Məhkəmə qərarları › İş №2(009)-1224/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1224/2025

13.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1224/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi V.Ə.Əliyevin iştirakları ilə İddiaçı cavabdeh Səbail Bələdiyyəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail Bələdiyyəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Səbail Bələdiyyəsində Baş hüquq-məsləhətçisi vəzifəsində işləmişdir və əmək haqqısı 603 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “a” maddəsinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsini onun iradəsinə və qanuna zidd olaraq ləğv edilmişdir. Belə ki, cavabdeh ona bildirmişdir ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanunundakı dəyişikliyə əsasən Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bədəliyyəsinin ərazisini çıxmaqla) Səbail Bələdiyyəsinin daxilində birləşmişdir. Ona bildirmişlər ki, artıq bələdiyyələr birləşdiyinə görə cavabdeh əmək müqaviləsinə xitam verir. Halbuki Səbail bələdiyyəsi ləğv edilməyib, əksinə Bibiheybət bələdiyyəsi ləğv olunmuşdur. Ondan sonra o, SİMA ilə öz kabinetinə daxil olarkən görmüşdür ki, cavabdeh onun xəbəri olmadan xx.xx.2021-ci il tarixdən etibarən hər üç aydan bir əmək müqaviləsini qüvvədən salaraq yenidən imzalayırdı. Buna baxmayaraq bu əməliyyatlar barəsində onun heç vaxt xəbəri olmamışdır. Hesab edir ki, cavabdeh qanunsuz olaraq onu işdən çıxarmışdır. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. O, mübahisənin məhkəmədən kənar həlli üçün 12 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh onun məsələsinə baxmaq istəməmişdir. Beləliklə cavabdeh müəssisə ləğv olunmaya-olunmaya dəyişikliyi bəhanə edərək qanunsuz olaraq onun müqaviləsinə xitam vermişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun Səbail bələdiyyəsində Baş hüquq-məsləhətçisi vəzifəsinə işə bərpa olunması, xx.xx.2025-ci il tarixdən məcburi işburaxma dövrünə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və onu qanunsuz olaraq işdən azad etdikləri üçün ona 3000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsini Səbail rayon Bələdiyyəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Bələdiyyənin sədri qərəzli surətdə onu çıxartmışdır. İşə qəbul olunarkən Bələdiyyənin sədri ilə danışmış və müvafiq şərtlər daxilində işləyəcəyini bildirmişdir, işlədiyi müddətdə Bələdiyyənin gəlirinin kifayət qədər artırılmasına nail olmuşdur, problemli məsələləri həll etmiş və yoluna qoymuşdur. Lakin Bələdiyyə sədri danışılmış öhdəlikləri yerinə yetirməmiş və o, haqlı iradları bildirdikdə onun münasibətini korlanmış, Bələdiyyə sədri onu işdən çıxaracağını bildirmişdir. Bələdiyyə sədrinə müraciət edərkən ona bildirmişdir ki, Hüquq şöbəsi artıq yoxdur, halbuki yeni işçilər götürülüb və orada işləyirlər. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X3 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı müəssisə ləğv edildiyi üçün işdən azad edilmişdir. Belə ki, iki Bələdiyyənin birləşməsi ilə yeni Bələdiyyə yaradılmış, müəssisə yenidən təşkil olunduğu üçün işəgötürən mübahisələndirilən əmrin verilməsinə haqlı olmuşdur. Yeni təşkil olunmuş müəssisə yaradılan ştat vahidində işçi götürmək isə işəgötürənin müstəsna səlahiyyətidir. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə iddiaçının elektron kabinetinin çıxarışından görünür ki, baş hüquq-məsləhətçisi vəzifəsində işləyən iddiaçı ilə cavabdeh təşkilatı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xxxxxxx000709 nömrəli əmək müqaviləsinə müəssisə ləğv edildiyinə görə xitam verilmişdir (müqavilənin bitmə tarixi - xx.xx.2025-ci il, müqavilənin qüvvədə düşmə tarixi – xx.xx.2025-ci il). İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə X1 və beynəlxalq əlaqədar üzrə əməkdaşlıq şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixli 67 saylı əmri ilə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisənin ləğv olunması ilə əlaqədar işdən azad edilmiş və əmək miüqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00093 saylı arayışından görünür ki, İddiaçı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Səbail Bələdiyyəsinin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2025-ci il tarixi, İMS üçün müraciət tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı Hüquq və beynəlxalq əlaqədar üzrə əməkdaşlıq şöbəsinin Baş mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən Bibiheybət və Səbail Bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi yaradılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail Bələdiyyəsinin 67 saylı, xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən Səbail Bələdiyyəsinin Baş hüquq-məsləhətçisi İddiaçı müəssisənin ləğv olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Səbail Bələdiyyəsində Baş hüquq-məsləhətçisi vəzifəsində işləmişdir və əmək haqqısı 603 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “a” maddəsinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsini onun iradəsinə və qanuna zidd olaraq ləğv edilmişdir. Belə ki, cavabdeh ona bildirmişdir ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanunundakı dəyişikliyə əsasən Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bədəliyyəsinin ərazisini çıxmaqla) Səbail Bələdiyyəsinin daxilində birləşmişdir. Ona bildirmişlər ki, artıq bələdiyyələr birləşdiyinə görə cavabdeh əmək müqaviləsinə xitam verir. Halbuki Səbail bələdiyyəsi ləğv edilməyib, əksinə Bibiheybət bələdiyyəsi ləğv olunmuşdur. Ondan sonra o, SİMA ilə öz kabinetinə daxil olarkən görmüşdür ki, cavabdeh onun xəbəri olmadan xx.xx.2021-ci il tarixdən etibarən hər üç aydan bir əmək müqaviləsini qüvvədən salaraq yenidən imzalayırdı. Buna baxmayaraq bu əməliyyatlar barəsində onun heç vaxt xəbəri olmamışdır. O, mübahisənin məhkəmədən kənar həlli üçün 12 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh onun məsələsinə baxmaq istəməmişdir. Beləliklə cavabdeh müəssisə ləğv olunmaya-olunmaya dəyişikliyi bəhanə edərək qanunsuz olaraq onun müqaviləsinə xitam vermişdir. Bu səbəbdən iddiaçı onun Səbail bələdiyyəsində Baş hüquq-məsləhətçisi vəzifəsinə işə bərpa olunması, xx.xx.2025-ci il tarixdən məcburi işburaxma dövrünə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və onu qanunsuz olaraq işdən azad etdikləri üçün ona 3000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsini Səbail rayon Bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa (xx.xx.2024-cü il tarixli) əsasən Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hssəsinin 3-cü bəndini rəhbər tutaraq “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə Bakı şəhəri Səbail rayonu üzrə Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) yeni bələdiyyə - Səbail bələdiyyəsinin yaradılması (1.4.1-ci bənd) qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Bibiheybət və Səbail bələdiyyələrinin birləşməsi ilə yeni bələdiyyə yarandığından, bununla da birləşdirilmiş bələdiyyələr ləğv edildiyindən və yeni yaradılmış bələdiyyənin yeni strukturu müəyyən edildiyindən, birləşdirilmiş bələdiyyələrin mövcud ştatları isə ixtisar olunduğundan, iddiaçının işə bərpa olunması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Məhkəmə həmçinin qeyd edir ki, yeni yaradılmış Səbail Bələdiyyəsinin strukturunda mövcud olan vəzifələrə təyinat Bələdiyyənin rəhbərliyi ilə işçilər arasında bağlanılmış yeni əmək müqaviləsi ilə rəsmiləşdirilməli olduğundan, işəgötürən isə belə müqavilənin bağlanılmasında müstəsna səlahiyyətə malik olduğundan, həmçinin əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməz olduğundan, məhkəmə iddiaçının işəgötürənlə onun arasında əmək müqaviləsinin bağlanılmalı olması və onu işlə təmin olunması barədə qeyd etdiyi dəlillərini də əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbu edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr AR Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab edildiyindən, məcburi işburaxmaya görə əmək haqqının tutulması barədə tələb də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçının işdən azad olunması barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Səbail Bələdiyyəsinə qarşı onun Səbail Bələdiyyəsində Baş hüquqməsləhətçisi vəzifəsinə işə bərpa olunması, xx.xx.2025-ci il tarixdən məcburi işburaxma dövrünə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və onu qanunsuz olaraq işdən azad etdikləri üçün ona 3000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsini Səbail rayon Bələdiyyəsinin üzərinə qoyulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar