Məhkəmə qərarları › İş №2(009)-1227/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1227/2025

09.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1227/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Mirzəyeva Turanə Seymur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdeh X2 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 61 saylı ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 61 saylı ünvanında yerləşən evdə yaşayır. Cavabdeh heç bir qanuni əsas olmadan həmin evdə yaşayır. Cavabdehlə iddiaçının heç bir qohumluğu və tanışlığı yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi evdə yaşamır və heç vaxt da yaşamayıb. O, ona məxsus olan X12 küçəsi 61k saylı ünvanda yaşayır, həmin evi dəyərini ödəyərək əldə etmişdir və həm 61, həm də 61k saylı evin hərəsinin ayrı-ayrı giriş-çıxışı olmaqla bir-birlərinə aidiyyatları yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 149 saylı MKİS-in 25 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Səbail rayonu, X12 küçəsi özü tikmə 61k ünvanında məişət tullantılarının daşınma haqqını ödəmək üçün olan 644 nömrəli məlumat vərəqəsi xx.xx.2023-cü il tarixdən hal-hazıra qədər Cavabdeh adınadır. 149 saylı MKİS-in 15 iyul 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Səbail rayonu, X12 küçəsi özü tikmə 61 ünvanında qeydiyyatda olmaqla yaşayanlar İddiaçı, X4 və X3, qeydiyyatda olmaqla yaşamayanlar isə X8, X9 və X6r. 149 saylı MKİS-in xx.xx.2025-ci il tarixli arayışında qeyd edilir ki, Cavabdeh Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi ö/t evin 61k mənzilində qeydiyyatsız yaşayır. Kommunal xidmətləri haqqında 644 nömrəli məlumat vərəqinin surətindən görünür ki, ünvan 3 ünvanının məişət tullantılarının daşınma haqqını ödəmək haqqında vərəqə xx.xx.2023-cü il tarixdən Cavabdeh adınadır. 02 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsinə bildirmişdir ki, iddiaçı onun baldızıdır. Əri vəfat etdikdən sonra ünvanları müvafiq dövlət orqanı vasitəsilə ayırmış və öz yaşadığı ünvana 61k ünvanı almışdır. Həmin ünvanda yerləşən evi Cavabdeh satmışdır, lakın əmlakın çıxarışı olmadığından alqı-satqı müqaviləsi bağlaya bilməmişdirlər. Daha sonra kommunal abunəliklərini də cavabdehin adına keçirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, X12 küçəsi ö/t 61 ünvanında yerləşən ev özbaşına tikili olmaqla X1 məxsusdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin həmin ünvandan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin X12 küçəsi ö/t 61 ünvanında yerləşən evdən çıxarılmasını xahiş etsə də, cavabdehin həmin ünvanda yaşamağı məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, işdə olan sübutlardan da görünür ki, cavabdeh X12 küçəsi ö/t 61 ünvanında yerləşən evdə deyil, X12 küçəsi ö/t 61k ünvanında yerləşən evdə yaşayır. X12 küçəsi ö/t 61k ünvanında yerləşən evin həmin ünvanın 61 saylı ünvanında yerləşən ev ilə giriş-çıxışları ayrı olmaqla bir-birinə aidiyyatı müəyyən edilmir. İddiaçının X12 küçəsi ö/t 61 saylı ünvanda yerləşən evə sahiblik hüququ olduğu kimi cavabdehin də X12 küçəsi ö/t 61k saylı ünvanda yerləşən sahiblik hüququ mövcuddur. Bundan başqa iddiaçı cavabdehin ona məxsus X12 küçəsi ö/t 61 saylı ünvanda yerləşən evdə yaşamasını qeyd etsə də, məhkəmə araşdırılması zamanı cavabdehin həmin ünvanda yaşamadığı və sahiblik hüququ əsasında ona aid olan X12 küçəsi ö/t 61k saylı ünvanda yerləşən evdə yaşadığı müəyyən edilmişdir. Belə olan halda cavabdehin yaşamadığı evdən çıxarılması barədə iddia tələbi öz-özlüyündə əsassız olmaqla təmin edilə bilməz. AR Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 164.1-ci və 164.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşmalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfı üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Mübahisəli ev özbaşına tikili olsa da, tərəflərin əmlak (əşya) hüquqları istənilən şəxsin qanunsuz hərəkətlərindən müdafiə edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar