Məhkəmə qərarları › İş №2(009)-1226/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1226/2025

19.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1226/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-də işləməyi barədə əmək müqaviləsi bildirişinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən ləğv edilməsi və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılması, qətnamənin icrasının Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalıinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasları: o, 19 iyun 2020-ci ilədək "AYK AGRO GİDA TEKSTİL KUYUMCULUK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ"NİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİnda operator vəzifəsində işləmiş, heç bir zaman Cavabdeh MMC-də işləməmişdir. Lakin bu yaxınlarda o, işə düzəlmək istədikdə onun adında aktiv əmək müqaviləsinin olması ona bildirilmiş, yalnız bundan sonra o, Cavabdeh MMC-də onun adının işçi kimi gertməsini bilmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, bununla əlaqədar araşdırma aparmış, cavabdehi tapmaq istəmiş, lakin bu mümkün olmamışdır. Nəzərə çatdırır ki, Cavabdeh MMC fəaliyyətdə olan hüquqi şəxs olduğuna görə və əmək müqaviləsi bildirişinin ləğv edilməsi məhz Cavabdeh MMC-nin vəzifəsi olduğuna görə o, Cavabdeh MMC-yə qarşı əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Bildirmək istəyir ki, o, qeyd edilən mübahisənin həlli üçün ilk əvvəl mediasiyaya müraciət etmiş, lakin mübahisənin mediasiya ilə həlli mümkün olmamışdır. Ona görə də o, Cavabdeh MMC ilə onun arasında olan saxta əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Bundan əlavə Qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirildiyinə görə, belə hesab edir ki, əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə qətnamənin icrası da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tapşırılmalıdır. İşin hallarından da görünür ki, əmək müqaviləsi bildirişinin ləğv edilməsi Cavabdeh MMC tərəfindən həyata keçirilməli olsa da, qətnamənin icrası yalnız cavabdehin faktiki mövcud olubolmamasından asılı vəziyyətə salınmamalıdır. Yəni əgər rəsmi qaydada Cavabdeh MMC mövcud olduğu halda, faktiki olaraq mövcud olmazsa, bu zaman əmək müqaviləsi bildirişinin ləğv edilməsinin həmin Şirkətə tapşırılması ilə artıq qətnamənin icrası mümkünsüz olacaqdır. Əmək müqaviləsi bildirişi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosialk Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirildiyinə görə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin müdaxiləsi ilə həmin bildirişin ləğv edilməsi texniki cəhətdən mümkün olduğuna görə belə hesab edir ki, işin bu halı nəzərə alınaraq, məhkəmə tərəfindən qətnamənin icra qaydası müəyyən olunmalı, onun Cavabdeh MMC-də işləməyi barədə saxta əmək müqaviləsi bildirişi ləğv edilməli, qətnamənin icrası Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə tapşırılmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, heç bir zaman cavabdehin işçisi olmadığına, onların arasında hər hansı bir işçi-işəgötürən münasibəti yaranmadığına və aralarında olan hazırki mübahisə əmək qanunvericiliyi ilə nizamlanmalı mübahisə olmadığına görə o, bu mübahisənin həlli üçün ilkin olaraq mediasiyaya müraciət etməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətine ünvanladığınız müraciətlərə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Bundan əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız eyni məzmunlu müraciətə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və xx.xx.2024-cü il tarixli 3-17-5/2-E- 45731/2024 saylı məktubla cavablandırılmışdır. Bir daha bildiririk ki, müraciətinizlə əlaqədar izahatınızın alınması məqsədilə ünvanınıza (AZ1116, ünvan 2 3-17-5/2-E- 40075/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-17-5/2-E-71438/2024 saylı xx.xx.2024-cü il tarixli məktublar göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdunuz. Tərəfinizdən xx.xx.2024-cü il tarixində müvafiq izahat təqdim edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin ünvanına (AZ1073, ünvan 3 saylı xx.xx.2024-cü il tarixli məktubla (SS902197101AZ) müraciət olunaraq Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Müəssisənin ünvanına göndərilən məktub poçt xidməti tərəfindən geri qaytarılmışdır. Tərəfimizdən müəssisənin ünvanına yenidən 3-17-5/2-71437/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuşdur. Tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə tərəfimizdən baxış keçirilərkən sizinlə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsi qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X1 Xidmətinə həvalə edilməlidir. Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müracət etmək hüququnuz vardır. - “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı iş yeri Cavabdeh MMC-də yardımçı fəhlə, əmək haqqı 400 manat qeyd olunmuşdur. - İş materiallarına əlavə edilmiş vergi ödəyicisi barədə məlumatdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN:**********) passiv qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh MMC-də yardımçı fəhlə vəzifəsində heç vaxt işləmədiyini, bildiriş qüvvədə olduğundan başqa yerdə işə götürülə bilmədiyini bildirir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. -35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. - 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut nə DƏMX-də araşdırma zamanı Xidmətə, nə də ki, məhkəməyə araşdırması zmanı məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, müddətsiz əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməyə cəhd etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar