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, hətta ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-951 saylı arayışı 14.03.2022-ci il tarixdə qəbul etsə də, işə bərpa və əmək haqqının düzgün hesablanmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 12.05.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun 18.01.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə işlədiyi müddətdə əmək haqlarından kəsilmə nəticəsində yığılmış 750 manat və 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar aynın 17-nə qədər olan dövr üçün 1600 manat əmək haqqının 10 gün işə buraxılmaması ilə əlaqədar 360 manat ziyanın, ümumilikdə 2710 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək haqqı məbləği ödənilərkən işəgötürən tərəfindən müvafiq tutmalar (vergi, sosial və digər) həyata keçirilir. AR Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2500 manatadək 14% vergi tutulur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9.0.2-ci maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əmək haqqının 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci maddəsinə əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz sığortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz dərəcəsi ilə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olmaqla əmək haqqı məbləği 800 manat müəyyən edilməklə, müqavilədə işçinin gündə 8 saat, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi nəzərdə tutulmuş, əmək haqqı iddiaçıya işə daxil olduğu vaxtdan işdən azad olunduğu vaxtadək ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə əmək münasibətdə olduğu müddət ərzində işlədiyi aylarda müxtəlif sayda iş günlərində işə çıxmış və onun bir ay ərzində işə çıxdığı günlər nəzərə alınmaqla və yuxarıda qeyd edilən qanunvericilik tələblərinə əsasən tutmalar nəzərə alınmaqla əmək haqqı ödənilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin onunla bağlanan əmək müqaviləsində əmək haqqının 800 manat təşkil etməsi, lakin aylıq ödənişləri az olmaqla hesablanması, bununla da 750 manat məbləğində ödənilməmiş əmək haqqının olması hissəsi üzrə qeyd edir ki, məhkəmə iclasında yuxarıda qeyd edildiyi hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, aylıq əmək haqqından müvafiq ödənişlər çıxıldıqdan sonra iddiaçıya aylıq maaş düzgün olaraq hesablanıb verilməsi təsdiqini tapdığından, iddiaçının qeyd edilən hissədə tələbi əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericilik normaların tələbləri baxımından aylıq əmək haqqından həm DSMF, həm gəlir vergisi, həm HİK, DSMF İSH, Tibb sığortası ilə bağlı tutmalar həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh tərəfindən işçiyə ay ərzində işlədiyi günlər və saatlar nəzərə alınmaqla əmək haqqı ödənilmiş və qanuni əsaslarla müvafiq tutmalar həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya 2 ay müddətində ödənilməli olan 1600 manat məbləğində əmək haqqının verilməməsi səbəbindən həmin pulun cavabdehdən tutulmasına dair hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Təqdim olunan sənədlərdə işçinin həmin müddət ərzində işdə olmaması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, 10 gün işə buraxılmaması səbəbindən dəymiş ziyan kimi 360 manat hissədə də tələb əsassızdır. Belə ki, təqdim olunan sənədlər də işçinin işlədiyi müddət ərzində iş saatlarına uyğun əmək haqqı alması təsdiq olunur. Digər tərəfdən Əmək Müfəttişliyi tərəfindən işəgötürən AR İXM-nin 192.4-cü maddəsi (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntusuna yol verilməsinə görə) ilə inzibati məsuliyyətə cəlb edilsə də, həmin qərardan verilən şikayət birinci instansiya məhkməsi tərəfindən təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 02.06.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bu hal işəgötürənin əməlində AR İXM-nin 192.4-cü maddəsinin tərkibi olmasını istisna etmiş və işçiyə əmək haqqının düzgün hesablanaraq təsdiq etmişdir. Beləliklə məhkəmə iclasında iddia tələbinin pulun tutulması hissəsinin əsaslı olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin işdən çıxarılması barədə 18.01.2022-ci il tarixli İRİŞ-069 saylı əmrini ləğv edib Cavabdeh MMC-yə sürücü kimi işə bərpa olunması və işlədiyi müddətdə əmək haqlarından kəsilmə nəticəsində yığılmış 750 manat pulu və 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayının 17-nə qədər olan dövr üçün 1600 manat əmək haqqının 10 gün işə buraxılmaması ilə əlaqədar 360 manat ziyanın, ümumilikdə 2710 manat pulun ona hesablanıb verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar