Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1254/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi Nümayəndə Şamil oğlunun iştirakı ilə İddiaçı (AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsi, Cavabdeh2 BOKT ASC və “xxxx” MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsi, Cavabdeh2 BOKT ASC və “xxxx” MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx” MMC tərəfindən keçirilmiş 25 may 2018-ci il tarixli hərracın və onun nəticəsi olaraq qəbul edilmiş 25.05.2018-ci il tarixli Y-741 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması və bu protokol əsasında cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 BOKT ASC-yə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsinə əsasən borc məbləği cəmi 26.763,45 ABŞ dolları müəyyən edilmiş, borcun ödənilməsi ipotekaya yönəlməklə mənzilin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə göndərilmiş, icra işi açılmışdır. Bunun əsasında İcra İdarəsi 28.02.2018-ci il tarixli 12K-83/8 saylı sifariş məktubu ilə cavabdeh xxxx” MMCyə müraciət etmiş və sonuncu mənzilin hərracdan satışını təşkil etmişdir. 16 mart 2018-ci il tarixdə Hərrac Mərkəzi 18 aprel 2018-ci il tarixə hərrac təyin etmişdir. Bu ərəfədə iddiaçı mənzilin qiymətləndirilməsini və ipoteka müqaviləsini müxtəlif məhkəmələrdə mübahisələndirmiş və bu məhkəmə baxışları zamanı Bakı şəhər Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həb qoyulmuş, Sumqayıt şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixlə qərardadı ilə isə mənzilin hərracdan satılmasına qadağa qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər 25 may 2018-ci il tarixdə iddiaçıya bu barədə məlumat vermədən hərrac keçirmiş və mənzili bank öz mülkiyyətinə qəbul etmiş və yekun protokolu imzalamışdır. Bu hərrac “İpoteka haqqında” Qanunun tələblərinə əməl edilmədən, AR MM-nin tələbləri pozulmaqla keçirilmiş, üzərində məhkəmə tərəfindən həbs qoyulmuş və bu həbs Reyestr xidmətində qeydiyyatdan keçmiş olduğu halda, mənzilin özgəninkiləşdirilməsi baş vermiş və mənzilə bankın adına yeni çıxarış verilmişdir ki, bütün bunlar yekun protokolun etibarsız hesab edilməsini və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Belə ki, məhkəmə mübahisəsi olduğu üçün Yasamal rayon məhkəməsinin qərardadı əsasında mənzilin üzərinə həbs qoyulmuş və həmin həbs hərrac dövründə qüvvədə olmuş və bu həbs yasamal rayon Məhkəməsinin qərardadına əsasən yalnız 14.10.2019-cu il tarixdə, hərrac keçiriləndən 1 il 7 ay sonra götürülmüşdür. Bu halda üzərində həbs olan mənzilin hərracdan satılması qanunsuz olmuşdur. Bundan başqa, hərracın 25 may 2018-ci ildə keçiriləcəyi barədə bildiriş iddiaçıya təqdim edilməmiş və bu hərrac ona məlumat verilmədən keçirilmişdir və bununla da hüquqları pozulmuşdur. Mübahisələndirilən hərrac “İpoteka haqqında” Qanunun tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməli, bunun əsasında verilmiş çıxarış isə ləğv olunmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə görə isə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdeh tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması tələb edildiyindən məhkəmə, mübahisəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh “xxxx” BOKT ASC-nin nümayəndəsi Nümayəndə Şamil oğlu iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, icra hərəkətləri və hərracın keçirilməsinə dair məlumatı olmamışdır. Ona məxsus girov predmetinin ondan gizli satıldığını iddia edir. İddiaçı öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamışdır. Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(060)-13933/2016 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə cəmi 27 193.73 ABŞ dolları borcun tutulması, tələbin İddiaçı məxsus ünvan 1 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. İddiaçı prosesual hüququndan istifadə edərək, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə əsas borc və faiz borcu hissəsində Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli 2(060)-13933/2016 saylı qətnaməsi dəyişdirilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli ilə kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyun olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi qətnamədə qeyd olunan daşınmaz əmlakın satışının təşkil edilməsi məqsədilə hərrac mərkəzinə şifariş vermişdir. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun 25.05.2018-ci il tarixli, Y-741 saylı protokola əsasən Cavabdeh2 BOKT ASC tərəfindən əldə edilmişdir. 25.05.2018-ci il tarixli, Y-741 saylı protokol əsasında “Cavabdeh2 BOKT ASC sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Halhazırda sözü gedən mənzil "Cavabdeh2” BOKT ASC-nin mülkiyyətindədir. İddiaçının məqsədi işi əsassız olaraq uzatmaqdır. O daha əvvəllər də "Cavabdeh2” BOKT ASC-yə qarşı “kredit müqaviləsinin etibarsızlığı” və ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair əsassız iddialar qaldırmış, iddiaçının iddia tələbləri təmin edilməmişdir. İddiaçı keçirilən hərracların vaxtı və yeri barəsində məlumatı olmuşdur. Belə ki, İddiaçı əri X1 Cavabdeh2 BOKT ASC-yə qarşı Cavabdeh2 BOKT ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilinəsi tələbinə dair iddia qaldırmışdır. X1 həmin iş üzrə məhkəmə prosesinin gedişatında iddianı təmin etmə tədbiri barədə ərizə vermiş və ərizəsində göstərmişdir ki, ipoteka predmeti olan əmlakın hərraca çıxarılma prosesi başlanmışdır. Qeyd olunanlar Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2(004)-2507/2018 saylı qərardadında öz əksini tapmışdır. Bundan başqa, 18.04.2018-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş 05.04.2018-ci il tarixində Alməmmədova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Hərracın keçirilmə vaxtı ilə bağlı, “Market” qəzetinin 30 mart-05 aprel 2018-ci il tarixli buraxılışında, 20-26 aprel 2018-ci il tarixli buraxılışında və 04-10 may 2018-ci il tarixli buraxılışında elanlar verilmişdir. F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında olan mövqeyə uyğun olaraq, qeyd edilməlidir ki, hərrac təşkilatının hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə bağlı vəzifəsi yoxdur. Məhz hərrac barədə məlumatların KİV vasitəsilə elan edilməsi eyni zamanda ipoteka qoyanın hərracda iştirakla bağlı məlumatlandırılması nəticəsinə gəlməyə imkan verir. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qəradadı ilə İddiaçı məxsus olan və ipoteka qoyulmuş əmlakın üzərinə həbs qoyulmuşdur. İddiaçı əmlak üzərindən həbs götürülmədən hərracın keçirilməsini qanunsuz hesab etmişdir. Bununla bağlı olaraq ilk növbədə əmlak üzərinə qoyulan həbsin anlayışına nəzər salmaq vacibdir. İcra haqqında Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərardadı ilə əmlak üzərinə həbs qoyulmuşdur. Əmlak üzərinə qoyulmuş həbs dedikdə isə İcra haqqında Qanunun 50.2-ci maddəsində qeyd olunan tədbirlər nəzərdə tutulur. Həmin tədbirlər sırasında isə əmlakın hərracdan satışının qadağan edilməsi qeyd olunmamışdır. Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qəradadı ilə də əmlak üzərinə həbs dedikdə əmlak üzrərində sərəncam vermək hüququnun qadağan olunması nəzərdə tutulmuşdur. Əmlak üzərində həbsin olduğu müddətdə də əmlak özgəninkiləşdirilməmiş, İddiaçı mülkiyyətində olmuşdur. Yalnız Yasamal rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qərardadı ilə əmlak üzərindən həbs götürüldükdən sonra ipoteka predmeti olan mənzil "Cavabdeh2” BOKT ASC-nin mülkiyyətinə keçmişdir. İddia ərizəsində məhkəmə qərarı əsasında əmlakın hərracdan satılmasının qadağan edilməsi göstərilmişdir. Ümumiyyətlə məhkəmə qərarı ilə əmlakın hərraca çıxarılmasının qadağan edilməsi mümkün deyildir. Çünki Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(060)-13933/2016 saylı qətnaməsi ilə İddiaçı məxsus ünvan 1 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən əmlakın açıq hərracda satılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarının icrası isə məcburidir. Digər tərəfdən, Sumqayıt şəhər Məhkəməsinin 23.05.2018-ci il tarixli, 2(060)- 5967/2018 saylı qərardadı ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 16/17A-da yerləşən 9 saylı mənzilin açıq hərracdan satılmasının dayandırılması qərara alınsa da, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin qərardad Hərrac Mərkəzinə yalnız 05.06.2018-ci il tarixdə, yəni əmlak 25.05.2018-ci il tarixli, Y-741 saylı protokola əsasən Cavabdeh2 BOKT ASC tərəfindən əldə edildikdən çox sonra göndərilmişdir ki, bu barədə sənədi məhkəməyə təqdim edir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “xxxx” MMC-nin nümayəndələri, 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(060)-13933/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə cəmi 27193.73 ABŞ dolları borcun tutulması, tələbin cavabdeh İddiaçı məxsus ünvan 1 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(105)-822/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(060)-13933/2016 saylı qətnaməsi əsas borc və faiz borcu hissəsində dəyişdirilməsi, cavabdeh İddiaçı cəmi 26763.45 ABŞ dolları borcun Cavabdeh2 BOKT ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, 25 may 2018-ci il tarixdə hərrac keçirilmiş, Sumqayıt şəhəri,19-cu məhəllə, ev 16/17A, mən.№9 (Yeni qaydalarla:AZ 5000, Sumqayıt şəh., Azərbaycan pr., 148, Mİ, mən.2) üvanın ilkin satış qiyməti 40000 manat, son qiyməti isə 25500 manat müəyyən edilmişdir. İş materiallarında olan Y-741 nömrəli «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Sumqayıt şəhəri,19-cu məhəllə, ev 16/17A, mən.№9 (Yeni qaydalarla:AZ 5000, Sumqayıt şəh., Azərbaycan pr., 148, Mİ, mən.2) mənzili ipotekasaxlayan Cavabdeh2BOKT ASC 25500 manata almışdır. İddiaçı hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etdiyindən, məhkəmə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və ləğvi ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 36-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci mad.). Qeyd olunan Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı və Cavabdeh2 BOKT ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının mənzilə dair hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbini əsaslı hesab etmir. İddiaçının mənzilinin hərracda satılmasına dair 25.05.2018-ci il tarixli Y-741 saylı Protokolun etibarsız hesab edilməsi” tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan birinci hərracın keçirilməsi 18.04.2018-ci il tarixə, ikinci hərracın keçirilməsi 23 may 2018-ci il tarixə təyin edilmiş və “Market” qəzetində müvafiq elanlar verilmişdir. Məhkəmə iclasında verilən izahatlardan və iş materiallarından aydın olur ki, mübahisəsi gedən mənzillə bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni 34000 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 23.05.2018-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Market” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-741 saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə İddiaçı xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Bu qənaətə gələrkən məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, hərracın keçirilməsi ilə əlaqədar «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı (AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsi, Cavabdeh2 BOKT ASC və “xxxx” MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1254/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1254/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver