Məhkəmə qərarları › İş №2(009)-1229/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1229/2020

24.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1229/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSC-nin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli, 115/k nömrəli əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə cavabdehdən onun xeyrinə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxxx” QSC-də əmək müqaviləsi əsasında işə qəbul edilməklə, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində işə başlamışdır. Əmək fəaliyyətini yanacaq doldurma məntəqəsində operator kimi davam etdirmişdir. O, işlədiyi dövr ərzində verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Əmək fəaliyyəti zamanı ona hər hansı intizam tənbehi və ya xəbərdarlıq verilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə bir xanım müştəri məntəqəyə gəlmiş və “Aİ-95” premium markalı benzin sifariş etmişdir. İş saatının gərgin zamanı və sifarişlər çox olduğundan o, səhvən “Aİ-95” premium markalı benzin əvəzinə “Aİ-92” markalı benzin ilə deponu doldurmuşdur. Benzin deposu dolduqdan sonra deponu səhv benzinlə doldurduğunu görmüş və yerindəcə müştəriyə bu barədə məlumat vermişdir. Lakin müştəri etirazını bildirmiş və deponu “Aİ- 95” premium markalı benzinlə doldurulmasını tələb etmişdir. O, müştəridən üzr istəmiş və öz hesabına ona avtomobili yanacaq doldurma məntəqəsində yerləşən servisə aparmağı, deponu təmizlətməyi və sifariş verdiyi “Aİ-95” premium markalı benzinlə doldurmağı təklif etmişdir. Müştəri etiraz etmədən onun təklifini qəbul etmiş və iş bitdikdən sonra heç bir narazılığı olmadan yoluna davam etmişdir. xx.xx.2020-ci il tarixdə ona işdən çıxarılmağına dair xx.xx.2020-ci il tarixli 115/K nömrəli əmr təqdim olunmuşdur. Halbuki o, xx.xx.2020-ci il tarixədək işləmişdir. Buna baxmayaraq işlədiyi müddətə görə olan əmək haqqı ödənilməmişdir. Onun işdən çıxarılma haqqında əmrdə işdən çıxarılmağının səbəbini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozmağını göstərmişlər. Göründüyü kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halları konkret olaraq göstərilsə də, cavabdeh heç bir qanuni əsas (yəni maddi hüquq normasında sadalanan əsaslar) olmadan onu qanunsuz olaraq işdən azad etmişlər. Onun tərəfindən hər hansı təqsirli pozuntuya yol verilməmiş, hətta onun ehtiyatsızlığı qəsdən törədilmiş əməl kimi qəbul edilsə belə, bunun mülkiyyətçiyə hər hansı maddi zərər vurulmasından söhbət belə gedə bilməz. Qanunvericiliyin sözügedən imperativ tələblərinə baxmayaraq cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSC-nin onun işdən azad edilməyi barədə xx.xx.2020-ci il tarixli müvafiq əmrində qəsdin, səhlənkarlığın və ziyanın nədə ifadə olunduğu əsaslandırılmamışdır. İşəgötürən tərəfindən qanunsuz olaraq işdən azad olunma nəticəsində əksinə ona ziyan vurulmuş və nəticədə o, qazanc mənbəyini itirmiş, ailəsinə maddi dəstək verə bilməmiş, qazanc gətirə bilməmiş, habelə işdən azad olunma haqqında əmri xx.xx.2020-ci il tarixdə verilsə də, o, xx.xx.2020-ci il tarixədək işləmişdir. Hesab edir ki, onun işdən azad olunmağı tamamilə qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək əlavə olaraq bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxx” QSC-yə çağrılmış və işdən azad olunduğu bildirilmiş, xx.xx.2020-ci il tarixdə isə ona işdən azad olunması barədə əmr təqdim olunmuşdur. O, rayonda olduğundan işdən azad olunması barədə əmrdən vaxtında məhkəməyə şikayət verə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, buraxılmış müddətin üzürlü hesab edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxx” QSCnin 07 saylı yanacaqdoldurma məntəqəsində (YDM) operator vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixində müştərini aldatmaq məqsədilə onun avtomobilinə Aİ-95 markalı yanacağın əvəzinə Aİ-92 markalı yanacaq vurmuş və bununla müştərini narazı salmışdır. Nəticədə, İddiaçı əmək qanynvericiliyi, əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini və əmək funksiyasını yerinə yetirməmişdir. Baş verən hadisə ilə əlaqədar YDM-nin işçilərindən müvafiq izahatlar alınmış və rəhbərlik tərəfindən məsələ tam araşdırılmışdır. “xxxxxxxxxxxxxxxxx” QSC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.1 və 186.2-ci maddələrinin tələblərinə əsasən intizam tənbehlərindən birini tətbiq edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə müvafiq olaraq İddiaçı işdən azad edilməsinə tam hüququ vardır. İddiaçı işdən azad olunduqda Əmək Məcəlləsinin 80.1-ci maddəsinə müvafiq olaraq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” QSC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən “xxxxxxxxxxxxxxxxx” QSC-nin YDM-nin operatoru vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxx” QSC işçilərinin Həmkarlar ittifaqına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, həmkarlar ittifaqının üzvü olan 7 saylı YDM-nin operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna gorə xitam verilməsinə münasibət bildirilməsi və yazılı şəkildə əsaslandırılmış rəy göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” QSC işçilərinin Həmkarlar İttifaqının xx xxxxxx 2020-ci il tarixli 9 nömrəli protokoldan çıxarışın surətindən görünür ki, 19 saylı YDM-nin operatoru X5 və 7 saylı YDM-nin operatoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı məddəsinin «ç» bəndinə uyğun olaraq işdən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” QSC-nin xx xxxxxx 2020-ci il tarixli 115/k saylı əmrindən görünür ki, həmin əmrə əsasən 7 saylı YDM-nin operatoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı məddəsinin «ç» bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad olunması, 2019/2020-ci il iş ilin məzuniyyətindən istifadə etmədiyi 9 təqvim günü üçün ona pul əvəzinin ödənilməsi, həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək orta aylıq iş vaxtı norması 160 saat olduğuna görə, hesabat dövrü ərzində iş vaxtından artıq 7 saat görülən işə görə onun əmək haqqısının ödənilməsi əmr edilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxx” QSC-nin xx xxxxxx 2020-ci il tarixli 115/k saylı əmrinin surətini xx.xx.2020-ci il tarixdə imza edərək almışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli, xxxxxxx0005X0 nömrəli məlumatdan görünür ki, “xxxxxxxxxxxxxxxxx” QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan 7 saylı YDM-nin İİ dərəcəli operatoru X2 tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, 7-ci kalonkada yanacaq vurarkən 3-cü kalonkada bir xanım müştərinin maşından yerə düşdüyünü görüb ona yaxınlaşmış, o, operator İddiaçı xanımın niyə narazılıq etdiyini soruşmuş, İddiaçı isə cavabında müştərinin avtomaşınına İA-95 markalı yanacaq əvəzinə səhvən Aİ-92 markalı yanacaq vurduğunu bildirmişdir. O, da öz növbəsində bu barədə YDM-nin rəisinə məlumat verimişdir. İş materiallarında olan 7 saylı YDM-nin rəisi X6 tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, YDM-nin ofis otağında İİ növbənin hesabatını komputerdə işləyən zaman operator M.Allahyarov içəri daxil olmuş və bir qadın müştərinin narazılıq etdiyini bildirmiş, o, da səbəbini soruşduqda cavabında ona İddiaçı müştəirin avtomaşınına İA-95 markalı yanacaq əvəzinə səhvən Aİ-92 markalı yanacaq vurduğunu bildirmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razılaşmır, tərəfindən əmək vəzifələrinin pozulmasını qəbul etmir və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxx” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən o, “xxxxxxxxxxxxxxxxx” QSC-nin 7 saylı YDM-də operator vəzifəsinə qəbul edilmiş, 06.02.020-ci il tarixdə, saat 10 radələrində İddiaçı işdə olan zaman müştərinin avtomaşınına Aİ-95 markalı yanacaq əvəzinə Aİ-92 markalı yanacaq vurmuş, bununla da, 7 saylı YDM-nin operatoru İddiaçı müştərini narazı salmışdır. Bu hərəkətinə görə “xxxxxxxxxxxxxxxxx” QSC –nin xx xxxxxx 2020-ci il tarixli 115/k saylı əmri ilə Həmkarlar İttifaqının üzvü olan 7 saylı YDM-nin operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Həmkarlar İttifaqının razılığı alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı məddəsinin «ç» bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı “xxxxxxxxxxxxxxxxx” QSC-nin xx xxxxxx 2020-ci il tarixli 115/k saylı əmrinin surətini xx.xx.2020-ci il tarixdə imza edərək qəbul etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. - 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Əmək Müqaviləsinin 3.3-cü maddəsi və Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək öhdəliyini üzərinə götürməsinə baxmayaraq qeyd edilənlərə riayət etməmiş, işdə olan zaman müştərinin avtomaşınına Aİ-95 markalı yanacaq əvəzinə Aİ-92 markalı yanacaq vuraraq müştərinin narazılığına səbəb olmaqla əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi 7 saylı YDM-də əmək funksiyalarını kobud şəkildə pozması həmin vaxt növbədə olan 7 saylı YDM-nin İİ dərəcəli operatoru X2 və 7 saylı YDM-nin rəisi X3 izahatları ilə, həmçinin iş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” QSC işçilərinin Həmkarlar ittifaqının xx xxxxxx 2020-ci il tarixli 9 nömrəli protokolu ilə öz təsdiqini tapır. Məhkəmə, İddiaçı cavabdehlə arasında bağlanmış Əmək Müqaviləsinin 3.3-cü bəndinə əsasən, eləcə də Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasına baxmayaraq qeyd edilənlərə riayət etməməsini işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirir və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsinin işəgötürən tərəfindən qeyd edilən əsasla qanuna müvafiq olaraq ləğv edilə bilməsini nəzərə alaraq, əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin pozulmasının nəticəsi olaraq “xxxxxxxxxxxxxxxxx” QSC-nin xx xxxxxx 2020-ci il tarixli 115/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq, “xxxxxxxxxxxxxxxxx” QSC-nin Həmkarlar İttifaqının üzvü olan 7 saylı YDM-nin operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Həmkarlar İttifaqının da razılığı alınmaqla xitam verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə iddiaçının əmək müqaviləsinə xitam verildiyindən iddaçının iddia ərizəsində göstərdiyi dəlilləri qanuni və əsaslı olan əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 115/k saylı əmrin ləğvi üçün əsas ola bilməz. Məhkəmə həmçinin iddiaçının əmrin ləğv olunmasına dair iddia tələblərinə qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ilə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, həmin normanın 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 3-cü hissəsində isə qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin normanın 6-ci hissəsinə əsasən isə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxx” QSC-nin 7 saylı YDM-nin operatoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı məddəsinin «ç» bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad olunması barədə xx xxxxxx 2020-ci il tarixli 115/k saylı əmrinin surəti xx.xx.2020-ci il tarixdə İddiaçı rəsmi qaydada təqdim olunmuş və onun həmin tarixdə əmrdən məlumatı olmuşdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx xxx 2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan yəni xx.xx.2020-ci il tarixdən 3 aya yaxın vaxt keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da fərdi əmək mübahisəsinin həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 təqvim ayı - iddia müddətini ötürmüşdür. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdən 3 aya yaxın vaxt keçdikdən sonra müraciət etməsini Bakı şəhərindən kənarda olması ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbinin işə bərpa hissəsi (iddia müddəti tətbiq edilərək) rədd edildiyindən və iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsi də rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSCyə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdeh “xxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar