Məhkəmə qərarları › İş №2(009)-1229/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1229/2021

16.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1229/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı i Cavabdehlər E.F.Məmməlovanın və Cavabdeh2 ştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Sözügedən mənzili o, 19.02.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında satın almışdır. Hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh1 onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatındadırlar, lakin həmin ünvanda yaşamırlar. Hansı ki, bu onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Cavabdehlərin onun Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında qalması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququnun olması tamamilə əsassız və qeyri-qanunidir, bununla da onun hüquqlarını kobud surətdə pozurlar, onun mülkiyyət hüquqlarını məhdudlaşdırırlar.Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh 20.05.1987-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh2 iddiaçının Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, həmin evi satmaq istəyir və bu səbəbdən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 qızı göstərmişdir ki, 2016-cı ildə evi iddiaçıya satmışdır. Ev özbaşına tikilidir, şəxsi hesab vərəqəsi mövcuddur. Onlar məhkəmə qətnaməsi ilə həmin evə qeydiyyata düşmüşlər. Evi satdıqdan sonra o elə bilmişdir ki, artıq qeydiyyatdan çıxmışdır. Hazırda yaşadığı ev də özbaşına tikilidir, ora qeydiyyata düşə bilmədiyi üçün əvvəlki evdən qeydiyyatdan çıxa bilməmişdir. İddianı qəbul edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış və Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş 26.01.2016-cı il tarixli ilkin müqavilənin kserosurətindən görünür ki, müqavilənin predmeti olan daşınmaz əmlaka mahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məxsus olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyat alındıqdan sonra 5 il müddətinə başa çatdırılmalıdır. Satıcı Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini bu günə razılaşdıqları məbləğə, yəni 50.000 manat alıcı İddiaçı satmış, alıcı isə daşınmaz əmlakın razılaşdırılmış qiyməti olan 50.000 manatı notariat kontorunun depozit hesabına qoyaraq satıcı Cavabdeh1 ödəmişdir. İş üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li arayışına əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2 ünvanında yerləşən 22Z saylı evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2 ünvanında yerləşən 22Z saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2 ünvanında yerləşən ö/t 22Z saylı evə dair ilkin müqavilə bağlanılmış və həminm üqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 50000 manat məbləğində pul ödənilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ əsas müqavilənin bağlanacağı tarixdən əmələ gəlir. Satıcı tərəfindən ona məxsus olan daşınmaz əmlakı özəlləşdirərək daşınmaz əmlakın dövlət reyestrində vahid qeydiyyat alındıqdan sonra 5 il müddətinə başa çatdırılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2, ö/t 22Z saylı evi o, alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır və həmin evin mülkiyyətçisidir. Cavabdehlər ona məxsus evdə pasport qeydiyyatındadırlar və onların həmin evdə qeydiyyatları onun əmlak üzərinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu səbəbdən iddiaçı cavabdehlərin həmin evə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, daşınmaz əmlak o halda şəxsə mülkiyyət hüququ ilə məxsus ola bilər ki, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olsun. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ilkin müqavilə daşınmaz əmlakın alğı-satqı müqaviləsi hesab edilmir. AR Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Məhkəmə digər tərəfdən qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2, ö/t 22Z saylı yaşayış ev öz statusuna görə özbaşına tikili olduğu üçün, həmin ev alğı-satqının predmeti kimi çıxış edə bilməz. Bu səbəbdən özbaşına tikili olan evə dair bağlanılmış ilkin müqavilə həmin əmlak üzərində mülkiyyət hüququnun və ya mülkiyyət hüquququn hər hansı ünsürünün (tərkib hissəsinin) yaranması üçün əsas ola bilməz. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunun göstərilən tələblərindən göründüyü kimi daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalı və yalnız qeydiyyata alınmış hüquqlar mülkiyyətçiyə sonradan həmin əmlaka sərəncam vermək ixtiyarı verir. Əgər daşınmaz əmlak qanunun tələblərinə əsasən tikilməmişdirsə, bu halda həmin əmlak özbaşına tikili hesab edilir və həmin əmlak üzərində şəxsin hər hansı hüququ yaranmır. AR Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2 ünvanında yerləşən ö/t 22Z saylı ev hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, nə evin əvvəlki faktiki sahibi, nə də sonrakı faktiki sahibi həmin əmlak üzərində hər hansı hüquq əldə etməmişdir. Bu səbəbdən həmin əmlaka dair bağlanmış ilkin müqavilə ev üzərində iddiaçının hər hansı hüququnun yaranmasına əsas və səbəb ola bilməz. İddiaçının tələbinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehlərin həmin evə istifadə hüquqlarına o vaxt xitam verilə bilər ki, həmin hüquqlar yaranmış olsun. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli qərarında məhkəmə istifadə hüququnun məzmununu açıqlayaraq qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşan hüquqi mövqeyi əsas tutaraq qeyd edir ki, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2 ünvanında yerləşən özbaşına tikili 22Z saylı evdə yaşayış yeri üzrə qeydiyyatda olmaları onların həmin evə hər hansı istifadə hüquqlarının yaranmasına əsas deyil. Ona görə yaranmayan və ya mövcud olmayan hüquqlara xitam verilməsi hüquqi baxımdan mümkün olmadığı üçün, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Bununla belə məhkəmə izah edir ki, cavabedhlərin yaşayış yeri üzrə qeydiyyatı yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən ləğv edilə (şəxs qeydiyyatdan çıxarıla bilər) bilər. Beləliklə mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, cavabdehlərin həmin evə istifadə hüquqları yarana bilməz və belə olan halda cavabdehlərin mübahisəli evə hər hansı istifadə hüquqlarının olmasını müəyyən edilmədiyindən, həmin hüquqlara xitam verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Beləliklə cavabdehlərin mübahisəli evə istifadə hüquqlarının olmaması və yaranmaması müəyyən olunduğundan, məhkəmə hesab edir ki, onların istifadə hüquqlarına xitam verilməsinə dair iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 2 ünvanında yerləşən ö/t 22Z saylı evə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar