Məhkəmə qərarları › İş №2(009)-1235/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1235/2023

21.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1235/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 iyul 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və mənəvi zərər” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən indiyə qədər onun xəbəri olmadan işdən azad olunub sonradan işə bərpa etməsi arasında olan vaxtlarda bərpa olunmağı və həmin müddətin əmək stajına aid edilməsi, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunan vaxta qədər əmək haqqının və gecikdirilmiş hər gün üçün 1 faiz hesablanaraq ödənilməsi, istifadə olunmamış məzuniyyət günlərinin hesablanaraq əvəzinin ödənilməsi və 15,000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində müddətsiz olaraq "NRS AQRO”MMC-yə hüquqşünas kimi qəbul olunmuşdur. Müəssisə istilikxana fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixində müəsisəyə X6 və X1 qoymaqla gələn gəlir tam bərabər payda hər bir tərəfə 1/3 bölünməsi barədə "NRS AQRO”MMC ilə müqavilə bağladı. Müəsisə tərəfindən müqavilənin bağlanılması prosesində iddiaçı şəxsən iştirak etmişdir. Müəsisəyə sərmayə qoyan şəxslər pamidor,ciyələk,xiyar əkini əkməklə əldə olunan məhsulun daxili və xarici bazarlara ixrac etməklə gəir əldə etməli idi.Həmin məhsulun yetişdirilməsi ücün istilikxanaya istiliyin verilməsi mütləq şərtlərdən birincisi və əsası idi.Bu da həmin müddətdə mümkünsüz idi. Beləklə həmin vaxt müəsisənin Azəriqaz İB-nə 88000 manat borcu var idi. Təbii qazın istifadə oluna bilməməsi ücün istixanaya gələn qaz xətti möhürlənmişdir.Əkiləcək məhsuldan yüksək gəlir əldə olunması ücün istixanaya veriləcək qazın əkin əkiləndən mart ayına qədər bərpa oluna bilməsi prosedurunu həyata keçirə biləcəyi üçün ona 20000 manat məbləğində mükafat vəd verildi. Üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirərək qazın acılması və qazın Azəriqaz İB-yi tərəfindən bağlanılmasına məhkəmə tərəfindən qadağa qoyulması barədə qərardad çıxarılmasına nail oldu. Əvvəl qazın acılması mərhələsi həyata keçirildi,sonradan tam əmin oldular ki,məhsulun yetişdirilməsi ücün vacib olan təbii qazın bağlanılması məhkəmə qərardadına əsasən Azəriqaz İB-nə qadağan olunub. Ondan sonra əkini əkdilər.Öhdəliyə əsasən 20000 manat mükafat 2023cü ilin fevral ayının sonuna qədər verilməli idi. Mart ayının 5-nə qədər gözləməyini xahiş etdilər ki,bütöv şəkildə verərik.Lakin həmin vaxtdan sonra ona məlum oldu ki,havaların istiləşməsinə qədər gəlib çıxdıqları ücün ona yalan vəd verilib .Qeyd edir ki,həmin vaxt o ayrı ayrılıqda vətəndaşların mediasiya işləri və məhkəmə qətnamələrinin icrası ilə bağlı işlərin aparılmasından bu məsələyə görə imtina etmişdi. Hansı ki pul mübahisələri ilə bağlı icra işləri var idi ki,onlardan alacağı faiz məbləği 20000 manat məbləğdən cox olardı. 2023-cü il aprel ayının 27 si sənədlərini Hakilmliyə namizədliyi üçün Məhkəmə-hüquq şurasından aldığı ərizə anketə uyğun sənədləri toplayarkən əmək müqaviləsi bildirişini elektron formada çıxaranda ona məlum oldu ki,cavabdeh onun məlumatı olmadan əmək müqaviləsinə xitam verib.Xitam səbəbini də Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini göstərib. xx.xx.2023-cü il tarixdən də prosedura uyğun olaraq tərəfə təklif göndərmişdir. Əlavə olaraq ona həmin vaxt məlum oldu ki,cavabdeh onu dəfələrlə onun məlumatı olmadan işdən çıxarıb və yenidən işə bərpa edib-İşdən çıxarma səbəblərdən birincisində qeyd edib ki, İşci yaşa,əlilliyə görə təqaüdə çıxdıqda,təhsilini davam etdirmək ücün müvafiq təhsil müəssisəsinə daxil olduqda,yeni yaşayış yerinə köçdükdə,başqa işə götürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 2-ci müqaviləyə xitam səbəbi guya ki ,o, öz təşəbbüsü ilə ərizə yazaraq cıxmışdır. Hansı ki,o işdən azad olunmağı ilə bağlı ərizə yazmamışdır. Cavabdehin onu işdən azad etməyi ilə bağlı məlumatı elektron əmək müqaviləsi bildirişini əldə edərkən bilmişdir. Cavbdeh işdən azadolmalarla bağlı ona hec bir xəbərdarlıq etmədən və hec bir əmrin surətini təqdim etmədən həyata keçirib. İddia ərizəsinə əlavə etdiyi əmrləri 4 saylı dost mərkəzindən əldə etmişdir.Əmək kitabçası ona təqdim olunmayıb. Cavabdeh işdən azad etmələrlə bağlı onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirən ifadələri qeyd etməsi,bundan əlavə həmin vaxt hakimliyə namizədliyini verə biləcəyi, hətta hakim ola biləcəyi arzusunun gerçəkləşməsinə ciddi maneə törədməsində ona mənəvi zərər vurmuşdur .Bu vaxta qədər onun iştirakı ilə 150-yə yaxın məhkəmə qətnamələri qərardadları cıxarılıb. Təmsil etdiyi şəxsləri layiqincə təmsil etmişdir.Hec bir vətəndaşla hüquqi işinin həlliylə bağlı hec bir problemi olmayıb. Odur ki,cavabdehin onun işgüzar nüfuzuna xələl gətirici ifadələrlə iş karyerasına ləkə atmağı mənəvi zərər vurmağın sübutudur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, bunun üzlrü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə hüquqşünas vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə hüquqşünas vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi müddətsiz bağlanmışdır 29 iyul 2022-ci il tarixli 14 saylı əmrdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilmişdir. 19 aprel 2023-cü il tarixli 15 saylı əmrdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının işdən çıxarılma səbəbi cavabdehə məxsus sənədləri, möhürü oğurlaması və 14.000 manat pulu mənimsəməsidir. Hazırda iddiaçı barəsində Sabirabad RPŞ-də cinayət işi açılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh MMC-nin hüquqşünası vəzifəsinə işə götürülmüş, 29 iyul 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixli əmək Müqaviləsi ilə Cavabdeh MMC-nin hüquqşünası vəzifəsinə işə götürülmüş və sonuncu dəfə 19 aprel 2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin “29 iyul 2022-ci il tarixli 14 saylı əmrin ləğvi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, məhkəmənin 12 iyul 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, işəgötürən tərəfindən elektron portala işçinin Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə işdən azad edilməsi barədə əmr daxil edilərkən o anlama gəlir ki, təşəbbüskar işçi deyil, işəgötürən olmuşdur. Və bu zaman işəgötürən Əmək qanunvericiliyinin tələblərini gözləməklə bu proseduru həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əmrdən son zamanlarda məlumatlı olduğunu və onun işdən azad olunması ilə bağlı işəgötürənə heç bir müraciət etmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən işçinin öz xahişi ilə işdən azad edilməsi ilə bağlı ona müraciət etməsini təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. İşin faktiki hallarında və qanunun qeyd olunan normasının tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, işəgötürən tərəfindən işçinin Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsində əmək qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Bu səbəbdən cavabdehin 29 iyul 2022-ci il tarixli 14 saylı əmri ləğv edilməli və həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr işçinin əmək stajına əlavə edilməlidir. Məhkəmə iddia tələbinin “19 aprel 2023-cü il tarixli 15 saylı əmrin ləğvi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Həmin əmrdən görünür ki, işçi işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh etiraz ərizəsində qeyd edir ki, işçinin işdən çıxarılma səbəbi cavabdehə məxsus sənədləri, möhürü oğurlaması və 14.000 manat pulu mənimsəməsidir. İş materiallarında olan Sabirabad rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, X7 (MMC-nin rəhbəridir) xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı dələduzluq etməsini göstərməklə, sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin xüsusat üzrə Sabirabad RPŞnin Təhqiqat bölməsində araşdırma aparılmış, araşdırmanın davam etdirilməsi üçün material xx.xx.2023-cü il tarixdə RPŞ-nin İstintaq bölməsinə göndərilmiş, əməldə cinayət hadisəsi olmadığı üçün xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin hüquqlarına və mənafelərinə ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin təqsirli hərəkətləri nəticəsində əməyin mühafizəsi qaydasını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçinin yol verdiyi səhvin onun əmək müqaviləsinə xitam verilməsinə əsasə təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsində əmək qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Bu səbəbdən işəgötürən tərəfindən qəbul edilmiş 19 aprel 2023-cü il tarixli 15 nömrəli əmr ləğv edilməli və işçi işə bərpa edilməlidir. İddia tələbinin “xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunan vaxta qədər əmək haqqının və gecikdirilmiş hər gün üçün 1 faiz hesablanaraq ödənilməsi, istifadə olunmamış məzuniyyət günlərinin hesablanaraq əvəzinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələb bu hissədə əsassızdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə qeyd olunan normaya münasibətdə qeyd edir ki, qanunun tələbindən göründüyü kimi işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi əsası o zaman yaranır ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilsin və bu hal fərdi əmək mübahisəsi yaratmasın. Lakin hazırki işdə bu hal mövcud deyildir. Belə ki, işçiyə əmək haqqının ödənilməməsinin səbəbi onun işəgötürən tərəfindən işdən azad edilməsidir. Belə olan halda isə həmin müddətdə işəgötürən tərəfindən işçiyə əmək haqqı ödənilməməsi anlaşılandır. İşçi fərdi əmək mübahisəsi qaydasında məhkəməyə müraciət etikdən sonra məhkəmə qətnaməsi əsasında işə bərpa edilərsə, eyni zamanda buraxılmış məcburi iş günləri üçün ödəniş də işçiyə işəgötürən tərəfindən ödənilir. Bu səbəbdən məhkəmə hesab edir ki, belə olan halda hazirki işdə gecikdirilmiş əmək haqqının hər gün üçün 1 faiz hesablanaraq iddiaçıya ödənilməsi üçün heç bir əsas mövcud deyildir. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə cavabdehdən 15,000 manat pul vəsaitinin tutulması hissəsini də əsassız hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı Möhübət oğlu arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi barədə 29 iyul 2022-ci il tarixli əmr ləğv edilsin və həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr işçinin əmək stajına əlavə edilsin. Cavabdeh MMC ilə İddiaçı Möhübət oğlu arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 19 aprel 2023-cü il tarixli əmr ləğv edilsin və İddiaçı Möhübət oğlu əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı Möhübət oğluna məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. 50 manat mediasiya xərcinin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar