Məhkəmə qərarları › İş №2(009)-1222/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1222/2025

11.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1222/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (direktoru) X1 iştirakları ilə, İddiaçı cavabdeh C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinə (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 3-cü şəxs qismində) qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinə (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 3-cü şəxs qismində) qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 nömrəli uşaq musiqi məktəbinin 26 mart 2025-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, 1997-ci il tarixdən C.Hacıyev adına 3 nömrəli onbirillik uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində çalışır. 27 il ümumi əmək stajı var. Bu illər ərzində tutduğu müəllimə vəzifəsinin məsuliyyətini dərk etmiş, işinə vicdanla yanaşmışdır. 2024-cü ilin sonu, 2025-ci ilin ilk ayında təhsil müəssisələrində müəllimlərin attestasiyadan keçiriləcəyinə dair məlumatlandırılma aparıldı. Həmin vaxtlarda nazirliyin rəhbər şəxsləri, konkret olaraq nazir müşaviri Cəsarət Valehov İTV kanalında qatıldığı proqramda altını cızaraq qeyd etmişdir ki, müəllimlərin peşəkarlıq bacarıqlarının dəyərləndirilməsində xoş məramlıdırlar. Attestasiyanın məqsədi müəllimlərlə bağlı dataların əldə edilməsi olacaq. Attestasiyaya cəlb edilmiş müəllimlər həmin şərtlər əsasında, rəhbər şəxsin sözlərinə etimad göstərməklə attestasiyada iştirak etmişdirlər. 28 fevral 2025-ci il tarixdə o da attestasiyaya cəlb edilmişdir. Həmin tarixli attestasiya vərəqəsində əsasən səsvermənin nəticəsi olaraq ona uyğun olmadığına dair qeyd aparılmışdır. 26 mart 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi barədə onlarda heç bir məlumat olmamışdır. 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı məxsus əmək kitabçasının və xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı C.Hacıyev adına 3 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı attestasiya vərəqəsinin surətindən görünür ki, keçirilmiş attestasiya nəticəsində onun tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı C.Hacıyev adına 3 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. C.Hacıyev adına 3 nömrəli Uşaq musiqi məktəbinin direktorunun əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, işdən azad olunması barədə əmrin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasınınartırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 70 “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 288 x bəndi İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. İddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən görüntü məhkəmə tərəfində sorğu ilə AR Mədəniyyət Nazirliyindən əldə edilmişdir. Belə ki, həmin video yazıdan görünür ki, iddiaçı sualları aşağıdakı şəkildə cavablamışdır: Sual: R.Şumanın fortepiano yaradıcılığı haqqında məlumat verin İddiaçı yalnız Şumanın rus bəstəkarı olduğunu bildirmiş, başqa heç bir məlumat verə bilməmişdir Sual: F.Şopenin fortepiano yaradıcılığı haqqında məlumat verin İddiaçı 32 valsı var deyə sualı yalnız cavablamış, başqa heç bir məlumat verə bilməmişdir Sual: F.Mendelsonun hansı silsiləsini uşaqlar ifa edirlər? Dəftlərin sayı neçədir? İddiaçı “Sözsüz mahnılar” cavabını vermi. Dəftərlərin sayını isə doğru cavablaya bilməmişdir Sual: V.Motsart hara bəstəkarıdır? İddiaçı bu suala cavab verə bilməmişdir Sual: Polifoniya nə deməkdir? İddiaçı bu suala dəqiq cavab verə bilməmişdir Sual: İ.S.Baxın neçə invensiyası var? Tonal quruluşu haqqında məlumat verin İddiaçı 15 ikisəsli, 15 üçsəsli cavabını vermiş, tonal quruluşu isə cavablaya bilməmişdir Sual: İ.S.Baxın “Anna Maqdalenanın not dəftəri” məcmuəsi haqqında məlumat verin İddiaçı geniş məlumat verə bilməmişdir Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə attestasiya komissiyasının rəyinə istinadən xitam verilməsinə baxmayaraq, işəgötürən tərəfindən bununla bağlı əmr verilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşdə olan ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 26 mart 2025-ci il tarixdən 31 mart 2025-ci il tarixə kimi işdən azad edilmişdir. Lakin cavabdeh 26 mart tarixində yəni ki iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməklə əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 26 mart 2025-ci il tarixli əmr məhz işəgötürənin işçini əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə işdən azad etməsi əsası ilə əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə 26 mart 2025-ci il tarixli əmr ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLIK EDƏN: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar